11 iyul 2023, 13:30

Telli Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Telejurnalistika sahəsində uzun illik fəaliyyətimi yüksək qiymətləndirdiyiniz və məni “Prezident təqaüdü”nə layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu, təkcə mənim yox, 40 ildən bir az da çox müddətdə bərabər çalışdığım, çoxlu sayda veriliş, reportaj, müsahibə, film materialının hazırlanıb efirə verilməsində əməyi olan həmkarlarımın zəhmətinə verdiyiniz qiymət, mətbu orqanlarında dərc olunan məqalələrimə, çap olunan bədii yaradıcılıq nümunələrimə göstərdiyiniz diqqət və qayğının təcəssümüdür.

Mən ölkəmi, dövlətimi sevən bir media nümayəndəsi, telejurnalist kimi həmişə qaynar nöqtələrdə, yüksək məsuliyyət, bilik və xüsusi yanaşma tələb edən rəsmi qəbul və siyasi əhəmiyyətli tədbirlərdə dövlətimizin yeritdiyi siyasəti geniş tamaşaçı auditoriyasına çatdırmağımla qürur duymuşam.

Çox sevdiyim, ölkəmizin xilası missiyasının məsuliyyətini çiyinlərinə götürən, ağır və kritik məqamlarda bütün problemin ən optimal həllini tapan dahi Heydər Əliyevlə apardığım müsahibələrdən sonra bəzi trolların hücum və hədəsinə məruz qalsam da, heç vaxt geri çəkilməmişəm, əksinə, dünyaşöhrətli bu əziz insandan eşitdiyim təşəkkür mənə bütün neqativ yaşantıların ağrısını unutdurub.

Bu gün Siz, əziz Prezidentim, unudulmaz Liderimiz Heydər Əliyev irsinin layiqli varisi və onun siyasi kursunun yorulmaz davamçısı, qalib sərkərdə, mahir diplomat, ölkəmizin üzləşdiyi ən mürəkkəb daxili və xarici problemləri müdrikcəsinə həll edən, dünya liderlərinin sırasında yeri, sözü və imzası olan bir Rəhbərsiz!

Allah Sizə uzun ömür, bütün problemləri həll etmək üçün möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə, güc, qüvvət versin!

Təkcə Azərbaycanımızın deyil, bütün Türk dünyasını birləşdirəcək Böyük Turan ideyasının gerçəkləşməsinə çalışan liderlərdən biri kimi Sizə uğurlar arzulayır və bir daha diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyeva Telli Pənah qızı, telejurnalist.

Azərbaycan Respublikası, Bakı şəhəri.