Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Məktubuma xalqımızın böyük oğlu, Azərbaycanın unudulmaz tarixi şəxsiyyəti, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin aşağıdakı müdrik sözləri ilə başlamaq istəyirəm: “Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram”. Dahi şəxsiyyətin, Ulu Öndərin bu müqəddəs sözləri həmişə biz gənclərin yoluna işıq salıb, həyatını təzələyib, vətənpərvərlik, millətsevərlik ruhunu zənginləşdirib, milli dövlətçiliyə məhəbbətini artırıb, məsuliyyət hissimizi gücləndirib. Məhz bunun real nəticəsidir ki, 44 günlük tarixi möhtəşəm Vətən müharibəsini Sizin uzaqgörənliyə, polad iradəyə, yenilməzliyə və dinamik gücə söykənən rəhbərliyiniz altında Qələbə ilə başa çatdırdıq. Şanlı Ordumuz dünyanı heyran etdi. Siz XXI əsr Azərbaycanın Babəki, Xətaisi olaraq torpaqlarımızı imperiyaların havadarlıq etdiyi azğın, qəddar, qaniçən düşmənin işğalından geri alaraq tərəqqipərvər bəşəriyyətə sübut etdiniz ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Qırx dörd günlük müharibədən sonra başımız ucadır, dikdir. Xalqımız xoşbəxt sabahlarına doğru qürurla addımlayır.
Möhtərəm cənab Prezident, Gəncə şəhəri hər iki müharibədə, Vətən uğrunda döyüşlərdə şəhidlər vermişdir, çoxsaylı qazilərimiz, müharibə veteranlarımız vardır. Sizə təşəkkür məktubu ünvanlamağımın əsas məqsədi, qayəsi ondan ibarətdir ki, şəhidlərin adlarının əbədiləşdirilməsi, küçə və məktəblərə verilməsi diqqət mərkəzində saxlanılır, Sizin tapşırığınız əsasında şəhid ailələrinə və müharibə əlillərinə yüksək qayğı göstərilir, onların sosial problemləri həll edilir, mənzillə təminatı həyata keçirilir.
Odur ki, şəhərimizin çoxsaylı qaziləri, şəhid ailələri, müharibə veteranları adından Sizə təşəkkürümü yetirirəm.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Dəmirov Razim, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.