Qəribə Quliyeva və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyiniz altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərimiz gündən-günə inkişaf edir və gözəlləşir. Şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardürlar yenisi ilə əvəz olunur, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. M.Ə.Sabir adına park da yenidən qurulur. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunur, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilir. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunur, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunur, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulur, parkın istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, məhəccərlər təmir olunur, insanların istirahəti üçün hərtərəfli şərait yaradılır.
“Heydər Əliyev İli” çərçivəsində rayonumuzda keçirilən ağacəkmə kampaniyası zamanı yüzlərlə ağac əkilib. İndi Tərtər daha gözəl və füsunkar görünür.
Cənab Prezident, görülən bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzu edirik. Tərtər sakinləri hər zaman Sizinlədir.
Hörmətlə,
Quliyeva Qəribə
Musayev Orxan
İsmayılov Samir
Mürsəlov Faiq
Azərbaycan Respublikası, Tərtər şəhəri.