İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak ediblər

02 oktyabr 2023, 10:05
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak ediblər

Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşa, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirildi.

Sonra Beynəlxalq Astronavtika Federasiyasının tanıtım videoçarxı təqdim olundu.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış mərasimində çıxış edərək dedi:

- Təşəkkür edirəm. Zati-aliləri Prezident Əliyev, Zati-aliləri Birinci vitse-prezident Əliyeva.

Hörmətli nazirlər, səfirlər, təşkilat rəhbərləri, kosmik ictimaiyyət, mötəbər qonaqlar, sabahınız xeyir.

74-cü Beynəlxalq Astronavtika Konqresinə xoş gəlmisiniz və bu gözəl şəhər Bakıda bizimlə bir arada olduğunuz üçün çox sağ olun.

Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti olaraq bu əlamətdar gündə qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir.

Beynəlxalq Astronavtika Konqresi kosmik ictimaiyyətin nümayəndələri olaraq hamımız üçün unikal bir hadisədir. Bir çoxlarımız işini paylaşmaq, həmkarlarımızı salamlamaq və dünyanın hər yerindən çoxşaxəli və entuziazmla dolu olan cəmiyyətlə yeni əlaqələr yaratmaq üçün yalnız ilin bu vaxtı bir araya gələ bilirik. Prezident Əliyevin möhtəşəm dəstəyi olmasaydı, əlli ildən sonra Bakıya qayıda bilməyəcəkdik. Təşəkkür edirəm, cənab Prezident.

İndi isə bu Konqresə və tədbirə davamlı dəstək olan tərəfdaşlarımızın adlarını çəkmək istəyirəm. Beynəlxalq Astronavtika Akademiyasını, Kosmos Hüquq üzrə Beynəlxalq İnstitutu və Kosmik Nəslin Məşvərət Şurasını, eyni zamanda, “premium” sponsorumuz olan Çinin Astronavtika Cəmiyyətini, “platin” sponsorumuz olan Səudiyyə Ərəbistanının Kosmik Agentliyini, “SpaceX” və Türk Kosmik Agentliyini, “qızıl” sponsorumuz olan “Israel Aerospace Industries” şirkətini, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzini, “gümüş” sponsorlarımız olan “Airbus”, “Axiom Space”, “Intesputnik”, “ispace” kompaniyalarını, Hindistanın Kosmik Tədqiqatlar Təşkilatını, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyini, “Northrop Grumman”, “Plan-S” və “Vast” şirkətlərini və “bürünc” sponsorlarımız olan “Asgardia”, “BlackSky”, “Blue Origin”, JGC Holdings Corporation”, “Lockheed Martin” korporasiyalarını qeyd etmək istəyirəm. Beynəlxalq Astronavtika Konqresinin bu buraxılışını dəstəkləyən bütün digər sponsorlara da təşəkkürümüzü bildiririk.

Sizin dəyərli dəstəyiniz sayəsində Beynəlxalq Astronavtika Konqresi kimi inanılmaz tədbir hər il keçirilir. Sonda hamınıza buraya gəldiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm, bizim müəlliflərimizi, natiqlərimizi, sərgi iştirakçılarımızı, komitələrimizi nəzərdə tuturam, - onların hamısı könüllü olaraq fəaliyyət göstərir, - hər birinizə gəldiyiniz üçün təşəkkür edirəm. Siz dünyanın ən böyük və ən çoxşaxəli kosmik təşkilatı olan IAF-ın bir hissəsisiniz.

Bayaq nümayiş etdirilən videoçarxda gördüyünüz kimi, federasiya 1951-ci ildə mürəkkəb geosiyasi münasibətlər dövründə təsis olunub. Federasiyanın yaradılmasında məqsəd kosmik sahədə fəaliyyət göstərən bütün insanları birləşdirmək üçün qeyri-siyasi neytral platformanı təmin etmək idi. Bu gün 70 ildən də artıq müddətdən sonra biz yenə də mürəkkəb beynəlxalq proseslərin şahidi oluruq. IAF-ın rolu isə daha da zəruri olaraq sülhsevər əməkdaşlıq ruhunda artmaqda olan kosmik ictimaiyyəti bir araya gətirməkdir. Federasiyanın davamlı inkişaf və innovasiya tarixi var. İlkin olaraq, federasiya Parisdə on təşkilat tərəfindən təsis edilmişdi. Bu gün IAF-ın dünyanın 75 ölkəsindən 468 üzvü var. Sizə hətta bir sirri də aça bilərəm. Bu həftənin sonunadək üzvlərimizin sayı 500-ə çatacaq.

