İlham Əliyevin müraciəti

10 may 2023, 10:50
İlham Əliyevin müraciəti

- Əziz bacılar və qardaşlar.

Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim Sərəncamımla “Heydər Əliyev İli” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.

Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.

İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik. Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.

Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır.

Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdılar.

Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı.

Bu tarixi çıxışdan sonra, - çünki Sovet İttifaqının dağılmasına hələ iki ilə yaxın bir vaxt var idi, heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı iki ildən sonra dağılacaq, yəni, bu bəyanat böyük cəsarət tələb edirdi, əsl vətənpərvərlik tələb edirdi, - təbii ki, bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qalması artıq mümkün deyildi. Bir neçə aydan sonra - 1990-cı ilin iyul ayında o, Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi onu da ona çox görmüşdür. Onun faktoru, güclü lider olması görünür ki, onları yaman narahat edirdi və faktiki olaraq, ona edilən təzyiqlər nəticəsində o, doğulduğu şəhərə - Naxçıvana getmiş və orada yaşamağa başlamışdır.

Naxçıvanın da ağır günləri davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər necə ki, Qarabağı ələ keçirməyi planlaşdırırdılarsa, eləcə də Naxçıvanı da ələ keçirməyi planlaşdırırdılar. Naxçıvanı işğal etmək onların planlarının tərkib hissəsi idi. Heydər Əliyev Naxçıvanı qorudu, işğaldan qorudu. Erməni düşmənlər yerinə otuzduruldu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşayırdı, əyilmədi, sınmadı, ayaqda qaldı.

Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti - həm kommunist, həm dırnaqarası demokrat hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı.

Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır.

Eyni zamanda, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Bu partiyanın – Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.

Azərbaycanın isə Qarabağ kimi problemi, əfsuslar olsun ki, öz həllini tapmırdı. Hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Torpaqlar əldən gedirdi, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir.

Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Ondan sonra faciələrimiz daha da artdı. Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı.

Məhz bu ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı, xalq Heydər Əliyevi tələb edirdi, ancaq Heydər Əliyevin simasında nicat yolu görürdü. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Çünki müstəqilliyimiz əldən gedirdi, torpaqlar əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr faktiki olaraq müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. Özbaşınalıq, quldurluq, xaos, anarxiya – 1993-cü ilin Azərbaycanı bax, budur. Yəqin ki, gənc nəsil indi bunu kitablardan öyrənə bilir. Amma biz - o dövrü yaşamış insanlar o günləri yaxşı xatırlayırıq və heç vaxt o günləri unutmamalıyıq.

Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Çünki bizim torpaqlarımız işğal altında idi, ancaq ovaxtkı hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində dünyada elə bir təsəvvür var idi ki, sanki Azərbaycan təcavüzkardır. Yəni, böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər.

Aydın idi ki, ölkənin gələcəyi yalnız xarici sərmayə hesabına mümkün ola bilər. Çünki xəzinə boş idi, inflyasiya min faizlərlə ölçülürdü, sənaye iflic vəziyyətdə idi, hətta neft-qaz sənayesi də faktiki olaraq iflic vəziyyətdə idi. Belə bir vəziyyətdə xarici investorları ölkəyə gətirmək, onları inandırmaq böyük siyasi məharət tələb edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır, bunu da biz kontrakt imzalayarkən şərt kimi qoymuşduq. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da bizə böyük əlavə üstünlük verir.

Əlbəttə ki, daxili və xarici düşmənlər - onlar da başa düşürdülər ki, Azərbaycan artıq inkişaf yoluna qədəm qoyub. Onlar öz çirkin əməllərindən əl çəkmək fikrində deyildilər. “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Yenə də Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərmişdir və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular. Vəziyyət təzə-təzə sabitləşirdi, 1995-ci ilin mart ayında ikinci dövlət çevrilişinə cəhd. Artıq digər qanaddan gələn zərbə yenə də gənc dövlətimizi sarsıtdı. Yenə də xalq Ulu Öndərin ətrafında birləşərək o cəhdə də imkan vermədi. 1996-cı ildə sabitliyi pozmaq üçün əlavə cəhdlər göstərildi, onların da heç bir nəticəsi olmadı və yalnız ondan sonra ölkəmizdə, sözün əsl mənasında, sabitlik yaranmışdır. O vaxtdan bu günə qədər biz sabitliyi qoruyuruq.

Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Ona görə hər kəs bunu Azərbaycanın timsalında əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlərin qorunmasında onun çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur. Məhz onun təşəbbüsü ilə 1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər.

Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir.

Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız məhdud idi, orduya lazımi qədər vəsaitin ayrılması mümkün deyildi. Çünki ölkə qarşısında duran problemlər çox ciddi idi və bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı, ağır vəziyyətdə yaşayırdı. Neft Fonduna yığılan birinci vəsait yenə də Heydər Əliyevin təşəbbüsü ilə məhz keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirildi. Birinci qaçqın şəhərciyi məhz o vəsaitlə inşa edilmişdir. Vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır.

Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib. Xatırlatmaq istəyirəm, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair çox böyük və mötəbər beynəlxalq konfrans keçirilmişdi. Məhz o illərdə bu gün “Orta Dəhliz” dediyimiz layihənin bünövrəsi qoyuldu – Avropa-Qafqaz-Asiya. Yəni, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi o illərdə şərtləndirildi. Halbuki bəziləri bunu istəmirdilər. Əfsuslar olsun, bu gün də elələri var ki, Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları gözlərində qalacaq.

Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır. Bütün bu işlərin təməli o illərdə qoyulub. Mən bütün bu layihələrin iştirakçısı kimi bunu çox yaxşı bilirəm. O vaxt Azərbaycanın neft-qaz potensialı ilə bağlı bir çox uydurmalar, bir çox şayiələr gəzirdi, hələ bu gün də var. Amma həyat onu göstərir ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb.

Yəni, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq.

Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq.

Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayırlar. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu da dünyada bir nümunədir və bunu təkcə mən yox, bir çoxları, yəni, bu məsələ ilə yaxından məşğul olan ekspertlər, siyasətçilər, dövlət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri qeyd edirlər. Bu unikal ab-hava bu gün ölkəmizi gücləndirir. Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, “Qurani-Kərim” yandırılır və buna da biganə yanaşırlar. Yəni, mən bu sözləri söyləməklə bir daha demək istəyirəm ki, bizdə mövcud olan ab-hava unikaldır. Bu, bizim həyat tərzimizdir və eyni zamanda, bu, bizim siyasətimizdir, bu, bizim gücümüzdür. Bu gün belədir, bundan sonra da belə olacaq. Ancaq belə olan halda, biz bundan sonra da rahat yaşaya bilərik, öz gələcəyimizi özümüz qura bilərik.

Ölkəmizin beynəlxalq nüfuzu, görün, nə qədər yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq.

Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.

İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.

Bununla paralel olaraq, son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. İndi isə onlar üçün biz, bax, Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Laçında, Xocavənddə, Hadrutda, Ağalıda, Talışda, Suqovuşanda evlər inşa edirik və inşa edəcəyik. Mən qeyd etdiyim kimi, son günləri Qarabağda və Zəngəzurda keçirmişəm, bizim siyasətimizin, qəbul edilmiş qərarların təzahürləri artıq hər yerdə görünür. Bu, böyük xoşbəxtlikdir.

Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq biz keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. Qeyd etdiyim kimi, 10 kəndin bünövrəsi, bax, bu son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.

Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Burada həm kadr potensialı məsələləri, eyni zamanda, bizim investisiyalarımız, sərmayələrimiz - biz indi kosmik dövlətə çevrildik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.

Ulu Öndərin yolu ilə gedərək istənilən sahədə inkişafdan, uğurlardan bəhs etmək olar. Əlbəttə ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk.

Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!

Əlbəttə, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk. İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik.

Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə üçün? Çünki biz daim hazır olmalıyıq.

Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir.

İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi.

Qeyd etdiyim kimi, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.

Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq.

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.

Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34