Novruz Muradov və başqalarından, Beyləqan, Azərbaycan
Cənab Prezident.
Biz torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibələrdə fəal iştirak etmişik. Müharibə dövründə səhhətimizə dəymiş zərərlə əlaqədar vaxtaşırı müalicə kursları keçirik. Müalicə almaq məqsədilə Müharibə Veteranlarının Respublika Xəstəxanasına göndərilmişik. Xəstəxanada səmimi qəbul edilmişik və bizi narahat edən səbəblərin aradan qaldırılması üçün ciddi məşğul olurlar. Müalicənin müsbət nəticələrini artıq görməkdəyik və müalicə tam bitənə qədər problemlərin aradan qalxacağına inanırıq.
Xəstəxanada yaradılan şərait ürəyimizcədir. Tibb ocağı hər bir avadanlıqla, lazımi əşyalarla tam təmin olunmuşdur. Bu, Sizin səhiyyə sahəsinə, vətəndaşların, o cümlədən müharibə veteranlarının sağlamlığının qorunmasına göstərdiyiniz diqqətin nəticəsidir.
Cənab Prezident, biz veteranlara olan yüksək səviyyəli qayğıya görə şəxsən Sizə və Mehriban xanım Əliyevaya böyük minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Novruz Muradov, Birinci Qarabağ müharibəsinin iştirakçısı,
Habil Məmmədov, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı,
Afərim Məmmədova, İkinci Qarabağ müharibəsinin iştirakçısı.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Dünyamalılar kəndi.