Yermantay Sultanmuratdan, Qazaxıstan
Hörmətli cənab Prezident.
Siz azərbaycanlıların və bütün türklərin qəhrəmanı, bahaduru kimi ulu Azərbaycan xalqına rəhbərlik edərək Qarabağda erməni işğalına son qoydunuz, bununla da ölkənizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiniz və türk dünyasına çoxdan gözlənilən Qələbəni qazandırdınız.
Otuz illik faciənin, ermənilər tərəfindən həyata keçirilən soyqırımının günahsız qurbanlarını, bu yolda canlarından keçmiş hərbçiləri, canları bahasına bu günü yaxınlaşdıran Mübariz İbrahimov kimi qəhrəmanları, Şuşa şəhərini azad edən, fədakarlıqları və peşəkarlıqları ilə adlarını hərb sənəti tarixinə yazdıran qorxmaz igidləri bu gün hüzn və qürurla yad edirik.
Bu qələbə türk birliyinin bariz nümunəsidir. Əminik ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası türk birliyinin simvolu, türk dünyasının dirçəlişinin göstəricisidir.
Biz - türk xalqlarının vətənpərvər nümayəndələri “Türk Xalqlarının Ümumdünya Assambleyası” İctimai Təşkilatının bayrağı altında birləşərək bu Zəfər gününü çoxdan, səbirlə gözləyirdik. Nəhayət, ədalət zəfər çaldı!
Qardaş Azərbaycanın, bütün Türk dünyasının rəhbərliyini və xalqını ürəkdən təbrik edir, bu tarixi Qələbənin hamımızı yeni sülhsevər nailiyyətlərə ruhlandırmasını arzu edirik!
Hörmətlə,
Yermantay Sultanmurat, akademik, “Türk Xalqlarının Ümumdünya Assambleyası” İctimai Təşkilatının prezidenti.
Qazaxıstan Respublikası.