IAF qərar verənlərə fəzanın iqtisadi, sosial, siyasi və elmi dəyərini anlamağa kömək etmək üçün fəaliyyət göstərir. Konqreslər, konfranslar, nəşrlər və araşdırmalarımızla kosmik texnologiyanın gündəlik həyatımızı necə təkmilləşdirə bilməsi ilə əlaqədar biliklərə daha da dərindən yiyələnirik və onları paylaşırıq. IAF tədbirlərinin şəbəkəsi, investisiya qoyuluşu və innovasiyalar vasitəsilə biz dünya miqyasında olan təşkilatları əlaqə yaratmağa, əməkdaşlıq etməyə, elmi və texniki biliyi öz ölkələrində daha da inkişaf etdirməyə sövq edirik. Tədbir və fəaliyyətlərimizdə biz xüsusilə üç mövzuya əsas diqqəti yetiririk. Mənim IAF gündəliyimdə bu məsələlər dayanıqlılıq, investisiya qoyuluşu və təhlükəsizlikdir. Ötən dəfə Parisdə bir araya toplandığımızdan bəri kosmos çox məşğul sahədir desəm, mübaliğəyə yol vermərəm. “James Webb” teleskopundan möhtəşəm təsvirləri görmüşük. Çin öz Orbital Kosmos Stansiyası olan “Tianqonq”un tikintisini tamamlayıb. Hazırda bu kosmik stansiya heyətlə təchiz olunaraq orbitdə tam fəaliyyətdədir. NASA, ESA və onların təchizatçıları bizi Aya aparacaq “Artemis-1” missiyasını müvəffəqiyyətlə başa vurublar. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı “Çandrayaan-3” peykini ayın səthinə endirib. IASS kommersiya operatorları ilə üzərimizdə beynəlxalq tərəfdaşlıq apararaq uğurla fəaliyyət göstərməyə davam edir. “Space Industries” şirkəti bəşəriyyətin iddialı planları olan Aya qayıtmaq, Marsa və ondan o tərəfə getmək üçün texnologiyanı müvəffəqiyyətlə inkişaf etdirir. Bu, sadəcə, ötən ilin bir neçə əlamətdar hadisəsidir. Kosmos sahəsində çoxlu işlər görülür və bundan sonra bu sahə daha da məşğul olacaq. Bu maraqlı həftə ərzində öyrənəcəyiniz kimi, bu sahə çox sürətlə irəli gedir.

74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etdiyiniz üçün IAF adından sizə təşəkkürümü bildirirəm. Hərəkətə keçin, işinizi paylaşın, əlaqələr yaradın, həm də əylənin. Ümid edirəm ki, yerli mədəniyyətlə və Xəzər dənizinin gözəl sahilində yerləşən Bakı şəhəri ilə tanış olmaq imkanınız olacaq.

İndi Çinin Kosmik Stansiyası “Tyanqonq”dan bu xüsusi videonu sizinlə paylaşmaq istəyirəm. Buna görə Çinin Milli Kosmik Administrasiyasına, Çinin Astronavtlar Cəmiyyətinə və CMSE təşkilatına dərin təşəkkürümü bildirirəm.

x x x

Sonra Çinin Milli Kosmik Stansiyasının astronavtlarının videomüraciəti oldu.

Çinli astronavtlar: 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları, biz sizi Çinin Kosmik Stansiyasından salamlayırıq. Mən Çin astronavtı Cinq Haipenqəm. Mən Çin astronavtı Ju Yanqjuyam, mən də Çin astronavtı Qui Haiçaoyam. Biz hazırda “Şencou” kosmik gəmisinin 16-cı uçuş missiyasını həyata keçiririk. Ötən iki il ərzində Çinin Kosmik Stansiyası orbitdaxili konstruksiya işlərini tamamlayıb və yeni utilizasiya və inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycanın paytaxtı Bakı şəhərində Beynəlxalq Astronavtika Konqresinin uğurla təşkil edilməsi münasibətilə heyət adından təbriklərimizi çatdırıram. Ötən 70 il ərzində Beynəlxalq Astronavtika Konqresi dünya miqyaslı mötəbər kosmik mütəxəssisləri davamlı olaraq bir araya gətirib və burada əsas məqsəd qlobal kosmik sənayedə əlaqələri gücləndirmək, bütün bəşəriyyət naminə qətiyyətli ismarış olan birlik, sülh və əməkdaşlığı çatdırmaqdır.

