20 iyul 2023, 15:40

Şəms Gözəlovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, ali təhsil səviyyəsinin daha da qaldırılmasına böyük diqqət yetirilir. Azərbaycanlı gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində peşəkar mütəxəssis kimi hazırlanması da dövlətin əsas hədəflərindən biridir.

Cənab Prezident, mən bu il Bakı Ali Neft Məktəbindən İnformasiya təhlükəsizliyi ixtisası üzrə məzun olmuşam. Sizin təsdiq etdiyiniz “Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Amsterdam Universitetinə magistr pilləsinə qəbul edilmişəm.

Gənclərə göstərdiyiniz diqqət və qayğıya görə bütün Azərbaycan gəncləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, magistrlik dövründə Azərbaycanın adını yüksək tutacaq, qazandığım bilikləri Vətənimizin inkişafı üçün tətbiq etməyə çalışacağam.

Hörmətlə,

Gözəlova Şəms Nazim qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.