14 aprel 2023, 12:34

Cavanşir Paşazadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Zati-aliniz tərəfindən Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilməyimlə əməyimə verilən yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirməkdən böyük şərəf duyuram. Bu, 70 illik yubileyimdə ictimai-siyasi fəaliyyətimə verilən ən böyük dəyər və ali mükafatdır.

Sizin qüdrətli siyasi liderliyinizlə doğma Azərbaycanımız davamlı inkişaf edərək regionun lider dövlətinə, qlobal miqyasda söz sahibinə çevrilmişdir. Tarixi ədalətin bərpası - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsini təmin etdi. Sizin müzəffər siyasətiniz sayəsində bütün dünya bizi qalib dövlətin vətəndaşları, qalib xalq kimi tanıyır. Böyük Zəfərin memarı olaraq Siz bütün Azərbaycan xalqının əbədi qürur mənbəyisiniz.

Cənab Prezident, dünya səviyyəsində nüfuzlu dövlət başçımızla bütün Azərbaycan xalqı fəxr edir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin xidmətləriniz misilsizdir. Əsaslı inkişaf strategiyanızın nəticəsi olaraq Azərbaycanın iqtisadi uğurlarından hər bir ailəyə pay düşür. Respublikamızda sosial rifahın əhəmiyyətli dərəcədə yüksəlməsi əhali tərəfindən minnətdarlıqla qarşılanır. Deputat seçildiyim bölgənin vətəndaşları ilə görüşlərim zamanı onların hər biri Sizə səmimi təşəkkürlərini dönə-dönə qeyd edirlər.

Möhtərəm Prezident, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli fəaliyyətimə görə “Şərəf” ordeni ilə təltif edilməyimlə əlaqədar bir daha Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının mənə etimadını öz fəaliyyətimdə hər zaman layiqincə doğruldacağam. Şəxsim, mənsub olduğum Paşazadələr ailəsi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və tərəqqisi naminə siyasi kursunun və Zati-alinizin Azərbaycan uğrunda şanlı dövlətçilik yolunun sədaqətli əsgərləriyik. Bu yol Azərbaycana uğur və xoşbəxtlik gətirən yeganə yoldur.

Dərin hörmətlə,

Cavanşir Paşazadə, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.