Təbrik Quliyevdən, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident!
Bu gün xalqımız öz tarixinin ən qürurlu günlərini yaşayır. Siz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli strateji inkişaf xəttini müasir dünyamızın reallıqlarına uyğun şəkildə davam etdirərək xalqımıza böyük nailiyyətlər qazandırırsınız. Məqsədyönlü siyasətiniz nəticəsində ölkəmiz milli dövlətçilik tarixinin ən qüdrətli dövrünə qədəm qoymuş, beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları ilə böyük bir coğrafiyada həlledici söz sahibinə çevrilmişdir. Müdrik rəhbərliyinizlə dövlətimiz bütün inkişaf parametrləri baxımından tarixinin tamamilə yeni mərhələsinə qədəm qoymuşdur. Sizin rəhbərliyinizlə ötən 20 ildə Azərbaycan dövləti o qədər böyük uğurlara imza atmışdır ki, kənardan baxanlar ölkəmizə sadəcə həsəd aparırlar. Son 20 ildə bütün sahələrdə davamlı və dayanıqlı inkişafa nail olan Azərbaycan öz uğurları ilə ən möhtəşəm nümunələr, xariqələr yaradıb, regionda lider, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Bu 20 ilin hər bir səhifəsi, hər bir mərhələsi xalqımızın arzularının real ifadəsidir. Ona görə haqlı olaraq bu gün biz respublikamız barədə danışarkən tarixin ən qüdrətli Azərbaycanından bəhs edirik.
Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdınız. İşğal olunmuş ərazilərimiz Sizin sayənizdə azad edildi. Siz bizə ən xoş günlərimizi Qarabağ torpaqlarının işğaldan azad edilməsi, Qələbəmizin təmin olunması xəbərlərini çatdırmaqla yaşatdınız, vətən həsrətimizə son qoydunuz.
Cənab Prezident, ölkəmizin bütün bölgələri kimi, Sumqayıt şəhəri də Sizin yüksək diqqət və qayğınız sayəsində böyük inkişaf dövrünü yaşayır. Bugünkü Sumqayıt Ulu Öndər Heydər Əliyevin və Sizin arzuladığınız bir şəhərdir. Sizin ardıcıl və məqsədyönlü fəaliyyətiniz nəticəsində Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə, abad, gözəl və firavan şəhərinə çevrilib.
Fürsətdən istifadə edərək, ölkəmizə qazandırdığınız uğurlara, şəhərimizə olan sonsuz diqqət və qayğınıza görə Sumqayıtın çoxminli əhalisinin Sizə minnətdarlığını, dərin hörmət və ehtiramını çatdırmaqdan qürur hissi keçirirəm.
Cənab Prezident, Zəfər imzalı qüdrətli Lider, Sizi ölkəmizə rəhbərliyinizin 20 illiyi münasibətilə Sumqayıt şəhər ictimaiyyəti, o cümlədən YAP Sumqayıt şəhər təşkilatının fəalları adından təbrik edirəm.
Uca Tanrı Sizi qorusun!
Hörmətlə,
Quliyev Təbrik,
Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.