05 aprel 2023, 19:12

Nəriman Hacıyevdən, Abşeron, Azərbaycan

Cənab Prezident.

Mən şəhid atasıyam, vaxtilə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşəm və hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayıram.

Oğlum, mayor Ramid Hacıyev İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur. O, Sizin müvafiq sərəncamlarınıza əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Qarabağ" ordeni, həmçinin "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Oğlumun ölümündən sonra onun üç azyaşlı övladı qalmışdır. Dövlətimiz tərəfindən şəhid ailələrinə verilən bütün imtiyaz və güzəştlər mənə, oğlumun həyat yoldaşına və övladlarına şamil olunur.

Cənab Prezident, dövlətimiz diqqət və qayğısını bizdən əsirgəmir. Bu, Sizin məqsədyönlü fəaliyyətinizin nəticəsidir. Buna görə Sizə və Mehriban xanım Əliyevaya dərindən təşəkkür edir, yeni uğurlar arzulayıram.

Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi dünyasəviyyəli Liderimiz var. Sizin Ali Baş Komandanlığınızla rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün Azərbaycanımızın hər bır bölgəsi böyük tikinti meydançasını xatırladır. Xüsusən Qarabağda aparılan quruculuq işləri hamımızı ürəkdən sevindirir.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Hacıyev Nəriman Fərman oğlu, şəhid atası, Cəbrayıl rayon sakini.

Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.