“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

07 iyul 2023, 16:17

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə 201, № 6, maddə 1005; 2020, № 7, maddə 857; 2021, № 5, maddə 429; 2022, № 7, maddə 698; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. aşağıdakı məzmunda 1.1.2-1-ci və 1.1.2-2-ci maddələr əlavə edilsin:

“1.1.2-1. yoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır:

1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti;

1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi;

1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər;

1.1.2-2. yaxın qohum – ər-arvad, valideynlər, uşaqlar, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər, övladlığa götürülənlər;”;

1.2. 1.1.5-ci maddədə “risk qiymətləndirilməsi” sözləri “risklərin idarə olunması” sözləri ilə əvəz edilsin;

1.3. 1.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.8. risklərin idarə olunması sistemi – sahibkarın risk qrupunun müəyyən edilməsi və dəyişdirilməsi, riskin azaldılması, yol verilən (və ya qəbul edilən) risk səviyyəsinin təmin edilməsi məqsədilə yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsi üzrə fəaliyyətin planlaşdırılması və təşkili ilə əlaqədar həyata keçirilən və bu Qanunun 9-1.1-ci maddəsində göstərilən tədbirlərin məcmusu;”.

2. 2.2-ci maddəyə “3.2-ci,” sözlərindən sonra “6-1-ci, 6-2.4-cü,” sözləri əlavə edilsin və həmin maddədə “7.5 – 7.10-cu” sözləri “7.6-cı, 7.7-ci” sözləri ilə əvəz edilsin.

3. 4.2.12-ci, 11.2-ci, 15.1-ci maddələrdə və 3-cü fəslin adında “risk qiymətləndirilməsi” sözləri “risklərin idarə olunması” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 1-1-ci fəsil əlavə edilsin:

“1-1-ci fəsil

YOXLAYICININ VƏ SAHİBKARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 4-1. Yoxlayıcının hüquqları

4-1.1. Yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları vardır:

4-1.1.1. yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq;

4-1.1.2. yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək;

4-1.1.3. yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq;

4-1.1.4. yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq.

4-1.2. Yoxlayıcı bu Qanunun 4-1.1-ci maddəsində göstərilən hüquqlardan yalnız səlahiyyəti çərçivəsində və müvafiq yoxlama suallarına uyğun istifadə etməlidir.

Maddə 4-2. Yoxlayıcının vəzifələri

4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır:

4-2.1.1. yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək;

4-2.1.2. sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək;

4-2.1.3. yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara (onun səlahiyyətli nümayəndəsinə) təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək;

4-2.1.4. yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq;

4-2.1.5. bu Qanunun 6-cı fəslində müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək;

4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq;

4-2.1.7. yoxlamanın həyata keçirilməsi prosesində tanış olduğu məlumatlar (sənədlər) barəsində bu Qanunun 7.7-ci maddəsinin tələblərinə riayət etmək;

4-2.1.8. yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək;

4-2.1.9. yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək;

4-2.1.10. müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək;

4-2.1.11. yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək.

4-2.2. Yoxlama zamanı yoxlayıcıya aşağıdakıları etmək qadağandır:

4-2.2.1. səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq;

4-2.2.2. qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq;

4-2.2.3. bu Qanunun 6-cı fəslində göstərilən hallar istisna olmaqla, sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;

4-2.2.4. sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.

Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları

4-3.1. Yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları vardır:

4-3.1.1. aşağıdakı hallarda yoxlayıcının yoxlama aparmasına icazə verməmək:

4-3.1.1.1. yoxlama bu Qanunun 10-cu maddəsində müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda;

4-3.1.1.2. yoxlamanın aparılması ilə əlaqədar bu Qanunun 18-ci maddəsində müəyyən edilən müddətlər pozulduqda;

4-3.1.1.3. bu Qanunun 4-3.1.2-ci maddəsində müəyyən edilən məlumatlar (sənədlər) yoxlayıcı tərəfindən təqdim edilmədikdə;

4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək;

4-3.1.3. yoxlayıcı orqanların (yoxlayıcıların) qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək;

4-3.1.4. sübut və izahatlar təqdim etmək;

4-3.1.5. yazılı izahatlar vermək, yoxlamaya aid olan hər hansı bir sənədin və ya onun surətinin yoxlama aktına əlavə olunmasını, həmçinin yoxlama zamanı baş verən, sahibkarın və ya yoxlayıcının hüquq və ya vəzifələrinə təsir edə biləcək faktlar barədə qeydlərin yoxlama aktına daxil edilməsini tələb etmək;

