Vaqif Şadlinskidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin müdrik və uzaqgörən siyasətiniz, mətin iradəniz Azərbaycanı daim qələbələrə doğru aparır. Bu gün başını uca tutan xalqımız məhz Sizin şücaətiniz, dünya siyasətinin liderlərindən olmağınız sayəsində sabaha qürurla baxır, fəxrlə özünü Azərbaycan vətəndaşı adlandıran həmvətənlərimiz əmin-amanlıq, dinc quruculuq şəraitində yaşamaqdadır.
Bu hədsiz-hüdudsuz qüruru, dünyalara sığmayan sevinci xalqımıza bəxş etdiyiniz üçün Sizə minnərdarıq. 44 günlük Vətən müharibəsində qələbə həsrətini yaşayan, doğma ocağının istisi, torpağının hərarəti üçün qəribsəmiş xalqımız Sizin dəyanətiniz, düşməni diz çökdürən siyasətiniz, istər hərb meydanında, istərsə də siyasətdə lider olmağınız sayəsində əsrlər boyu yaşamadığı möhtəşəm qələbənin xoşbəxtliyini əldə etdi. Zəfər günü tariximizin salnaməsi olmaqla eyni zamanda azad edilmiş torpaqlarda dinc quruculuğun başlanğıcı, insanların öz doğma evlərinə qayıdışı deməkdir.
Buna mane olmaq istəyən, Azərbaycanın suverenliyinə xor baxan qüvvələr dahi strategiyanızın təcəssümü olan, dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq lokal xarakterli antiterror tədbirləri ilə cavablarını aldılar. Dövlətinin suverenliyinin, konstitusional haqlarının qorunması naminə atdığınız qətiyyətli addımlar, siyasi iradəniz düşməni bir gündən də az vaxtda ağ bayraq qaldırmağa, aman diləməyə məcbur etdi.
Əziz Prezidentimiz, Siz dünya siyasətinin liderlərindən biri olmağınızla, Ali Baş Komandan, şanlı Sərkərdə müdrikliyiniz və qəhrəmanlığınızla, ən məğlubedilməz Orduya malik olmağınızla bir daha bizə, bütün həmvətənlərimizə, dünya azərbaycanlılarına Azərbaycan vətəndaşı olmaq, azərbaycanlı olmaq qürurunu bəxş etmisiniz. Xalqımıza müraciətinizdə dediyiniz "heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!" cümlələri əbədi səadətimizin, xoşbəxtliyimizin, əmin-amanlığımızın Sizin sayənizdə olduğunun təcəssümü, ifadəsidir.
Ulu Tanrı hər zaman Sizi və ailənizi qorusun, hər birimizin, bütün xalqımızın, dünya azərbaycanlılarının duaları Sizinlədir.
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları adından hörmətlə,
Vaqif Şadlinski, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.