Beynəlxalq Astronavtika Federasiyasının kosmik tədqiqata sadiq və bir olan icma daxilində dostluq üçün körpülərin aşılması kimi irsi var. Bu il sonuncu dəfə yarım əsr bundan əvvəl - 1973-cü ildə keçirildikdən bəri Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır. 24-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyevin rəhbərliyi dövründə Bakıda müvəffəqiyyətlə keçirilib. Bu tarixi şəkildə gənc İlham Əliyev atasını Konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə fotosu çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərib.

Şəkildə də təsvir olunduğu kimi, insanların kosmik missiyanı irəli aparması ardıcıl nəsillər tərəfindən davamlı dəstək tələb edir. Bəşəriyyətin sülhü sarsılmaz təqib etmək istəyi dəyişməz qalmaqla, yarım əsrin bir anda keçməsi ilə qlobal kosmik sənayedə sürətli transformasiyalar baş verib. Biz səmimi-qəlbdən ümid edirik ki, iştirakçı heyətlər bir həftə boyunca davam edən tədbirdə təcrübə və informasiya mübadiləsi aparacaq, tərəfləri əməkdaşlığa sövq edəcək və qlobal kosmik sənayenin genişlənməsinə şərait yaradacaqlar.

Gəlin, kainatı kəşf etmək və qlobal kosmik sənayenin çiçəklənməsini və tərəqqisini təşviq etmək üçün birlikdə işləyək. Gəlin, kosmosla bağlı bəşəriyyətin gələcəyinə dair ortaq baxışın, eyni zamanda, yerdə də insanlıq üçün gözəl vətənin yaradılması ideyasının irəlilədilməsi naminə səylərimizi birləşdirək. Əziz dostlar, sizə uğurlar arzulayıram, sağ olun.

x x x

Klay Mouri: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə kiçik bir sürprizimiz var. Onun və atasının hələ də kosmosda olan şəkli Çinin “Tianqonq” kosmik stansiyasından nümayiş olundu. Bununla belə, NASA-nın böyük dəstəyi sayəsində Beynəlxalq Kosmik Stansiyaya göndərilmiş və Yerə qaytarılmış ikinci bir şəkil də var. Dörd digər atributla birlikdə olan bu hədiyyəni cənab Prezidentə təqdim edəcəyik. Hazırda gördüyünüz həmin dörd atributun təsviridir. Zati-aliləri cənab İlham Əliyevi səhnəyə dəvət etmək istəyirik.

x x x

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və oğlu İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Azərbaycan Prezidentinə təqdim etdi.

x x x

Klay Mouri: Qonaqpərvərliyə görə Zati-alinizə bir daha təşəkkür edirəm. İndi isə NASA tərəfindən göndərilmiş qısa videoçarxı böyük məmnuniyyətlə sizə təqdim etmək istəyirəm.

x x x

Amerikalı astronavtlar: Sizi Beynəlxalq Kosmik Stansiyadan salamlayırıq. Mən NASA astronavtı Casmin Moqbeliyəm, bu da həmkarım NASA astronavtı Loral Oharadır və yeddi nəfər ekipaj üzvləridir. Orbitdəki bu möhtəşəm laboratoriyada missiyamızın erkən mərhələsindəyik və biz Yer üzərindən 260 mil məsafədə uçuruq. Kosmik stansiya bəşəriyyətin vacib tədqiqat mərkəzidir, mən və ekipaj üzvlərim bütün bəşəriyyətin faydası üçün dünya səviyyəli tədqiqatla məşğuluq. Beynəlxalq Kosmik Stansiya növbəti iki ay ərzində iki əlamətdar hadisəni qeyd edəcək. Noyabrın 2-də biz insanın fəzada daimi mövcudluğunun 23-cü ildönümünü qeyd edəcəyik. Dekabrın 6-da isə kosmik stansiyanın tərəfdaşları bu gün nəhəng kompleksin ilk iki elementi olan “Zarya” və “Unity” modullarının birləşməsinin 25-ci ildönümünü qeyd edəcəklər. Ekipajımız hər gün Yer kürəsində həyatı yaxşılaşdırmaq üçün birlikdə işləyən Beynəlxalq Kosmik Stansiyanı fərqləndirən xüsusiyyət olan qlobal tərəfdaşlığı təcəssüm etdirir. Bakıda bu tədbirdə iştirak edən hər birinizə məhsuldar Konfrans keçirilməsini arzulayırıq. Bu gecə səmaya baxanda biz sizə əl edəcəyik.