4-3.1.6. yoxlama zamanı tərtib olunmuş yoxlama aktı və digər sənədlərlə tanış olmaq;

4-3.1.7. bildirişlərin və yoxlama ilə əlaqədar məlumatların (sənədlərin) göndərilməsi üçün elektron poçt və ya digər poçt ünvanını yoxlayıcıya bildirmək;

4-3.1.8. yoxlayıcının fəaliyyətinə maneə yaratmamaqla, yoxlama prosesinin foto, audio və video çəkilişini aparmaq və bu məqsədlə digər şəxsləri yoxlama prosesinə cəlb etmək;

4-3.1.9. öz hüquq və mənafelərini qorumaq məqsədilə üçüncü şəxsləri yoxlama prosesinə cəlb etmək;

4-3.1.10. yoxlama obyektinə aid olmayan, həmçinin yoxlamanın aparılması haqqında qərarda qeyd olunan yoxlama dövrünə aid olmayan məlumatları (sənədləri) yoxlayıcıya təqdim etməmək;

4-3.1.11. yoxlayıcının qanunsuz tələblərini icra etməmək.

Maddə 4-4. Yoxlama zamanı sahibkarın vəzifələri

4-4.1. Yoxlama zamanı sahibkarın vəzifələri aşağıdakılardır:

4-4.1.1. yoxlama suallarına aid olan və yoxlamanın icrası üçün yoxlayıcılar tərəfindən bu Qanuna uyğun olaraq tələb olunan məlumatları (sənədləri) təqdim etmək;

4-4.1.2. iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq;

4-4.1.3. yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək;

4-4.1.4. bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq;

4-4.1.5. kommersiya, vergi və qanunla qorunan digər sirlərin qorunması məqsədilə qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və (və ya) elektron daşıyıcıda yoxlayıcıya təqdim etmək, habelə yoxlayıcıya yoxlama obyektinə dair məlumat olan informasiya sisteminə çıxış əldə etmək imkanı yaratmaq.”.

5. Aşağıdakı məzmunda 6-1-ci və 6-2-ci maddələr əlavə edilsin:

Maddə 6-1. Etik davranış qaydaları və maraqlar toqquşmasının

qarşısının alınması

6-1.1. Dövlət qulluqçuları olan yoxlayıcılar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməlidirlər. Həmin Qanunun etik davranış qaydalarına dair tələbləri dövlət qulluqçusu olmayan yoxlayıcılara da şamil olunur.

6-1.2. Yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:

6-1.2.1. yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;

6-1.2.2. yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda;

6-1.2.3. yoxlanılan sahibkarın son 5 (beş) il ərzində işçisi olduqda və ya həmin sahibkarla mülki hüquqi müqavilələr əsasında əməkdaşlıq etdikdə.

6-1.3. Bu Qanunun 6-1.2-ci maddəsində göstərilən hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilərək yeni yoxlayıcı təyin edilir və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

6-1.4. Yoxlayıcı maddi və sair nemətlər, imtiyazlar və ya güzəşt qarşılığında rəsmi və ya qeyri-rəsmi qaydada, yoxlanılan sahibkara ödənişli məsləhət xidmətləri göstərə bilməz.

Maddə 6-2. Yoxlayıcı orqanın (yoxlayıcıların) fəaliyyətinin

qiymətləndirilməsi

6-2.1. Yoxlayıcı orqanlar fəaliyyətlərinin qiymətləndirilməsi barədə hesabatlar hazırlamalıdırlar. Bu hesabatlar növbəti ilin fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmalıdır.

6-2.2. Qiymətləndirmə üçün yoxlayıcının bu Qanunun 4-2-ci maddəsində göstərilən vəzifələrinin icra vəziyyəti təhlil olunur. Bu məqsədlə toplanmış məlumatlar etibarlı, obyektiv və dəqiq olmalıdır.

6-2.3. Yoxlayıcı orqanının fəaliyyətinin qiymətləndirilməsi meyarları azı aşağıdakıları əhatə etməlidir:

6-2.3.1. yoxlayıcı orqanın nəzarət fəaliyyətinin icrası ilə bağlı məlumatlar;

6-2.3.2. yoxlama obyektləri üzrə sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilmə vəziyyəti ilə bağlı məlumatlar;

6-2.3.3. müəyyən olunmuş nəzarət sahəsində risk səviyyəsinin tədricən azalması ilə bağlı hədəflərə nail olmaqla əlaqədar məlumatlar;

6-2.3.4. yoxlama prosesində sahibkarın hüquqlarının pozulması və ya əsassız surətdə məhdudlaşdırılması ilə bağlı müraciətlərin təhlili.

