Kamran Musayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Səhiyyə sahəsində fəaliyyətimə yüksək qiymət verərək məni “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu təltifi təkcə mənim əməyimə deyil, eyni zamanda Mərkəzi Klinikanın kollektivinin gördüyü işlərə, bütövlükdə ölkəmizin kardiologiya və kardiocərrahiyyə ictimaiyyətinə verilən yüksək mükafat hesab edirəm.
Möhtərəm Prezident, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun layiqli davamçısı kimi, 20 ildən artıq bir müddətdə ölkəmizə rəhbərlik etdiyiniz dövr tariximizə qızıl hərflərlə yazılır. Belə ki, əsrlərlə xalqımızın xəyal etdiyi hadisələr məhz Zati-aliləriniz tərəfindən reallığa çevrilir. Otuz ilə yaxın bir müddətdə işğal altında olmuş torpaqlarımız Sizin misilsiz xidmətləriniz və düşünülmüş, üzaqgörən və səbirli siyasətiniz sayəsində azad olundu, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu müddət ərzində xalqımız təkcə ərazi bütövlüyünü deyil, tapdanılmış qürurunu bərpa etdi, bir xalq kimi mənəvi cəhətdən bütövləşdi. Bu müqəddəs anları xalqımıza yaşatdığınız üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün istiqamətlərində, o cümlədən səhiyyə sahəsində sürətli inkişaf baş verir. Səhiyyəmizin peşəkar tibbi kadr potensialının formalaşması, müasir tibbi texnika və texnologiyalarla təchiz olunmuş çoxsaylı səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə xalqımıza göstərilən tibbi xidmətin həm kəmiyyət, həm də keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması bu siyasətin məntiqi nəticəsidir.
Xalqımızın hər bir nümayəndəsi kimi, mən də əminəm ki, Sizin yüksək şəxsi keyfiyyətləriniz, intellektiniz, zəngin idarəetmə təcrübəniz, tükənməz işgüzarlıq və təşkilatçılıq qabiliyyətinizə söykənən fəaliyyətiniz Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaq.
Sizi əmin edirəm ki, mən də Sizin rəhbərliyiniz altında səhiyyəmizin inkişafı istiqamətində bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Allah Sizi qorusun, möhtərəm Prezident!
Dərin hörmətlə,
Musayev Kamran Kazım oğlu,
Əməkdar həkim, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.