Zəhmətkeş əkinçilərdən, Kürdəmir, Azərbaycan
Cənab Prezident.
Karrar qəsəbəsi Kürdəmir rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Qəsəbə əhalisinin sayı 2500 nəfərdən çox, suvarılan torpaq sahəsi 3 min hektardır. Rayonda suvarma suyu çatışmazlığından ən çox əziyyət çəkən bizim qəsəbə olmuşdur. Suvarma suyunu Yuxarı Şirvan kanalından götürürük. Qəsəbəmizin əsas kənd təsərrüfatı məhsullarından biri nardır ki, o da il ərzində 6-7 dəfə suvarılmalıdır. Çarəsiz qalıb nar ağaclarını 2-3 dəfə suvarırdıq ki, bu da məhsuldarlığa təbii olaraq mənfi təsir göstərirdi. Taxıl və yonca sahələri də susuzluqdan zəif məhsul verirdi.
Respublikamızda su təsərrüfatı sahəsində baş verən dəyişikliklər və görülən işlər bu il qəsəbəmizdə öz müsbət nəticəsini verdi. Ümumilikdə rayon ərazisində arxların və kanalların lildən təmizlənməsi də dadımıza çatdı. Bu il nar bağlarını 6-7 dəfə suvarmışıq, yoncanı 4 dəfə biçmişik. Müqayisə üçün deyək ki, ötən il yoncanı cəmi 2 dəfə biçə bilmişdik. Bir sözlə, bu il yay fəslində sudan əvvəlki kimi korluq çəkmədik.
Cənab Prezident, Sizin tapşırıqlarınıza uyğun olaraq görülən bu işlər sayəsində problemlərimiz həll olunur, gəlirlərimiz çoxalır, güzəranımız daha da yaxşılaşır. Onu da deyək ki, problemlərin həll olunduğunu görən gənclərimiz də qəsəbəyə qayıdır, əkin-biçinə maraq artır. Sizin sayənizdə Azərbaycanın gələcəyi daha da parlaq olacaqdır. Qəsəbəmizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.
Uca Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Səlimov Cabbar,
Xankişiyev Əlisafa,
Məmmədov Eldəniz,
Günəşov Şahmar,
Vəliyev Maarif və başqaları (119 nəfər).
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Karrar qəsəbəsi.