03 iyun 2023, 11:46

Azad Qaraqoyunlu kəndinin uşaqlarından, Tərtər, Azərbaycan

Əziz İlham babamız!

Biz Sizi çox sevirik və kəndimizin bütün uşaqları adından Sizə təşəkkür bildiririk. Çünki Siz bizim üçün yeni məktəb tikdirirsiniz.

Kəndimizdəki məktəbi ermənilərin atdığı top mərmisi dağıtmışdı. Təhsil almaq üçün uzun yol qət edib başqa məktəbə gedirdik. Kəndimizin bütün uşaqlarının arzusu idi ki, bizim də yeni və yaraşıqlı məktəbimiz olsun. Siz bizim arzumuzu həyata keçirdiniz. Çox sağ olun.

Yeni tədris ilində artıq məktəbimiz hazır olacaq və biz öz məktəbimizə qayıdacağıq. Atamız deyir ki, məktəbdə 320 şagird təhsil alacaq. Mən və bacım Tunay söz veririk ki, yaxşı oxuyacaq, kəndimizdə doğulmuş və Azərbaycanın tanınmış simalarından olan Behbud xan Cavanşir kimi savadlı və vətənpərvər olacağıq.

Kiçik bacımız Səma hələ balaca olsa da, o da gələcəkdə yeni, müasir məktəbdə oxuyacaq. Kənddəki dostlarımız da yeni məktəbə görə çox sevinirlər, Sizə və Mehriban xanıma çox sağ olun deyirlər.

Çox saq olun, İlham baba, nə yaxşı ki, varsınız.

Bütün uşaqlar Sizi çox sevir və istəyir ki, həmişə bizim Prezidentimiz olasınız.

Hörmətlə,

Turan, Tunay və Səma Umudovlar.

Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.