“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

01 avqust 2023, 12:29

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423; 2017, № 5, maddə 741, № 7, maddə 1291; 2018, № 5, maddə 847; 2019, № 1, maddə 30, № 3, maddə 387; 2021, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1398; 2023, № 1, maddə 41, № 2, maddə 153) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 7-2-ci hissədə “rezident hüquqi və fiziki” sözləri “və fəaliyyətinin müstəsna predmeti valyuta mübadiləsi fəaliyyəti olan rezident hüquqi” sözləri ilə əvəz edilsin;

1.1.2. 12-ci hissə ləğv edilsin;

1.1.3. aşağıdakı məzmunda 13-cü və 14-cü hissələr əlavə edilsin:

“13. mühüm iştirak payı – nizamnamə (şərikli) kapitalının, habelə səsvermə hüququnun iyirmi və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik.

14. vətəndaş qüsursuzluğu – valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslərin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, habelə nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.”;

1.2. 3-cü maddə üzrə:

1.2.1. 2-ci hissədə “maliyyə bazarlarına nəzarət orqanından” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankından” sözləri ilə əvəz edilsin və həmin hissəyə “operatoru” sözündən sonra “, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış investisiya şirkətləri” sözləri əlavə edilsin;

1.2.2. 5-ci hissədə “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən” sözləri ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmundan 6-1-ci hissə əlavə edilsin:

“6-1. Bu Qanunun 3-cü maddəsinin 6-cı hissəsində nəzərdə tutulan məqsəddən asılı olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.”;

1.2.4. 8-ci hissə ləğv edilsin;

1.3. 7-ci maddə üzrə:

1.3.1. 3-cü hissədə “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) maliyyə bazarlarına nəzarət orqanının, digər rezidentlər isə” sözləri “Rezidentlər” sözü ilə əvəz edilsin;

1.3.2. 4-cü hissədə “qaydasını maliyyə bazarlarına nəzarət orqanı,” sözləri “və” sözü ilə əvəz edilsin;

1.4. 10-cu maddənin ikinci cümləsində “qaydasını maliyyə bazarlarına nəzarət orqanı, onlardan istifadə edilməsi qaydasını” sözləri “və bu hesablar üzrə əməliyyatların aparılması qaydalarını” sözləri ilə əvəz edilsin;

1.5. 13-cü maddənin 2-ci hissəsinin b) bəndinə “normativ” sözündən sonra “xarakterli” sözü əlavə edilsin və q) bəndindən “(qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri istisna olmaqla)” sözləri çıxarılsın;

1.6. 13-1-ci maddə üzrə:

1.6.1. 13-1.1-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.6.2. 13-1.2.1-ci maddədən “ərizəçi rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı olduqda,” sözləri çıxarılsın;

1.6.3. 13-1.2.2-ci maddə ləğv edilsin;

1.6.4. 13-1.2.5-ci maddəyə “nizamnaməsinin” sözündən sonra “(qeyri-rezident hüquqi şəxsin filialının əsasnaməsinin)” sözləri əlavə edilsin;

1.6.5. aşağıdakı məzmunda 13-1.2.5-1-ci maddə əlavə edilsin:

“13-1.2.5-1. qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti;”;

1.6.6. 13-1.2.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13-1.2.7. təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat.

Təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

1.6.7. aşağıdakı məzmunda 13-1.2.7-1-ci, 13-1.2.7-2-ci, 13-1.2.8-1 – 13-1.2.8-4-cü, 13-1.5-13-1.7-ci maddələr əlavə edilsin:

“13-1.2.7-1. təsisçi hüquqi şəxs olduqda – onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti, təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

13-1.2.7-2. təsisçi fiziki şəxs olduqda – onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) isə əlavə olaraq rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;”;

“13-1.2.8-1. nizamnamə (şərikli) kapitalının miqdarı, nizamnamə (şərikli) kapitalında hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

13-1.2.8-2. bu Qanunun 13-10.10-cu maddəsinə əsasən müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;

13-1.2.8-3. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

13-1.2.8-4. mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

“13-1.5. Lisenziya alınması üçün müraciətə baxarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı ərizəçinin nizamnamə (şərikli) kapitalında pay sahiblərinin, benefisiar mülkiyyətçilərinin maliyyə vəziyyəti və nizamnamə (şərikli) kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Azərbaycan Respublikası Mərkəzi Bankının sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

13-1.6. Bu Qanunun 13-1.5-ci maddəsi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə sonradan mühüm iştirak payını əldə etmək istəyən və benefisiar mülkiyyətçi olan şəxslərə də şamil edilir.

