Kənd ağsaqqalından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Əvvəla, torpaqlarımızı 30 illik işğaldan azad edib bizə Qələbə sevincini yaşatdığınız üçün bir ağsaqqal kimi, Sizi bağrıma basıram. Çox şükür ki, indi torpaqlarımızın işğal olunduğu günləri deyil, azad olunduğu günləri qeyd edirik.
Əziz Prezidentimiz!
Yaşadığım Tərtər rayonunun Azad Qaraqoyunlu kəndinin sakinləri adından Sizə başqa bir minnətdarlığım da var. Kəndimizin orta məktəbi 1981-ci ildə tikilmişdi. Birinci Qarabağ müharibəsində məktəbdə hərbçilər, sonra məcburi köçkünlər məskunlaşmış, Vətən müharibəsində isə ermənilərin atdıqları top mərmisi məktəb binasını dağıtmışdı. Ən böyük arzularımızdan biri övladlarımızın, nəvə-nəticələrimizin müasir, işıqlı sinif otaqlarında təhsil alması idi.
Çox sağ olun, əziz Prezidentimiz! Arzumuz ürəyimizdə qalmadı. Kəndimizdə 320 şagird yerlik yeni məktəb binası tikildi. Övladlarımız yeni tədris ilindən yeni məktəbdə dərs keçəcəklər. Uşaqlarımızın gələcəyinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk.
Tanrı Sizi qorusun!
Kənd sakinləri adından hörmətlə,
Əhmədov Həsən Əliş oğlu, kənd ağsaqqalı.
Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.