Fatma Səttarovadan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təminatı baxımından son dərəcə zəruri hesab edir.
Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağda məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Qırx dörd günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməliyyatlarda da biz veteranlar möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman Ordumuzun fəaliyyətini alqışlayırıq.
Cənab Prezident!
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, Ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Dərin hörmət və ehtiramla,
Səttarova Fatma,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.