Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

12 iyul 2023, 14:36

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (I kitab), maddə 1424; 2021, № 4, maddə 308, № 6 (I kitab), maddə 541, № 7, maddə 711, № 8, maddə 894; 2022, № 1, maddə 11, № 6, maddə 580, № 8, maddə 828; 2023, № 1, maddə 19, № 2, maddələr 192, 207, № 3, maddə 334) aşağıdakı dəyişikliklər edilsin:

1. 51.6-cı maddənin birinci cümləsində “şəxslər və digər vətəndaşlar” sözləri “və digər şəxslər” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 68.4-1-ci maddə əlavə edilsin:

“68.4-1. Bu Məcəllənin 116-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilər.”.

3. 71.2-ci maddədən “himayədar valideynlərin və ya” sözləri çıxarılsın.

4. 72-ci maddə üzrə:

4.1. 72.1-ci maddənin birinci cümləsinə “təhlükədə olduqda” sözlərindən sonra “(bu Məcəllənin 116-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

4.2. 72.2-ci maddə üzrə:

4.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Uşağı götürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal prokurora və uşağın yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.”;

4.2.2. ikinci cümlədə “Həmin orqan” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

5. 114.2-ci maddədə “116.1-ci” sözləri “116-cı” sözləri ilə əvəz edilsin və həmin maddədən “(övladlığa vermə istisna olmaqla)” sözləri çıxarılsın.

6. 115-ci maddə üzrə:

6.1. 115.2-ci maddə ləğv edilsin;

6.2. 115.7-ci maddədə “115.2–115.4-cü” sözləri “115.1-ci, 115.3-cü və 115.4-cü” sözləri ilə əvəz edilsin.

7. 116-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 116. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi

116.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 114.1-ci maddəsində qeyd olunan uşaqlar barədə məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin qiymətləndirilməni həyata keçirir.

116.2. İlkin qiymətləndirmə nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı qərarlardan birini qəbul edir:

116.2.1. uşağın ailəsinin olmamasını və ya ailədə qalmasının qeyri-mümkünlüyünü müəyyən etdikdə, onun bu Məcəllənin 116.6–116.8-ci maddələrinə uyğun olaraq yerləşdirilməsi barədə;

116.2.2. uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 (on dörd) iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planının tərtibi barədə.

116.3. Ailə inkişaf planında uşağın valideyn himayəsindən məhrum olmasının səbəbləri, onların əhəmiyyətlilik dərəcəsi üzrə bölgüsü, bu səbəblərin aradan qaldırılması üsulları, ailə üçün zəruri hüquqi, sosial, tibbi, tibbi-psixoloji və məişət dəstək tədbirləri qeyd edilir.

116.4. Ailə inkişaf planının tərtibi və icrası müddətində uşağın öz ailəsində qalması onun həyatı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmədikdə və ya uşağın valideynləri ailə inkişaf planında nəzərdə tutulan tədbirlərin icrasından imtina etdikdə və yaxud uşağı tərbiyə etməkdən boyun qaçırdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ailə inkişaf planının icrasının dayandırılması və uşağın bu Məcəllənin 116.5–116.7-ci maddələrinə uyğun olaraq yerləşdirilməsi barədə qərar qəbul edə bilər.

116.5. Uşağın valideynləri olmadıqda və ya valideynlərinə qaytarılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilk növbədə onun qəyyumluğa (himayəyə) verilməsi imkanlarının araşdırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal sorğu göndərir.

116.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.5-ci maddəsində qeyd olunan sorğu daxil olduqdan sonra 10 (on) iş günü müddətində araşdırma apararaq, uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olub-olmaması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

116.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.6-cı maddəsinə əsasən uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olmadığı barədə məlumatı aldıqdan sonra 10 (on) iş günü müddətində uşağın himayədar ailəyə və ya övladlığa verilməsi, bu mümkün olmadıqda isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edir.

116.8. Bu Məcəllənin 114.1-ci maddəsində qeyd olunan uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Uşaq yerləşdirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 116.1-ci maddəsinə uyğun olaraq uşaqla bağlı ilkin qiymətləndirməni aparır.

116.9. Uşağın yerləşdirilməsi zamanı onun fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanları və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınmalıdır.

116.10. Valideyn himayəsindən məhrum olmuş uşaqlar bu Məcəllənin 116.5–116.7-ci maddələrinə uyğun olaraq yerləşdirilənədək onlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.”.

8. Aşağıdakı məzmunda 116-1-ci və 118.16-1-ci maddələr əlavə edilsin:

“Maddə 116-1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilmiş uşaqlarla işin aparılması

116-1.1. Bu Məcəllənin 116.7-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın fərdi, təhsil, sosial-mədəni inkişafını təmin etmək və ailə tərbiyəsinə verilməsinin mümkünlüyünü müəyyənləşdirmək məqsədilə yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınmaqla uşaqla bağlı fərdi inkişaf planı tərtib edir.

