13 sentyabr 2012, 09:20

Şahverdi Əhmədovdan, Laçın, Azərbaycan

Cənab Prezident!

Əvvəlcə onu qeyd edirəm ki, sağlamlığım icazə vermədiyi üçün Sizə bu məktubda yazılan ürək sözlərimi öz əllərimlə yaza bilmirəm. Bir tərəfdən də xoşbəxtəm ki, Yaradan mənə 100 il yaşamağı qismət etmişdir. Hələ də gözlərimin nuru var və mütləq sonda bu məktubu özüm də oxuyacağam. Qismətim bu 100 ildə həm də 3 müharibənin ağrı-acısını çəkmək olmuşdur. Uşaqlığım 1-ci dünya müharibəsinə, gəncliyim 2-ci dünya müharibəsinə, qocalığım isə Qarabağ müharibəsinə təsadüf edib və bu müharibələrdən yetərincə “pay” düşüb mənə. Bu məktubu Sizə ünvanlamaqda məqsədim bu halımdan şikayət etmək deyil. Düzdür, qaçqın həyatı sürürük, amma şükürlər olsun ki, həmişə mənim qayğıma qalırlar. Məqsədim Sizin bu yaxınlarda atdığınız bu cəsur addımdan mənim nə qədər sevindiyimi yazmaq və Sizə öz dərin təşəkkürümü bildirməkdir.

Cənab Prezident!

Allah mənə bu qədər ömür bəxş etdiyi üçün bir gün bu dünyadan köçəcəyimdən qorxmuram. Amma bircə narahatçılığım doğma Laçınımızı görmədən bu dünyadan köçmək idi. Sizin mərdliyiniz, qeyrətiniz, siyasətiniz nəticəsində igid oğlumuz Ramil Səfərovun Azərbaycana gətirilərək əfv olunduğu xəbərini eşitdim. Elə bil mənə dünyanı bağışladılar. Artıq bir neçə gündür ki, özümü yaxşı hiss etməyə başlamışam.

Hörmətli Prezident!

Sonda onu söyləyim ki, Azərbaycan xalqına bu sevinci yaşatdığınız üçün və mənə bü ümidi verdiyiniz üçün Sizə öz adımdan, ailəmiz aldından dərin təşəkkürümü bildirirəm. İnanıram ki, bir gün gələcək elə Ramil Səfərovun dönüşü kimi biz də öz torpaqlarımıza dönəcəyik. Mənə də Sizin Laçın rayonuna səfər etməyinizi eşitmək nəsib olacaq. Bir daha Sizə işlərinizdə müvəffəqiyyət arzu edirəm və ağsaqqal xeyir duası verirəm. İşiniz avand olsun!

Hörmətlə,

Əhmədov Şahverdi Behbud oğlu, Şəki rayonu Qızılarx kəndində müvəqqəti məskunlaşmış Laçın rayonundan 100 yaşlı məcburi köçkün.

Azərbaycan Respublikası, Şəki rayonu, Qızılarx kəndi.