04 mart 2023, 17:00

Təvəkkül Babayevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Sizi çox sevir, Sizinlə fəxr edirik. Nə yaxşı ki, varsınız. Sizin sayənizdə Azərbaycan dünyaya daha yaxından, daha yaxşı tanıdıldı, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə daha dolğun, daha düzgün təqdim olundu. Bu gün dünya Azərbaycan xalqını qalib xalq olaraq tanıyır. Ölkəmiz gündən-günə inkişaf edir, dirçəlir. Bütün bunlar bizim üçün başucalığıdır, fəxarətdir.

Əziz Prezidentimiz, mən kasıb ailədə dünyaya gəlmişəm. Kasıb olsam da, qəlbimdə hər zaman Vətən, xalq sevgisi olub. Elə bunun nəticəsidir ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. O dövrdə vahid komandanlıq olmadığından torpaqlarımız işğal olunmuşdu. Ancaq, bu gün qürurluyuq, Sizin – Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmişdir.

Bir neçə kəlmə də ölkəmizdə müharibə əlillərinə və veteranlarına olan münasibət barədə demək istəyirəm. Dövlətimizin qayğısı ilə əhatə olunmuşuq, hara gediriksə bizi xoş üzlə, səmimi qarşılayır, dərdimizə çarə olmağa çalışırlar. Şəxsən mənə yaşadığım rayonda çox kömək, dəstək göstərilmişdir. Əlbəttə ki, bu, ilk növbədə, Sizdən, Sizin tapşırıqlarınızdan qaynaqlanır.

Cənab Ali Baş Komandan, Qarabağ müharibəsinin bütün veteranları və əlilləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizə daim kömək olsun. Dualarımız hər zaman Sizinlədir.

Hörmətlə,

Təvəkkül Babayev

Birinci Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Astara rayonu, Pensər kəndi.