116-1.2. Fərdi inkişaf planının tərtibi zamanı 7 yaşına çatmış uşağın fikri nəzərə alınır, eləcə də valideyni və ya qohumları varsa, fərdi inkişaf planının tərtibində onların iştirakı təmin edilir.

116-1.3. Uşağın yerləşdiyi müəssisənin rəhbəri fərdi inkişaf planının hazırlanmasında və icrasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kömək göstərməlidir.

116-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planının icrası nəticəsində uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının mümkünlüyünü müəyyənləşdirdikdə ailə inkişaf planı tərtib edir və onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə uşaq ailəyə qaytarıldıqdan sonra 1 (bir) il ərzində rübdə azı bir dəfə olmaqla ailədə monitorinq aparır.

116-1.5. Bu Məcəllənin 116-1.4-cü maddəsinə uyğun olaraq uşağın ailəyə qaytarılmasından sonra aparılan monitorinq nəticəsində uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağı ailədən alıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq təcili yerləşdirir və bu barədə prokurora məlumat verir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın yerləşdirilməsindən sonra 10 (on) iş günü müddətində məhkəməyə valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər.”;

“118.16-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.3–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.”.

9. 119-cu maddə üzrə:

9.1. 119.1-ci maddədə “elektron informasiya sistemində “e-sosial” internet portalı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” sözləri ilə əvəz edilsin;

9.2. 119.2.8-ci maddəyə “əvvəllər” sözündən sonra “qəyyum (himayəçi), himayədar valideyn və ya” sözləri əlavə edilsin;

9.3. 119.6-cı maddədə “119.2.1–119.2.2-ci maddələrində” sözləri “119.2.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.

10. 120.2-ci maddəyə “Övladlığa götürməyə,” sözlərindən sonra “himayədar ailə olmağa,” sözləri əlavə edilsin.

11. 136.1-ci maddədə “valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi)” sözləri “bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 138-1-ci maddə əlavə edilsin:

“Maddə 138-1. Himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq və himayə

Himayədar ailəyə verilmiş uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.”.

13. 142-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 142. Himayədar ailənin yaranması

142.1. Himayədar ailə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

142.2. Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:

142.2.1. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;

142.2.2. himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;

142.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.

142.3. Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

142.3.1. himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;

142.3.2. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

142.3.3. himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.

142.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin himayəyə götürməyə münasibətini öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir və bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxslərin maddi-məişət şəraitinin müayinəsini aparır.

142.5. Müsahibədən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən himayədar ailə ilə bağlı müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilirlər.

142.6. Himayədar ailə ilə bağlı təlimlərdən keçmiş himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) 1 (bir) il müddətində himayədar ailə olmaq üçün təkrar müraciət etdikdə təlimlərə cəlb edilmir.

142.7. Himayədar ailə ilə bağlı təlimin nəticələri bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qiymətləndirilir.

142.8. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) və himayədar ailəyə veriləcək uşağın istək və mənafeyini nəzərə almaqla, himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşaq və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn seçir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi yerdə sosial işçinin iştirakı ilə onların görüşünü təşkil edir.

142.9. Bu Məcəllənin 142.8-ci maddəsində nəzərdə tutulmuş görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlayır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmayanlar və yalnız bu maddəyə uyğun olaraq bağlanılmış müqavilədə nəzərdə tutulmuş müddətə verilə bilərlər.

142.10. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilədə uşağın sağlamlıq vəziyyəti, onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayədar valideynlərin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hüquq və vəzifələri, bu müqavilənin müddətinin uzadılması, ləğv olunmasının əsasları və nəticələri qeyd edilir.

142.11. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar ailəyə verilmiş uşaqların müvəqqəti olduqları yer, yəni himayədar ailənin yaşadığı yer üzrə qeydiyyata alınması üçün əsas hesab edilir.

142.12. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

142.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş hər bir uşağa görə himayədar valideynlərə onların himayədar valideyn olduğunu təsdiq edən və üzərində himayədar valideynlərin, himayəyə verilmiş uşağın soyadı, adı, atasının adı və fotoşəkli əks olunmuş vəsiqə təqdim edir.

142.14. Himayədar valideynlərə verilən vəsiqənin nümunəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.”.

14. Aşağıdakı məzmunda 142-1-ci maddə əlavə edilsin:

“Maddə 142-1. Himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu

142-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır.

142-1.2. Bu Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:

142-1.2.1. himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;

142-1.2.2. himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;

142-1.2.3. uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;

142-1.2.4. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

142-1.2.5. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;

142-1.2.6. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;

142-1.2.7. himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;

142-1.2.8. uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.

