12:50
“Normativ hüquqi aktlar” informasiya sistemi haqqında ƏSASNAMƏ
06 oktyabr 2023, 17:49
Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 6 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Normativ hüquqi aktlar” informasiya sisteminin (bundan sonra – Sistem) formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə “Elektron Hökumət İnformasiya Sistemi” (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının, habelə Sistemlə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistemin formalaşdırılmasının məqsədi rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə aşağıdakıları təmin etməkdir:
1.2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən həyata keçirilən normayaratma fəaliyyətinin optimallaşdırılmasını, keyfiyyətinin və operativliyinin yüksəldilməsini;
1.2.2. normativ hüquqi akt layihələrinin hazırlanmasının, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmasının və yuxarı orqanlara təqdim olunmasının elektron qaydada həyata keçirilməsini, “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsini;
1.2.3. Sistemdə saxlanılan sənədlərin (məlumatların) sistemliliyini və əlçatanlığını, analitik təhlilinin aparılmasını və hesabatların hazırlanmasını;
1.2.4. bu Əsasnamənin 1.2.2-ci yarımbəndində qeyd edilən fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsini.
1.3. Sistemdə formalaşdırılan, yaradılan, əldə edilən, daxil edilən (ötürülən), toplanılan, mühafizə edilən və saxlanılan sənədlər (məlumatlar) Azərbaycan Respublikasının mülkiyyətidir.
1.4. Fərdi məlumatların Sistemdə toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunan funksiyaların təmin edilməsidir. Fərdi məlumatların Sistemdə işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.5. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Sistemdən istifadə ödənişsizdir.
1.7. Sistemin formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həll edilir.
1.8. Sistemdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirrini əks etdirən normativ hüquqi akt layihələrinin hazırlanmasına, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasına və yuxarı orqanlara təqdim olunmasına yol verilmir.
2. Əsas anlayışlar
2.1. Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Sistem üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, Sistemin aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
2.1.2. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə Sistemin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vasitəsilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi;
2.1.3. iştirakçı – Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlət orqanları (qurumları);
2.1.4. elektron kabinet – Sistemin iştirakçısını Vahid Giriş Sistemi vasitəsilə identikləşdirməklə, tapşırıqların daxil edilməsini, onların icrası üzrə bu Əsasnamənin 1.2.1-ci yarımbəndində qeyd edilən fəaliyyətin həyata keçirilməsini, həmçinin sahib və operatorun Sistem iştirakçıları ilə qarşılıqlı əlaqəsini, sənəd (məlumat) mübadiləsi aparılmasını təmin edən fərdi elektron səhifə.
2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
3. Sistemin fəaliyyət prinsipləri
3.1. Sistem Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla formalaşdırılır və aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
3.1.1. istifadə rahatlığı – Sistemdən istifadənin və məlumat mübadiləsinin əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
3.1.2. fasiləsizlik – Sistemdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;
3.1.3. operativlik – Sistemdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı proseslərinin sürətli şəkildə həyata keçirilməsi;
3.1.4. şəffaflıq – Sistemin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.
4. Sistemin texniki-texnoloji infrastrukturu
4.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
4.1.2. telekommunikasiya qurğuları və kanalları;
4.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
4.1.4. ehtiyat nüsxələr;
4.1.5. test mühiti.
4.2. Proqram-texniki vasitələr və proqram təminatı Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə həmin Sistemdən istifadəni və məlumat mübadiləsini təmin edir.
4.3. Sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir. Sistemdə, qurulma topologiyasına uyğun olaraq, telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
4.3.1. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları sahibin aidiyyəti strukturları tərəfindən;
4.3.2. Sistemdə toplanılan məlumatların, eləcə də həmin məlumatların ehtiyat nüsxələrinin saxlanılması məqsədilə “Hökumət buludu”na ötürülməsinin, eləcə də məlumat mübadiləsinin təşkili üçün mərkəzləşdirilmiş mühafizə olunan telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən.