6-2.4. Yoxlamaların dövriliyi, yoxlama zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmır.

6-2.5. Yoxlayıcı orqan fəaliyyətinin qiymətləndirilməsi üçün aşağıdakıları müəyyən edir və bu Qanunun 6-2.1-ci maddəsində nəzərdə tutulan hesabatına əlavə edir:

6-2.5.1. yoxlayıcı orqanın illik və uzunmüddətli məqsədlərini;

6-2.5.2. yoxlayıcı orqanın fəaliyyətini və məqsədlərə nail olma dərəcəsini qiymətləndirmək üçün meyarları.”.

6. 7-ci maddə üzrə:

6.1. 7.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.”;

6.2. 7.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.5. Hər bir yoxlayıcı orqan illik təlim planı qəbul etməlidir. Planda əhatə olunacaq mövzular, ayrılmış resurslar, təlim keçəcək işçilər və qiymətləndirmə metodu öz əksini tapmalıdır. Təlim planları üzrə yoxlayıcıların aşağıdakı sahələr (istiqamətlər) üzrə səriştələrinin artırılması təmin edilməlidir:

7.5.1. müvafiq yoxlama sahəsi üzrə peşə biliyi;

7.5.2. risklərin idarə olunması;

7.5.3. məcburi tələblərə riayət edilməsinin təşviqi, eləcə də sahibkarlar və ictimaiyyətlə ünsiyyət;

7.5.4. yoxlamanın nəticələrinə uyğun olaraq görülən tədbirlər.”;

6.3. aşağıdakı məzmunda 7.5-1-ci maddə əlavə edilsin:

“7.5-1. Yoxlayıcının peşəkarlıq səviyyəsinin müvafiq peşə və kvalifikasiya standartlarına uyğunluğu bu Qanunun 7.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla yoxlayıcı orqan tərəfindən təlimlər vasitəsilə təmin edilməlidir.”;

6.4. 7.8 – 7.10-cu maddələr ləğv edilsin.

7. 8-ci maddə üzrə:

7.1. 8-ci maddənin adına “Sahibkarlara” sözündən sonra “izahatların və” sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda 8.5-1-ci maddə əlavə edilsin:

“8.5-1. Yoxlayıcı orqan göstərdiyi metodiki köməkliyə, verdiyi izahat və məsləhətlərə görə məsuliyyət daşıyır və bu xidmətlərin keyfiyyətini ölçmək və təkmilləşdirmək üçün tədbirlər görür.”;

7.3. 8.6-cı maddəyə “izahatlara” sözündən sonra “, məsləhətlərə” sözü əlavə edilsin;

7.4. 8.7-ci maddəyə “izahatlar” sözündən sonra “, məsləhətlər” sözü, “izahatın” sözündən sonra isə “, məsləhətin” sözü əlavə edilsin.

8. Aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilsin:

“Maddə 9-1. Risklərin idarə olunması sistemi

9-1.1. Risklərin idarə olunması sisteminə aşağıdakılar daxildir:

9-1.1.1. risklərin müəyyənləşdirilməsi – risklərin və onların mənbələrinin aşkar edilməsi, o cümlədən risklərin reallaşması və potensial zərərin vurulması ehtimalının müəyyənləşdirilməsi;

9-1.1.2. risklərin təhlili – risklərin zərərlə nəticələnməsi ehtimalını artıran mexanizm və amillərin araşdırılması;

9-1.1.3. risklərin qiymətləndirilməsi:

9-1.1.3.1. risklərin artmasına gətirib çıxaran səbəb və amillərin müəyyən edilməsi;

9-1.1.3.2. ölkə üzrə nəzarət fəaliyyətinin təsnifatlaşdırılması məqsədilə risklərin ümumi səviyyəsinin ölçülməsi;

9-1.1.3.3. yaratdığı risk səviyyəsi əsasında nəzarət olunan yoxlama obyektlərinin təsnifatı üçün meyarların hazırlanması;

9-1.1.3.4. risk qrupları əsasında sahibkarlar üzərində nəzarət dərəcəsinin prioritetləşdirilməsi;

9-1.1.4. risklərin idarə olunması – riskin təhlili və qiymətləndirilməsi əsasında tədbirlərin tətbiqi;

9-1.1.5. tədbirlərin görülməsi - yoxlama obyektlərinin məcburi tələblərə uyğun gəlməsi və risk yaratmaması üçün yoxlayıcı orqan tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsi.”.

