Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

16 avqust 2023, 13:52

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204; № 4, maddə 466; Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli və 30 may tarixli 890-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.1-ci maddənin ikinci cümləsinə “qeyri-hökumət təşkilatları haqqında” sözlərindən əvvəl “siyasi partiyalar haqqında,” sözləri əlavə edilsin.

2. 54.2-ci maddənin birinci cümləsinə “162-1,” rəqəmlərindən sonra “184.4, 184.5, 184.8,” rəqəmləri əlavə edilsin.

3. 184-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 184. Siyasi partiyalar haqqında qanunvericiliyin pozulması

184.1. Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə –

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

184.2. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə –

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə –

vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.4. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlarının) və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə və ya fəaliyyət göstərməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştiraka görə –

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.5. Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə –

fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

184.6. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

184.7. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə –

inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

184.8. Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.9. Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə –

vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

184.10. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə –

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.11. Siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdən (dəyərdən) artıq üzvlük haqqının və ya ianənin qəbul edilməsinə görə –

inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

184.12. Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə –

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

184.13. Siyasi partiyanın “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin Qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə –

inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə edilir.

184.14. Siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa görə ianə hesab olunan maddi yardımlar barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə –

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.15. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

184.16. Bu Məcəllənin 184.6 və 184.9-cu maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

184.17. Bu Məcəllənin 184.1 – 184.5, 184.8, 184.10, 184.12, 184.14 və 184.15-ci maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.”.

4. 465-ci maddənin dispozisiyasından “və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri çıxarılsın.

5. 466-cı maddə üzrə:

5.1. 466.1-ci maddənin dispozisiyasından “siyasi partiyaya və ya” sözləri çıxarılsın;

5.2. 466.2-ci maddənin dispozisiyasından “siyasi partiya və ya” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50