4.4. Sistemdə formalaşdırılan, Sistemə daxil olunan və mübadilə edilən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
4.5. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
4.6. Sistemin fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistemdə toplanılan məlumatlar, o cümlədən onların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
4.7. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.
4.8. Sistemə qeyri-qanuni daxilolmalar və ya müdaxilələr həyata keçirildikdə, operator qeyd edilən əməllərə yol verən istifadəçilərin Sistemə girişini sahibə məlumat verməklə məhdudlaşdırır.
4.9. Elektron kabinetə daxil olan məlumatlar barədə eyni zamanda dövlət orqanının (qurumunun) rəsmi elektron poçt ünvanına və müvafiq kompüterdə olan istifadəçi ekranına Sistem vasitəsilə bildiriş göndərilir.
5. Sistemə daxil edilən və ötürülən sənədlər (məlumatlar)
5.1. Sistemə bu Əsasnamənin 9.3–9.6-cı bəndlərində qeyd edilən sənədlər (məlumatlar) daxil edilir. Sistemə EHİS üzərindən ötürülən, eləcə də həmin Sistem vasitəsilə sorğu edilən məlumatlar aşağıdakılardır:
5.1.1. dövlət orqanının (qurumunun) adı, rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı;
5.1.2. dövlət orqanının (qurumunun) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda);
5.1.3. dövlət orqanının (qurumunun) telefon nömrələri;
5.1.4. dövlət orqanının (qurumunun) vəzifəli şəxsinin soyadı, adı və atasının adı;
5.1.5. dövlət orqanının (qurumunun) vəzifəli şəxsinin fərdi identifikasiya nömrəsi (FİN).
5.2. Sistemlə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) həmin Sistemə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən onların elektron kabinetləri vasitəsilə daxil olunaraq, təkmil sertifikatlı gücləndirilmiş elektron imzaları ilə təsdiq edilir.
5.3. Sistemdə tərtib olunan elektron sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunur və rəsmiləşdirilir.
6. Sahibin vəzifə və hüquqları
6.1. Sahibin aşağıdakı vəzifələri vardır:
6.1.1. Sistemin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. Sistemə çıxışı olan, habelə Sistemin aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.3. tələb edilən sənədlər barədə məlumatlar digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbirlər görmək.
6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.2.2. Sistemin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət emək;
6.2.3. Sistemdə dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora tapşırıqlar vermək və onların həyata keçirilməsinə nəzarət etmək.
7. Operatorun vəzifə və hüquqları
7.1. Operatorun aşağıdakı vəzifələri vardır:
7.1.1. Sistemin informasiya təhlükəsizliyini Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və sahiblə birlikdə təmin etmək;
7.1.2. Sistemin monitorinqi və auditi üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yerində baxış keçirməsinə şərait yaratmaq, bu məqsədlə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş məlumatları (sənədləri) həmin Xidmətə təqdim etmək;
7.1.3. fərdi məlumatların Sistemdə işlənilməsinin və mühafizəsinin fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
7.1.4. yaranan elektron təhlükələr barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək və birgə tədbirlər həyata keçirmək;
7.1.5. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının, konfidensiallığının təmini, habelə həmin məlumatların, informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
7.1.6. Sistemin mühafizəsinin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün tədbirlər görmək;
7.1.7. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda, həmin Sistemin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün zəruri tədbirlər görmək;
7.1.8. Sistemin fəaliyyətinin idarə olunması, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
7.1.9. Sistemdən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışlar təşkil etmək;
7.1.10. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.11. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.12. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, bunların təkmilləşdirilməsinə dair profilaktik iş aparmaq;
7.1.13. aidiyyəti dövlət orqanlarının (qurumlarının) və sahibin təklifləri, habelə öz təşəbbüsü əsasında Sistemdə dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;
7.1.14. sahibin müraciəti, habelə öz təşəbbüsü əsasında, normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;
7.1.16. bu Əsasnamənin 7.1.7-ci yarımbəndində qeyd edilən hallar barədə sahibi məlumatlandırmaq;
7.1.17. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və Qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;
7.1.18. aidiyyəti dövlət orqanlarının (qurumlarının) Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) sorğular vermək və həmin dövlət orqanlarından (qurumlarından) belə məlumatları (sənədləri) almaq;
7.2.2. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;
7.2.3. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
7.2.4. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.5. Sistemdən sərbəst və maneəsiz istifadə, eləcə də onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;
7.2.6. Sistemlə məlumat mübadiləsində iştirak edəcək digər dövlət informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə məsələ qaldırmaq;
7.2.7. Sistemin parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.8. sahiblə razılaşdırmaqla iştirakçıların Sistemə giriş imkanını ləğv etmək və ya məhdudlaşdırmaq.
