20 iyul 2023, 11:00

Cavanşir Feyziyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu Öndər Heydər Əliyevin siyasi dühası və misilsiz fədakarlığı nəticəsində müstəqilliyini bərpa etmiş dövlətimiz Sizin rəhbərliyinizlə özünün dinamik inkişaf yoluna qədəm qoyub. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız Ali Baş Komandan kimi məhz Sizin siyasi məharətiniz sayəsində və müdrik rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən azad olunub. Ölkəmiz və xalqımız sülh və əmin-amanlıq şəraitində yeni həyata başlayıb. Müharibədən sonrakı dövrdə Sizin bilavasitə göstərişinizlə həyata keçirilən abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşının qəlbini sevinc və fərəh hisləri ilə doldurur. Ulu Öndərimizin, Sizin və çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan xalqının azadlığı, xoşbəxtliyi və fıravanlığı naminə göstərdiyiniz misilsiz xidmətlər müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılır. Sizin rəhbərliyinizlə davamlı inkişaf edən və dünyada böyük nüfuz sahibinə çevrilən Azərbaycan Respublikasının vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir.

2023-cü il 17 iyul tarixli Sərəncamınızla məni “Şöhrət” ordeni ilə təltif etməyinizi tərəfinizdən bütövlükdə Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinə verilən yüksək qiymət və böyük etimad kimi dəyərləndirirəm. Bu yüksək mükafata bütün dünya azərbaycanlılarının Prezidenti, Qarabağın Fatehi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı və Avrasiya miqyaslı geosiyasi proseslərə istiqamət verən qüdrətli Azərbaycan dövlətinin rəhbəri tərəfindən layiq görülmək mənim üçün, ailə üzvlərim, dostlarım və həmkarlarım üçün çox böyük şərəfdir. Göstərdiyiniz qayğıya və yüksək etimada görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun dönmədən davam etdirilməsi, Vətənimizin daha da çiçəklənməsi və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulması naminə apardığınız uğurlu daxili və xarici siyasət kursunuzu daim dəstəkləməyi hər bir Azərbaycanlı kimi özümə borc bilirəm. Yüksək etimadınızı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyimə Sizi əmin edirəm.

Möhtərəm cənab Prezident, Sizə, xeyirxah və nəcib əməlləri ilə Azərbaycan xalqının sevimlisinə çevrilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya və bütün doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.

Azərbaycan xalqının xoşbəxt gələcəyi və fıravanlığı naminə apardığınız bütün fəaliyyətlərdə Uca Tanrı yardımçınız olsun!

Dərin ehtiramla,

Feyziyev Cavanşir, Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.