x x x

Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Beynəlxalq Astronavtika Federasiyasının hörmətli prezidenti.

Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Azərbaycana, Bakıya xoş gəlmisiniz. Əlli ildən sonra Konqres burada yenidən keçirilir. İlk olaraq, Konqresin Azərbaycanda təşkil edilməsi şərəfinə layiq görüldüyümüz üçün Beynəlxalq Astronavtika Federasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, mütəmadi dəstəyə görə Beynəlxalq Astronavtika Akademiyasına və Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutuna təşəkkür edirəm.

Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır.

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.

Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir.

Bununla yanaşı, bizim Avropa institutları ilə də əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Bu, tam açıq gündəlikdir və artıq qeyd etdiyim kimi, əməkdaşlığa və daha geniş regional iştirak və inklüzivliyə yönəlib.

Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.

Hesab edirəm ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.

Əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.

Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib.

Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.

Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir.

Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.

Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.

Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı.

Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.

Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq.

Nəzərə alsaq ki, qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir səfər edir, mən sizə bəzi rəqəmlərlə bağlı məlumat vermək istərdim. Hesab edirəm ki, həmin rəqəmlər Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirir. Beləliklə, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.

Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.

Ümid edirəm ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Bəli, bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32 yaşımız var.

Yekunda bir daha söyləmək istərdim ki, biz Konqresə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda keçirilmişdir. Mən bütün qonaqlarımıza və xüsusən də, mənə əziz olan fotonu kosmosa çıxaran cəsur Çin astronavtlarına çox minnətdaram. Bu, sanki onu göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm.

Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır. Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm və Konqresə uğurlar arzulayıram.

x x x

Sonra bir sıra nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olundu.

ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) elm üzrə sabiq köməkçisi Tomas Zurbuxen Azərbaycanın 50 il əvvəl bu mötəbər tədbirə ev sahibliyi etdiyinə diqqət çəkərək dedi: Mən İsveçrə dağlarında böyümüşəm və kosmosa dair baxdığım ilk televiziya şousu Amerika kapsulu ilə sovet kapsulunun birləşməsi ilə bağlı olub. Bu plan 50 il əvvəl məhz burada - Bakıda işlənib hazırlanıb.

x x x

Tədbirə xüsusi qonaq qismində dəvət olunmuş israilli yazıçı, tarixçi, Qüds İvrit Universitetinin professoru Yuval Noah Harari insanlar tərəfindən yaradılmış süni intellektin hələ inkişafının çox erkən mərhələsində olduğunu vurğulayaraq dedi: On min illər ərzində bizim kimi insanlar Yer planetində dominantlıq ediblər. Əgər biz 50 il geriyə qayıdıb burada - Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilsəydik və ya daha 700 il geriyə qayıdıb Nəsrəddin Tusinin yaxınlıqda tikdirdiyi rəsədxanaya gedə bilsəydik, orada bütün mühüm aspektlərdən bizimlə eyni olan insanlarla rastlaşardıq. Lakin tezliklə bu planetdə insanların dominantlığı erası başa çata bilər.

x x x

Açılış mərasimi konsert proqramı ilə davam etdi.

x x x

Qeyd edək ki, 2022-ci il mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə “Akıncı” pilotsuz uçuş aparatının üzərinə imza atmışdılar.

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Selçuk Bayraktar həmin pilotsuz uçuş aparatının kiçikölçülü maketini dövlətimizin başçısına hədiyyə etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo