İlham Abdullayevdən, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, məhz Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərini fərəhlə, qürurla dilə gətirmək şəxsən mənim üçün olduqca xoşdur. Çünki bunlar həqiqətdir, reallıqdır, gözəllikdir. Sizin Prezident olduğunuz ölkənin vətəndaşı olmaq qürurvericidir.
Qəhrəman xalqın qəhrəman Prezidenti!
Hesab edirəm ki, ölkə əhalisinin böyük əksəriyyəti haqlı olaraq məhz bu düşüncədədir. Sizin rəhbərliyinizlə, şəhidlərimizin qanı bahasına, qazilərimizin və müzəffər Ordumuzun möhtəşəm qəhrəmanlığı, şücaəti sayəsində torpaqlarımızı uzun illərin işğalından azad etdik. İndi həmin torpaqlarda aparılan valehedici quruculuq işləri düşmənlərimizi narahat etsə də sarsılmaz iradə və qətiyyətli mövqeyinizlə əsrarəngiz xarüqələr yaradırsınız. Xüsusi olaraq qeyd edim ki, avqustun 26-da Laçın Şəhəri Günündəki bayram tədbirlərində iştirakınız, çıxışınız, uzun illərin ayrılığından sonra doğma yurdlarına qayıdaraq ən müasir tələblərə cavab verən səviyyədə inşa edilən evlərdə yaşayan Zabux kəndinin sakinləri ilə görüşünüz məni fərəhləndirdi. Bütün bu qeyd etdiyim səhnələri televiziya ekranlarından izlədikcə bir laçınlı olaraq qürurla dolu qəhərimi gizlədə bilmirdim.
Xalqımızın sevimlisi Mehriban xanım öz doğum günündə laçınlılarla birlikdə olduğuna görə, ona ən xoş arzularımı bildirərək, xüsusi təşəkkürümü çatdırmağı özümə borc bilirəm.
Cənab Prezident, bu məktubu Sizə Penitensiar Xidmətin Müalicə Mərkəzindən yazıram. Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, son vaxtlar Penitensiar Xidmət sahəsində də baş verən müsbət dəyişikliklər çox böyük razılıqla qarşılanıb. Bütün bunlara görə Sizə bir daha öz minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Abdullayev İlham,
Birinci Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Bakı şəhəri.