Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 678; 2019, № 1, maddə 79) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsdən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.
2. 6.1-ci bəndə “birlikdə” sözündən sonra “(bu Fərmanın 3-1-ci hissəsinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2023-cü il