13-1.7. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.”;

1.6.8. 13-1.3-cü maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri, ikinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.7. 13-2-ci maddə üzrə:

1.7.1. 13-2.1-ci maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.7.2. 13-2.2-ci maddənin üçüncü cümləsində, 13-2.3-cü maddədə, 13-2.4-cü maddənin birinci cümləsində, 13-2.7-ci maddənin birinci və ikinci (hər iki halda) cümlələrində, 13-2.10-cu maddədə, 13-2.11-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.7.3. 13-2.5-ci maddədə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.7.4. 13-2.6-cı maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.7.5. 13-2.8.3-cü maddədən “və ya fiziki” sözləri çıxarılsın;

1.7.6. 13-2.14-cü maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin, ikinci cümləsinə “13-1.2.8-ci” sözlərindən sonra “, 13-1.2.8-2-ci” sözləri, “əlavə olunur” sözlərindən əvvəl “, habelə bu Qanunun 13-10.9-cu maddəsinə uyğun olaraq nizamnamə (şərikli) kapitalının artırılmasını təsdiq edən sənədlər” sözləri əlavə edilsin;

1.8. 13-3-cü maddə üzrə:

1.8.1. 13-3.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13-3.1.3 - 13-3.1.5-ci maddələr əlavə edilsin:

“13-3.1.3. nizamnamə (şərikli) kapitalında payın əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi məlum olmadıqda;

13-3.1.4. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxsə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda, habelə idarəetmə funksiyalarını yerinə yetirən şəxslər, mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;

13-3.1.5. təsisçinin (qeyri-rezident hüquqi şəxsin filialına münasibətdə qeyri-rezident hüquqi şəxsin) maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.”;

1.8.2. 13-3.2-ci maddənin ikinci cümləsindən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.9. 13-5-ci maddə üzrə:

1.9.1. 13-5.1.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 13-5.1.3-cü maddə ləğv edilsin;

1.9.2. 13-5.2-ci və 13-5.5-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin;

1.9.3. 13-5.3-cü maddədən “, rezident fiziki şəxsin şəxsiyyət vəsiqəsinin” sözləri çıxarılsın;

1.9.4. 13-5.4-cü və 13-5.6-cı maddələrdə ismin müvafiq hallarında “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.10. 13-6.1-ci maddədə, 13-6.3-cü maddənin birinci və ikinci cümlələrində, 13-7.2-ci maddənin birinci cümləsində, 13-7.3-cü və 13-7.4-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.11. 13-6.2-ci maddədə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.12. 13-7.1.2-ci maddədən “və maliyyə bazarlarına nəzarət orqanı” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin;

1.13. 13-7.8-ci maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.14. 13-8-ci maddə üzrə:

1.14.1. 13-8.1.3-cü və 13-8.1.4-cü maddələr ləğv edilsin;

1.14.2. aşağıdakı məzmunda 13-8.1.6-1-ci, 13-8.1.8-1 – 13-8.1.8-3-cü maddələr əlavə edilsin:

“13-8.1.6-1. minimum nizamnamə (şərikli) kapitalının və ya qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin miqdarı, habelə girov məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi miqdardan az olduqda;”;

“13-8.1.8-1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edilmədən valyuta mübadiləsi fəaliyyəti 3 ay müddətində dayandırıldıqda və ya bu Qanunun 13-7.1.1-ci maddəsinə uyğun olaraq dayandırılmış lisenziyanın bərpa olunması ilə bağlı ərizə təqdim edilmədikdə;

13-8.1.8-2. hesabatlar ardıcıl olaraq iki hesabat tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmədikdə və ya təhrif olunmuş hesabatlar təqdim edildikdə;

13-8.1.8-3. bu Qanunun 13-3.1.4-cü maddəsində göstərilən faktlar müəyyən edildikdə;”;

1.14.3. 13-8.1.7-ci, 13-8.1.9-cu maddələrdə və 13-8.2-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.14.4. 13-8.3-cü maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.15. 13-9-cu maddənin birinci cümləsindən “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın və “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.16. 13-10-cu maddə üzrə:

1.16.1. adında “dair tələb” sözləri “ və nizamnamə (şərikli) kapitalına dair tələblər” sözləri ilə əvəz edilsin;

1.16.2. 13-10.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.16.3. 13-10.2-ci maddə ləğv edilsin;

1.16.4. 13-10.4-cü maddənin birinci cümləsində “13-8.1.1–13-8.1.4-cü” sözləri “13-8.1.1-ci, 13-8.1.2-ci” sözləri ilə və “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin, ikinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.16.5. aşağıdakı məzmunda 13-10.4-1-ci, 13-10.8 – 13-10.12-ci maddələr əlavə edilsin:

“13-10.4-1. Bu Qanunun 13-10.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş girov vəsaitinin məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən azaldılarsa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən xüsusi hesabında yerləşdirilən girov vəsaitinin artıq olan hissəsi Azərbaycan Respublikası Mərkəzi Bankının rəyi təqdim edilməklə müvəkkil bankdan geri alına bilər.”;

“13-10.8. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs tərəfindən minimum nizamnamə (şərikli) kapitalı pul şəklində Azərbaycan Respublikasının milli valyutasında formalaşdırmalıdır.