9. 9.3-cü maddəyə “meyarları” sözündən sonra “nəzarət sahəsi,” sözləri əlavə edilsin.

10. 12-ci maddə üzrə:

10.1. 12.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 12.1.6-cı maddə əlavə edilsin:

“12.1.6. yoxlayıcı orqanın nəzarət sahəsinə aid olan risk və insan həyatı və sağlamlığının, ətraf mühitə, dövlətin əmlak maraqlarının təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi haqqında.”;

10.2. aşağıdakı məzmunda 12.1-1-ci maddə əlavə edilsin:

“12.1-1. Yoxlayıcı orqan öz nəzarət sahəsinə aid məsələlərlə bağlı sahibkarlara məsləhət və izahat verilməsini təmin etməlidir. Yoxlayıcı orqanlar məcburi tələblərə riayət edilməsinin təşviqi üzrə cari ilin noyabrın 1-dək növbəti il üçün keçirilməsi nəzərdə tutulan tədbirlərdən ibarət illik planı hazırlamalı və özlərinin rəsmi internet səhifələrində cari ilin dekabrın 1-dən gec olmayaraq yerləşdirməlidirlər.”;

10.3. 12.2-ci maddəyə “12.1.1-12.1.4-cü” sözlərindən sonra “və 12.1.6-cı” sözləri əlavə edilsin.

11. Aşağıdakı məzmunda 13.5 – 13.7-ci maddələr əlavə edilsin:

“13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır.

13.6. Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

13.7. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.”.

12. 15-ci maddə üzrə:

12.1. 15.2.2-ci maddəyə “tutulan” sözündən sonra “yoxlama obyekti və müvafiq” sözləri əlavə edilsin;

12.2. 15.2.4-cü maddədə “sahibkarın təsərrüfat obyektinin ünvanı” sözləri “yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.

13. 16.7.1-ci maddədən “müraciət edən şəxsin əqli sağlamlığı,” sözləri çıxarılsın.

14. 17-ci maddə üzrə:

14.1. 17.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“17.2.4. yoxlanılması nəzərdə tutulan yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.);”;

14.2. 17.3-cü maddənin birinci cümləsinə “göndərilir” sözündən sonra “və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır” sözləri əlavə edilsin.

15. 18.5-ci, 20.3-cü, 22.4.11-ci, 22.6-cı, 31.2.11-ci maddələrə ismin müvafiq hallarında “sahibkar” sözündən sonra ismin müvafiq hallarında “və ya onun səlahiyyətli nümayəndəsi” sözləri əlavə edilsin.

16. 19-cu maddə üzrə:

16.1. 19.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“19.3. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır.”;

16.2. 19.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü–altıncı cümlələr əlavə edilsin:

“Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.”;

16.3. 19.5-ci maddəyə “siyahısına” sözündən sonra “müvafiq qeydlərin daxil edilməsinə səlahiyyətləndirilmiş” sözləri əlavə edilsin və həmin maddədən “(yoxlamanın rəhbəri)” sözləri çıxarılsın;

16.4. 19.7-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Yoxlayıcı orqan yoxlama suallarının hazırlanması və onun qiymətləndirilməsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər.”.

17. 20.1-ci maddəyə “vəsiqəsini” sözündən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.

18. 25.3-cü maddəyə “göndərir” sözündən əvvəl “və (və ya) elektron formada” sözləri əlavə edilsin.

19. 26-cı maddə üzrə:

19.1. 26.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunur.”;

19.2. 26.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“26.3. Götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.”.

20. 27.2-ci maddəyə “məhsul nümunələrinin” sözlərindən sonra “ilkin” sözü əlavə edilsin.

21. 28.9.2-ci maddədə “sahibkarın (onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.

22. 29.2-ci maddənin birinci cümləsinə “ərzində” sözündən sonra “mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda” sözləri əlavə edilsin.

23. 31.2.5-ci və 33.4.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“31.2.5. yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.);”;

“33.4.2. yoxlayıcı orqanın adı, yoxlanılan sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.);”.

24. 34-cü maddə üzrə:

24.1. 34.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanına” sözləri “yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

24.2. 34.4-cü maddəyə “təqdim” sözündən əvvəl “elektron formada” sözləri əlavə edilsin;

24.3. aşağıdakı məzmunda 34.6-cı maddə əlavə edilsin:

“34.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqana münasibətdə bu Qanunun 34.1-ci maddəsinə uyğun olaraq şikayətə baxdığı zaman bu Qanunla müəyyən edilmiş tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, bu Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07