Şorsulu və Boranıkənd kəndlərinin sakinlərindən, Salyan, Azərbaycan
Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.
Azərbaycanımızın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində çox böyük işlərə imza atmısınız və bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi, mənəvi rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.
Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də kəndlərdə əhalinin rahat şəkildə yaşaması üçün kəndarası yolların əsaslı tikintisidir ki, biz salyanlılar bu sahənin inkişafı istiqamətində gördüyünüz işlərin real şahidi oluruq. Bu ilin aprel ayında Sizin Salyan rayonuna səfərinizdən sonra imzaladığınız Sərəncama əsasən Salyan rayonunun 3 kəndində yol infrastrukturu yenidən qurulmaqdadır.
Beləliklə, rayonumuzun 3 kəndində yolların əsaslı tikintisinə start verilib. O cümlədən yaşadığımız Şorsulu və Boranıkənd kəndlərində 11 kilometrlik yolun əsaslı tikilib əhalinin istifadəsinə verilməsi salyanlılara qayğınızın bariz nümunəsidir. Yol mədəniyyətdir, yol tərəqqi, yol inkişafdır, yol zəhmətkeşlərə verilən dəyərdir.
Cənab Prezident, Sizin salyanlılara verdiyiniz dəyərin nəticəsidir ki, Şorsulu və Boranıkənd kəndlərində elektrik təchizatı yaxşılaşdırılıb, bütövlükdə kabelləşmə işləri görülüb. Hazırda Şorsulu kəndində 300 şagirdlik yeni məktəb binası inşa olunur, eyni zamanda, yeni internet xətti də çəkilir. Bütün bunlarla yanaşı, kəndimizdən keçən keçmiş Ələt-Astara avtomobil yolu dünya standartlarına uyğun inşa olunur.
Cənab Prezident, bütün bu işlər Sizin xalqımıza qayğınızın nəticəsində ərsəyə gəlməkdədir. Biz də Şorsulu və Boranıkənd kəndlərinin əhalisi olaraq göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Abdullayev Hünər,
Camalov Şahmar,
Qəhrəmanov Fuad,
Məmmədov Famil,
Babayev Allahverən və başqaları (50 nəfər)
Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu və Boranıkənd kəndləri.