8. İştirakçıların vəzifə və hüquqları
8.1. İştirakçıların aşağıdakı vəzifələri vardır:
8.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı sənədləri (məlumatları) vaxtında və dolğun şəkildə sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarına və sistemlərinə, eləcə də Sistemə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlığa və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. Sistemdən, habelə həmin Sistemdə olan sənədlərdən (məlumatlardan) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. Sistemdə saxlanılan sənədlərdə (məlumatlarda) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;
8.1.8. sahibin və operatorun Sistemə daxil etdikləri və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.9. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.10. sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək;
8.1.11. sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarının və sistemlərinin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;
8.1.12. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və operatora, o cümlədən aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək;
8.1.13. öz təşəbbüsləri, habelə sahibin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) əsaslandırılmış təklifləri əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişiklik və təkmilləşdirmələr aparmaq.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün operatora sorğu vermək və ya ondan belə məlumatları (sənədləri) almaq;
8.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və operatora təkliflər vermək.
9. Sistemdən istifadə qaydası
9.1. Dövlət orqanlarının (qurumlarının) Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bunun üçün hər bir dövlət orqanının (qurumunun) möhür hüquqlu və təkmil sertifikatlı gücləndirilmiş elektron imzası olan rəhbər vəzifəli şəxsi tərəfindən məsul struktur bölməsinin əməkdaşı Sistemdə qeydiyyatdan keçirilir və Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetinə daxil olaraq Sistemdən istifadə edir.
9.2. Sistemdə normativ hüquqi akt layihələrinin hazırlanması, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılması və yuxarı orqanlara təqdim olunması ilə bağlı proseslər icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnaməyə uyğun olaraq təşkil edilir.
9.3. Normativ hüquqi akt layihələrinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulan tapşırıqlar Sistemə “Dövlət Nəzarəti İnformasiya Sistemi” ilə inteqrasiya olunmaqla daxil edilir.
9.4. Tapşırığın icraçısı, o cümlədən əsas icraçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edildikdə, habelə Azərbaycan Respublikasının Konstitusiya qanunu və ya qanunu daxil olduqda, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən sərəncamda nəzərdə tutulan tapşırıqlar Sistemə daxil edilir. Bu zaman sərəncamın adı, növü, nömrəsi, tapşırığı nəzərdə tutan struktur elementi, tapşırığın məzmunu, icra müddəti, əsas və digər icraçıları qeyd edilir, icrasının təmin edilməsi məqsədilə qəbul edildiyi Azərbaycan Respublikasının Konstitusiya qanunu, qanunu və ya Azərbaycan Respublikası Prezidentinin aktı ilə əlaqələndirilir, olduğu təqdirdə qeydlər əlavə edilir, habelə sərəncamın surəti yüklənilir.
9.5. Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən iclasın nəticələrinə əsasən Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabinetinin aktları layihələrinin təkmilləşdirilməsi zərurəti yarandıqda, həmin layihələrin hazırlanması barədə tapşırıqlar və keçirilmiş iclasın protokolu da Sistemə daxil edilir.
9.6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi akt layihələrinin hazırlanması və ya yenidən işlənilməsi ilə əlaqədar göndərilən təklif, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsi ilə bağlı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında normativ hüquqi akt layihələrinin hazırlanması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tapşırıq verilməsi də Sistem vasitəsilə təmin edilir.
