Azərbaycan və Qazaxıstan prezidentlərinin mətbuat üçün bəyanatları

10 aprel 2023, 15:31

Prezident Kasım-Jomart Tokayevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.

Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.

Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Biz məmnunluqla qeyd etdik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik. Ölkələrimizin müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti, - söhbət bizim İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadan, ticari-iqtisadi missiyadan, İşgüzar Şuradan, ticarət evlərindən gedir, - iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir.

2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.

Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib.

Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifadə edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lideri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.

Biz iqtisadiyyatlarımızın yeni artım nöqtələri ola biləcək mütərəqqi investisiya layihələrinin reallaşdırılması üzərində ayrıca dayandıq. Sənaye, toxuculuq, aqrosənaye və tikinti sahələrində iri müştərək müəssisələrin açılması mümkündür. Biz iki ölkənin hökumətlərinə birgə həyata keçirilməsi üçün iri layihələrin müəyyən edilməsi barədə tapşırıq verdik. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensial var. Ötən ilin yekunlarına görə aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artıb və 146 milyon dollara bərabər olub. Beləliklə, bu gün bizim ümumi əmtəə dövriyyəmizin üçdəbir hissəsindən çoxu kənd təsərrüfatının payına düşür. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü daha da artırmağın vacibliyini qeyd etdik.

İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır. Biz bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq onun vaxtında icrasını təmin etmək barədə tapşırıq verdik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlarımız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin reallaşdırılmasına, habelə Qazaxıstandakı lT-startapların məkanlarından istifadə etməyə dəvət olunurlar.

Maliyyə sahəsində əməkdaşlıq üçün böyük təməl var. Bu gün Azərbaycan nümayəndə heyəti Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edəcək. Bu mərkəz maliyyə və müasir texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət üçün yaxşı platforma ola bilər.

Hörmətli xanımlar və cənablar.

Çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmləndirmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunması barədə razılıq əldə edilib. Ayrıca qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. “Qazaxıstan” telekanalı da Heydər Əliyev haqqında “Görkəmli həyat” adlı nadir sənədli film hazırlayıb. Film bu gün ölkəmizin milli televiziyasının efirində göstəriləcək. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.

İki ölkənin gəncləri arasında təmaslar da bizim humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Biz gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün tərəflərin atdığı addımları alqışladıq. Müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib.

Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqların daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bu gün müvafiq sazişlər imzalandı. Ona görə də danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib.

Bu gün beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Bu baxımdan qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır. Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır.

Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş olub. Azərbaycan Prezidentinin səfərinə görə ona bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq. Biz bu əməkdaşlığı konkret məzmunla, konkret razılaşmalarla zənginləşdirmək üçün nə mümkündürsə edəcəyik. Diqqətinizə görə sağ olun.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Əziz dostlar.

Mən, ilk növbədə, qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Qazaxıstanda özümü evdə olduğum kimi hiss edirəm, burada tez-tez oluram. İlk növbədə, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etmək və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzulamaq istərdim.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.

Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.

Kasım-Jomart Kemeleviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.

Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.

Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.

Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik.

Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik. Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var.

Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Biz həm də xüsusən ölkələrimizdən birinin üzv olmadığı təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.

Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.

Hörmətli Kasım-Jomart Kemeleviç, qonaqpərvərliyə, dəvətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi yenidən, Sizin üçün münasib vaxta Azərbaycana səfərə dəvət etmək istəyirəm.

Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Xalqlarımız arasında qardaşcasına qarşılıqlı münasibətlərlə bağlı sözlərinizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Qazax xalqı üçün də azərbaycanlılar qardaşdır. Bu barədə bu gün danışıqlar zamanı da demişəm, indi də deyirəm. Bu, sadəcə, bəlağətli sözlər deyil, hərçənd xüsusən belə tədbirlər zamanı hərdənbir bəlağətli sözlər də demək lazımdır. Bu sözlər, əslində, ölkələrimiz arasında əməkdaşlığın xarakterini əks etdirir. Ümidvaram ki, bütün bunlar daimi olacaq.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19