“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

14 iyun 2023, 15:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044, № 12 (I kitab), maddə 2188; 2018, № 7 (I kitab), maddə 1443; 2019, № 12, maddə 1902; 2020, № 7, maddə 845; 2021, № 5, maddə 430, № 7, maddə 711; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 815-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddə üzrə:

1.1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2. Məhkəmə-Hüquq Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunur:

6.2.1. hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;

6.2.2. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

6.2.3. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiya məhkəmələrinin üç hakimi;

6.2.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;

6.2.5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;

6.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;

6.2.7. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;

6.2.8. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;

6.2.9. hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.”;

1.2. 6.3-cü və 6.5-ci maddələr ləğv edilsin;

1.3. 6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.4. Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.”.

2. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Hakimlərin konfransı

6-1.1. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 – 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərinin seçilməsi üçün keçirilir.

6-1.2. Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

6-1.2.1. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

6-1.2.2. hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

6-1.2.3. hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

6-1.2.4. hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

6-1.3. Hakimlərin konfransı bu Qanunun 6-1.2-ci maddəsində nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

6-1.4. Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının bu Qanunun 6.2.1 – 6.2.3-cü və 6.2.9-cu maddələrində göstərilən üzvlərini açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçir.”.

3. 14-cü maddə üzrə:

3.1. 14.1-ci maddədən “əsasən hakimlərdən, öz aparatının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və prokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimdən ibarət olmaqla” sözləri çıxarılsın;

3.2. 14.1.2-ci maddəyə “apellyasiya” sözündən sonra “instansiyası” sözü əlavə edilsin və həmin maddədə “üç” sözü “dörd” sözü ilə əvəz edilsin;

3.3. 14.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“14.1.3. Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi;”;

3.4. 14.1.6-cı maddə ləğv edilsin;

3.5. 14.3-cü maddədə “vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin” sözləri “vəzifəsinə namizədlərin” sözləri ilə əvəz edilsin.

4. 17.3-cü maddədən “Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və” sözləri çıxarılsın.

5. 26-cı maddə üzrə:

5.1. 26.1-ci maddənin birinci cümləsində “onun tərkibindən Şura” sözləri “Məhkəmə-Hüquq Şurasının hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası” sözləri ilə əvəz edilsin;

5.2. 26.3-cü maddənin birinci cümləsində “Şura üzvləri öz sıralarından Şuraya” sözləri “Məhkəmə-Hüquq Şurasının üzvləri onun hakim üzvləri sırasından” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07