142-1.3. Bu Məcəllənin 142-1.2-ci maddəsində qeyd edilən məlumatlar bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.

142-1.4. Bu Məcəllənin 142-1.2.2-ci, 142-1.2.4–142-1.2.7-ci maddələrində qeyd edilən məlumatlar himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır.

142-1.5. Himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) bu Məcəllənin 142-1.2.1-ci, 142-1.2.2-ci və 142-1.2.4–142-1.2.7-ci maddələrində qeyd olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar.

142-1.6. Bu Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında uçota alınmış himayədar ailəyə verilmiş uşaqlar uşağın himayədar ailəyə verilməsinə dair müqavilə ləğv edildikdə uçotdan çıxarılırlar.

142-1.7. Himayədar valideynlər aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən uçotdan çıxarılırlar:

142-1.7.1. öz müraciətləri əsasında;

142-1.7.2. vəfat etdikdə və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

142-1.7.3. bu Məcəllənin 142-1.5-ci maddəsinə uyğun olaraq bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etdikdə, bir il müddətinə;

142-1.7.4. bu Məcəllənin 142.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən himayədar valideyn olmaqla bağlı məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən keçmədikdə;

142-1.7.5. bu Məcəllənin 120.1.6-cı maddəsində qeyd edilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;

142-1.7.6. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;

142-1.7.7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;

142-1.7.8. bu Məcəllənin 144.2-ci maddəsinə uyğun olaraq ailədə adambaşına düşən orta aylıq gəlir ailə üzvlərinin hər biri üçün ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduqda;

142-1.7.9. bu Məcəllənin 144.3-cü maddəsinə uyğun olaraq yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olduqda;

142-1.7.10. himayədar ailəyə verilmiş uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldildikdə;

142-1.7.11. bu Məcəllənin 143.2.1–143.2.3-cü maddələrində qeyd olunan hallarda uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edildikdə.

142-1.8. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) notarial qaydada təsdiq edilmiş ərizəsi bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edildiyi andan himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) uçota alınır. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizəsinin forması və həmin ərizədə əks olunmalı olan məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

142-1.9. Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) həmin məlumatları yeniləməklə, yeni ərizə ilə bu Məcəllənin 142-1.8-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.

142-1.10. Bu Məcəllənin 142-1.7.4-cü maddəsinə əsasən uçotdan çıxarılmış şəxslər azı 1 il keçdikdən sonra himayədar ailə olmaq üçün təkrar müraciət edə bilərlər.”.

15. 143-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 143. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin ləğv edilməsi

143.1. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə himayədar valideynlərin uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin ləğv edilməsi barədə müraciəti (xəstəlik və ailə vəziyyətinin dəyişməsi, himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və aliment, kredit və digər maliyyə öhdəliklərində əhəmiyyətli dəyişikliklər baş verdikdə, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət olması səbəblərinə görə), həmin müqavilənin müddətinin başa çatması, himayədar valideynlərin və ya himayədar ailəyə verilmiş uşağın vəfat etməsi, o cümlədən bu Məcəllənin 143.2-ci maddəsində qeyd olunan hallarda ləğv edilir.

143.2. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən birtərəfli qaydada ləğv edilir:

143.2.1. himayədar valideynlər onlara həvalə edilmiş himayədar valideyn vəzifələrini yerinə yetirmədikdə;

143.2.2. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə, habelə uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verdikdə;

143.2.3. himayədar valideynlər və ya onlarla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslər alkoqolik və ya narkoman olduqda;

143.2.4. bu Məcəllənin 142-1.7.3-cü, 142-1.7.5–142-1.7.10-cu maddələrinə uyğun olaraq, himayədar valideynlərin uçotdan çıxarılması üçün əsaslar olduqda;

143.2.5. himayədar ailəyə verilmiş 10 yaşına çatmış uşağın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında;

143.2.6. himayədə olan uşağın öz ailəsinə qaytarılması, qəyyumluğa (himayəyə) verilməsi və ya övladlığa götürülməsi ilə bağlı əsaslar yarandıqda.

143.3. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə müddətinin başa çatması, himayədar valideynlərin təşəbbüsü və ya bu Məcəllənin 143.2.6-cı maddəsinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) 3 (üç) iş günü müddətində uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür.

143.4. Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bu Məcəllənin 143.1-ci maddəsinə uyğun olaraq himayədar valideynin vəfat etməsi və ya bu Məcəllənin 143.2.1–143.2.5-ci maddələrinə uyğun olaraq ləğv edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərhal uşağın himayədar ailədən alınıb bu Məcəllənin 116.8-ci maddəsinə uyğun olaraq yerləşdirilməsi ilə bağlı tədbirlər görür.”.

