Sücaət Hüseynovadan, Laçın, Azərbaycan
Hörmətli əziz Prezidentimiz İlham Əliyev!
Mən Sizə dərin minnətdarlığımı, səmimi salamlarımı, təşəkkürümü bildirirəm. Sizin yeriniz, məskəniniz qartal kimi həmişə uca zirvələr olsun! Tanrının Sizə bəxş etdiyi bu zirvədən heç vaxt enməyəsiniz!
Məhəmməd Peyğəmbərimizə ilk dəfə Allah peyğəmbərlik verəndə, o, xalq tərəfindən, onu istəməyənlər tərəfindən çox çətinliklərlə üzləşmiş və təzyiqlərə məruz qalmışdı. Amma Məhəmməd Peyğəmbər zaman-zaman bu çətinliklərə səbirlə dözmüş və düşmənlərinə qalib gəlmişdi. Ona görə ki, o qalibiyyəti ona verən Allah özü idi. O, Peyğəmbər adına layiq oldu və sübut etdi ki, bu, Allahın hökmüdür. Sizə də o gücü, qüvvəti, hökmü verən Allahdır. Tanrının əmrinə bəndələrin gücü çatmaz. Ulu Tanrı həmişə Sizə yar olsun, arzu və istəklərinizə nail olasınız.
Cənab Prezident, mən 2011-ci ilin dekabr ayında Ramil Səfərovun cəzasının bir az yüngülləşdirilməsi və Azərbaycana gətirilməsi barədə ərizə ilə Sizə müraciət etmişdim. Düzünü deyim ki, mən o ərizəni Sizin ünvanınıza göndərəndən sonra ürəyimdə bir az qorxu hissi keçirdim. Fikirləşdim ki, birdən mənə sual verərlər ki, axı, sən kimsən ki, belə məsələlərə qarışırsan. Sağ olun, Sizin mənim ərizəmlə tanışlığınızdan sonra cavab məktubu aldım.
Mən o cavabdan çox sevindim və məmnun oldum. Sevindim ki, bizim ölkəmizdə adi adamların da, ali adamların da sözü eşidilir. Çünki mən özüm də adi vətəndaşam.
Bu, Sizin uzaqgörənliyinizdən, düşünülmüş tədbirlərinizdən, geniş dünya görüşünüzdən irəli gəlir. Siz, özünüzə xas olan bütün müsbət xüsusiyyətlərinizlə xalqın hörmətini, məhəbbətini qazanmısınız. Mənim bu sözlərimi üzə deyilən tərif kimi yox, həqiqət kimi qəbul edin. Bunu xalqın Sizin ünvanınıza söylədiyi “sağ ol” sözlərindən də görmək olar.
Cənab Prezident! Siz xalqın etimadını elə doğrultmusunuz ki, məhəbbətini elə qazanmısınız ki, Sizə qarşı durmaq istəyənlər, bəlkə də öz hərəkətlərindən utanıb peşmançılıq hissi keçirirlər. Belə bir gözəl kəlam var: Yamanlıq edənə onu utandırmaq üçün yaxşılıq et.
Hörmətli cənab Prezident, Ramil Səfərovun Sizin Sərəncamınızla azadlığa çıxması bütün Azərbaycan xalqını sevindirdi. Mən də bu sevincə qoşulub Sizə minnətdarlığımı bildirirəm. Sizə “Çox sağ olun!” deyirəm.
Sizə dərin hörmət və ehtiram bəsləyən, uğurlarınıza sevinən, Allahın və Sizin köməyinizlə Qarabağımızın azad edilməsi qələbəsini səbirsizliklə gözləyən
Hüseynova Sücaət.
Azərbaycan Respublikası, Laçın rayonu.