13-10.9. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən bu fəaliyyət iki və daha artıq obyektdə həyata keçirildikdə minimum nizamnamə (şərikli) kapitalı hər əlavə obyekt üçün bu Qanunun 13-10.10-cu maddəsində müəyyən edilmiş miqdarda artırılmalıdır.

13-10.10. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

13-10.11. Nizamnamə (şərikli) kapitalının minimum miqdarı ilə bağlı tələblərə dəyişikliklər valyuta mübadilə fəaliyyətinə lisenziya almış şəxslərə rəsmi qaydada bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

13-10.12. Nizamnamə (şərikli) kapitalına dair bu Qanunun 13-1.2.8-2-ci, 13-10.8 - 13-10.11-ci maddələrində nəzərdə tutulan tələblər eynilə qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinə şamil edilir.”;

1.16.6. 13-10.6-cı və 13-10.7-ci maddələrdə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə əvəz edilsin;

1.17. 13-11-ci maddə üzrə:

1.17.1. adında və 13-11.3-cü maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.17.2. 13-11.1-ci maddənin birinci cümləsində “13-8.1.1–13-8.1.4-cü” sözləri “13-8.1.1-ci, 13-8.1.2-ci” sözləri ilə əvəz edilsin, həmin cümlədə (hər iki halda) “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin;

1.17.3. 13-11.1.2-ci maddə ləğv edilsin;

1.17.4. 13-11.5-ci maddədə (hər iki halda) ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin və həmin maddədən “13-8.1.8-ci,” sözləri çıxarılsın;

1.18. 13-12-ci maddə üzrə:

1.18.1. 13-12.1-ci maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin, ikinci cümləsinə “lisenziyaların” sözündən sonra “, əlavə obyektlər üzrə lisenziya əlavələrinin” sözləri əlavə edilsin;

1.18.2. 13-12.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri ilə, “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

1.19. aşağıdakı məzmunda 13-13-cü maddə əlavə edilsin:

“Maddə 13-13. Nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi

13-13.1. Hər hansı bir şəxs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin nizamnamə (şərikli) kapitalında mühüm iştirak payını, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.

13-13.2. Bu Qanunun 13-13.1-ci maddəsində nəzərdə tutulan payın əldə edilməsi üçün lisenziya sahibinin səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir:

13-13.2.1. iştirak payını əldə etmək istəyən hüquqi şəxs olduqda:

13-13.2.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini və ya ilini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;

13-13.2.1.2. həmin hüquqi şəxsin icra orqanının rəhbərinin vətəndaş qüsursuzluğu barədə məlumat (rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış);

13-13.2.1.3. xarici hüquqi şəxslər tərəfindən yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış nizamnamə (əsasnamə), onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, ən azı sonuncu üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

13-13.2.2. iştirak payını əldə etmək istəyən fiziki şəxs olduqda:

13-13.2.2.1. soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, habelə vətəndaş qüsursuzluğu barədə məlumat;

13-13.2.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

13-13.2.3. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər.

13-13.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-13.2-ci maddəsinə uyğun verilmiş ərizəyə ən geci 20 iş günü müddətində baxır və icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

13-13.3.1. bu Qanunun 13-13.2-ci maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;

13-13.3.2. iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 13-3.1.4-cü maddəsində göstərilən faktlar müəyyən edildikdə;

13-13.3.3. iştirak payını əldə etmək istəyən şəxslər (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;

13-13.3.4. iştirak payını əldə etmək istəyən şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.

13-13.4. İştirak payının əldə edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və ya Azərbaycan Respublikası Mərkəzi Bankının icazəsi olmadan iştirak payının əldə edilməsini təmin edən əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.

13-13.5. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxsin kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə (şərikli) kapitalındakı payını 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı məlumat verməlidir.

13-13.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanunun 13-13.3.2-ci və 13-13.3.3-cü maddələrində göstərilən halları aşkar etdikdə, iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edir.”.

1.20. 15-ci maddənin 2-ci hissəsindən “, maliyyə bazarlarına nəzarət orqanı” sözləri çıxarılsın;

1.21. 16-cı maddənin 1-ci hissəsinə “normativ” sözündən sonra “hüquqi və normativ xarakterli” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəalar

2.1. Bu Qanun qüvvəyə minənədək valyuta mübadilə fəaliyyətinə lisenziya almış şəxslər “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin qüvvəyə mindiyi tarixdən altı ay ərzində minimum nizamnamə (şərikli) kapitalının formalaşdırılması və nizamnamə kapitalında iştirakla, o cümlədən mühüm iştirak payının əldə edilməsi ilə bağlı bu Qanunun tələblərinə uyğunlaşması üçün tədbirlər görməli və bununla əlaqədar müvafiq sənəd və məlumatları həmin müddətdə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidirlər.

2.2. Bu Qanunun 2.1-ci maddəsinin tələblərinə əməl etməyən şəxslərin valyuta mübadilə fəaliyyətinə verilmiş lisenziyası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ləğv olunur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07