16. Aşağıdakı məzmunda 143-1-ci və 143-2-ci maddələr əlavə edilsin:

“Maddə 143-1. Uşaq himayədar ailəyə verildikdən sonra monitorinq

143-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayəyə götürülmüş uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə himayədar ailəyə verilmiş uşaqların vəziyyətinin və himayədar ailə tərəfindən müqavilə şərtlərinə əməl edilməsinin monitorinqini aparır.

143-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) monitorinqləri planlı (qabaqcadan xəbərdar etməklə) və ya plandankənar (qabaqcadan xəbərdar etmədən) həyata keçirir.

143-1.3. Monitorinqlər zamanı ailənin yaşayış şəraiti, maddi vəziyyəti, himayədar ailəyə verilmiş uşağın və himayədar valideynlərin sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınır.

143-1.4. Monitorinqlər zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 143.2.1–143.2.3-cü maddələrində qeyd edilən əsaslardan birini aşkar etdikdə, dərhal uşağın himayədar ailəyə verilməsinə dair müqaviləni birtərəfli qaydada ləğv edir.

Maddə 143-2. Himayədar ailəyə verilmiş uşağın inkişafı

143-2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilmiş uşağın maraqları əsasında onun əqli, fiziki, emosional, psixoloji inkişafını təmin etmək, onun bioloji valideynlərinə (bioloji valideynləri olmadıqda isə qohumlarına) qaytarılması imkanlarını qiymətləndirmək məqsədilə himayədar valideynlərin, mümkün olduqda uşağın bioloji valideynlərinin iştirakı ilə uşağın fərdi inkişaf planını hazırlayır.

143-2.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fərdi inkişaf planında olan tədbirlərin vaxtında və keyfiyyətlə icrası məqsədilə uşağın bioloji valideynləri (olduğu halda) və himayədar valideynlərlə mütəmadi iş aparır.

143-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar valideynlərin fikrini nəzərə almaqla uşaqla bioloji valideynlərin və ya qohumların görüşünü təşkil edir. Himayədar valideynlər belə görüşlərin keçirilməsi üçün lazımi şərait yaratmalıdırlar.”.

17. 144-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 144. Himayədar valideynlər

144.1. Bu Məcəllənin 120.1.1–120.1.7-ci maddələrində qeyd edilənlər istisna olmaqla, bu Məcəllənin 120.2-ci, 120.3-cü, 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları himayədar valideyn ola bilərlər.

144.2. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər himayədar valideyn ola bilməzlər (uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla). Himayədar ailəyə veriləcək uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldilmiş şəxslər himayədar valideyn ola bilməzlər.

144.3. Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır.

144.4. Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər.

144.5. Bir ünvanda iki və daha çox himayədar ailənin (valideynin) yerləşməsinə yol verilmir.

144.6. Bu Məcəllənin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda himayədar valideynlərlə birlikdə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.”.

18. 145-ci maddə üzrə:

18.1. 145.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“145.1. Bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq uçota alınmış valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilər.”;

18.2. 145.2-ci maddənin birinci cümləsi çıxarılsın;

18.3. 145.3-cü, 145.4-cü və 145.6-cı maddələr ləğv edilsin;

18.4. 145.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“145.5. Himayədar ailəyə verilmiş uşaqlar bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər.”.

19. Aşağıdakı məzmunda 145.8–145.10-cu, 145-1-ci və 145-2-ci maddələr əlavə edilsin:

“145.8. Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz.

145.9. Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla).

145.10. Himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.”;

“Maddə 145-1. Himayədar valideynlərin hüquq və vəzifələri

145-1.1. Himayədar valideynin (valideynlərin) aşağıdakı hüquqları vardır:

145-1.1.1. uşağın saxlanılmasına görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən aylıq və birdəfəlik müavinəti almaq;

145-1.1.2. uşağın mənafeyinə zidd olan hallar istisna olmaqla, uşaq haqqında tam və dolğun məlumat almaq;

145-1.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tövsiyələrini və uşağın fikrini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək;

145-1.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) müqavilə üzrə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək;

145-1.1.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini seçmək.

145-1.2. Himayədar valideynin (valideynlərin) aşağıdakı vəzifələri vardır:

145-1.2.1. mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;

145-1.2.2. uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;

145-1.2.3. uşağın himayədar ailədə qaldığı müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;

145-1.2.4. uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığını almaq;

145-1.2.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;

145-1.2.6. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

145-1.2.7. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.

Maddə 145-2. Uşağın himayədar ailəyə verilməsinə uşaqların, valideynlərin, uşağın yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı

145-2.1. 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruridir.

145-2.2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07