9.7. Azərbaycan Respublikasının Nazirlər Kabineti və digər dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmağa göndərildiyi andan EHİS-də, lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid normativ hüquqi aktların layihələri həmçinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilir. Bu zaman Sistemdə elektron kabinet vasitəsilə EHİS-ə və “Lisenziyalar və icazələr” portalına keçid edilərək, layihə üzrə tələb edilən məlumatlar həmin informasiya sisteminə (portala) daxil olunur.
9.8. Dövlət orqanlarının (qurumlarının) təşəbbüsü əsasında hazırlanan normativ hüquqi akt layihələri də, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin tələbləri nəzərə alınmaqla, Sistem vasitəsilə hazırlanır, razılaşdırılır və yuxarı orqanlara təqdim edilir.
9.9. Normativ hüquqi akt layihəsi dövlət orqanlarının (qurumlarının) təşəbbüsü əsasında hazırlandıqda, təşəbbüs göstərən dövlət orqanı (qurumu) razılaşdırma müddətini və razılaşdırılacaq aidiyyəti dövlət orqanlarını (qurumlarını) seçməklə, habelə zəruri hesab etdiyi sənədləri əlavə etməklə layihəni Sistem vasitəsilə münasibət bildirilməsi üçün göndərir. Həmin normativ hüquqi akt layihələrinin razılaşdırılması, habelə EHİS-də və “Lisenziyalar və icazələr” portalında yerləşdirilməsi bu Əsasnamənin 9.7-ci bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.10. Mərkəzi icra hakimiyyəti orqanları özlərinin qəbul etməli olduğu normativ hüquqi aktların layihələrinin digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını Sistem vasitəsilə həyata keçirirlər. Bu zaman mərkəzi icra hakimiyyəti orqanları razılaşdırılma müddətini və razılaşdırılacaq aidiyyəti dövlət orqanlarını (qurumlarını) seçməklə, habelə zəruri hesab etdikləri sənədləri əlavə etməklə layihələri Sistem vasitəsilə münasibət bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərirlər. Həmin normativ hüquqi akt layihələrinin razılaşdırılması, EHİS-də və “Lisenziyalar və icazələr” portalında yerləşdirilməsi bu Əsasnamənin 9.7-ci bəndi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.11. Mərkəzi icra hakimiyyəti orqanlarının bu Əsasnamənin 9.10-cu bəndinə uyğun olaraq razılaşdırıldıqdan sonra qəbul olunan normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan sənədlərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.
9.12. Normativ hüquqi aktların layihələrini əsas icraçı olan dövlət orqanı (qurumu), vizalanma müddətini və viza verəcək aidiyyəti dövlət orqanlarını (qurumlarını) qeyd etməklə, vizalanması üçün Sistem vasitəsilə digər icraçı dövlət orqanlarına (qurumlarına) göndərir.
9.13. Normativ hüquqi aktların layihələrinə Sistemdə təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə viza verilir.
9.14. Razılaşdırılma və ya vizalanma müddəti başa çatdıqda, layihəyə irad və təkliflərini bildirməyən və ya viza verməyən dövlət orqanının (qurumunun) elektron kabinetinə layihənin həmin dövlət orqanı (qurumu) ilə razılaşdırılmış və ya vizalanmış hesab edildiyi barədə Sistem tərəfindən dərhal məlumat göndərilir və konkret tapşırıq üzrə layihəyə irad, təklif və ya viza verilməsi imkanı məhdudlaşdırılır, habelə layihənin avtomatik olaraq razılaşdırıldığı dövlət orqanları (qurumları) barədə əsas icraçı dövlət orqanının (qurumunun) elektron kabinetinə məlumat göndərilir.
9.15. Normativ hüquqi akt layihələri ilə bağlı işlər yekunlaşdıqdan sonra layihələr Sistem vasitəsilə aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10