01 may 2023, 15:22

Yusif Baqıyevdən, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Hər bir xalqın istiqlaliyyət və dövlətçilik tarixində xilaskar rolunu oynayan dahi insanlar, qətiyyətli və parlaq tarixi şəxsiyyətlər olmuş, həmin şəxslər mənsub olduqları xalqın xilaskarı funksiyasını öz üzərinə götürərək xalqı arxasınca aparmış, millətin və dövlətin taleyində silinməz izlər buraxaraq müdrik və görkəmli dövlət xadimi kimi tarixə düşmüşlər. Ulu Öndər Heydər Əliyev də müasir Azərbaycan Respublikasının tarixində parlaq və əbədi iz qoymuş böyük tarixi şəxsiyyət, müdrik dövlət xadimidir. O, müstəqilliyimizin əbədi və dönməz xarakter almasında, ölkəmizin dünya dövlətləri arasında öz layiqli yerini tutmasında mühüm rol oynamışdır. Sizin Sərəncamınızla 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması xalqımıza böyük sevinc bəxş etdi.

Müstəqil Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik prinsiplər əsasında formalaşaraq fəaliyyət göstərməsi Ulu Öndərin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları bu gün Sizin tərəfinizdən ardıcıl və məqsədyönlü şəkildə, uğurla davam etdirilməkdədir. Məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqların icrası bu gün də davam edir.

Cənab Prezident, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun təmin edilməsi istiqamətində görülən işləri, həyata keçirilən islahatları dəstəkləyirəm və əldə edilən nailiyyətlərə görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Baqıyev Yusif.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.