Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306, № 5, maddə 428, № 6 (I kitab), maddələr 535, 541, 546, 560, № 7, maddələr 701, 705, 711, № 8, maddə 894, № 11, maddə 1208, № 12, maddələr 1306, 1334; 2022, № 1, maddə 2, № 2, maddə 89, № 4, maddə 293, № 5, maddə 435, № 7, maddələr 694, 699, 703, № 8, maddələr 822, 825, 828, № 11, maddə 1236, № 12, maddələr 1364, 1399; 2023, № 1, maddələr 17, 20, 32, 39, № 2, maddələr 149, 201, 204, № 4, maddə 466; Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli və 30 may tarixli 890-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 322-ci maddə üzrə:
1.1.1. 322.0.1-ci maddədə ikinci halda “və” sözü “və ya” sözləri ilə əvəz edilsin və həmin maddəyə “riayət olunmamasına” sözlərindən sonra “, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına” sözləri əlavə edilsin;
1.1.2. 322.0.10-cu maddədə “görə -” sözü nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 322.0.11 – 322.0.14-cü maddələr əlavə edilsin:
“322.0.11. şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
322.0.12. qeyri-müntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə;
322.0.13. taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə;
322.0.14. taksometrin göstəriciləri və ya taksometr funksiyasını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsinə görə - ”;
1.1.3. sanksiyada “qırx manatdan əlli manatadək məbləğdə” sözləri “əlli manat məbləğində” sözləri ilə əvəz edilsin;
1.2. 323.2-ci maddənin dispozisiyasına “yüklərin” sözündən sonra “elektron” sözü əlavə edilsin və həmin maddənin sanksiyasında “iyirmi” sözü “qırx” sözü ilə əvəz edilsin;
1.3. 324-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 324. İcazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması
324.1. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə –
vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
324.2. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə –
əlli manat məbləğində cərimə edilir.
324.3. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə –
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
324.4. Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə –
əlli manat məbləğində cərimə edilir.
324.5. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
324.6. Bu Məcəllənin 324.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
324.7. Bu Məcəllənin 324.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
səksən manat məbləğində cərimə edilir.
324.8. Bu Məcəllənin 324.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir.
324.9. Bu Məcəllənin 324.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
yüz manat məbləğində cərimə edilir.
324.10. Bu Məcəllənin 324.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir.”;
1.4. aşağıdakı məzmunda 324-1 – 324-3-cü və 326-2-ci maddələr əlavə edilsin:
“Maddə 324-1. Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulması
324-1.1. “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.
324-1.2. Bu Məcəllənin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Maddə 324-2. Hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi
324-2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə –
vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
324-2.2. Bu Məcəllənin 324-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir.
Maddə 324-3. Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi
324-3.1. Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsinə görə –
dörd yüz manat məbləğində cərimə edilir.
324-3.2. Bu Məcəllənin 324-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
min manat məbləğində cərimə edilir.”;
“Maddə 326-2. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması
326-2.1. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə –
vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
326-2.2. Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə –
vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
326-2.3. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə –
vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.
326-2.4. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə –
vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.”;
1.5. 326-1-ci maddənin adından, 326-1.1-ci maddənin birinci abzasından və 326-1.2-ci maddədən “və ölkədaxili (şəhərlərarası və rayonlararası)” sözləri çıxarılsın.
Maddə 2. Keçid müddəalar
2.1. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
2.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən edildikdən sonra yaranır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2023-cü il