Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dünyanın tanınmış siyasi xadiminə və rəşadətli Ali Baş Komandana salamlarımızı çatdırır, tarixin misilsiz Zəfər bayramı - Qarabağın düşmən işğalından azad edilməsi, suverenliyimizin tam bərpa olunması və Dövlət Bayrağı Günü münasibətilə təbriklərimizi ünvanlayırıq.
Şükürlər olsun ki, Azərbaycan xalqı öz tarixinin ən möhtəşəm dönəmini - Vətən müharibəsindəki Qələbənin və Xankəndidə Dövlət Bayrağının ucaldılmasının qürurunu yaşayır. Biz, din xadimləri fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, bütün dünyada Qarabağın Fatehi kimi tanınan Zati-aliləri Ali Baş Komandan cənab İlham Əliyevdir. Tariximizə qızıl hərflərlə yazılan Zəfər səadəti üçün dindarların arzusu Zati-aliləri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım üçün dualar etmək, xeyirli arzular diləməkdir. Otuz il ərzində işğal altında qalmış əzəli torpağımız Qarabağın, İslam dünyasının mədəniyyət mərkəzi Şuşanın, ümdə niyyətimiz olan Xankəndinin və Xocalının işğaldan azad edilməsi, beynəlxalq hüquqa uyğun olaraq suverenliyimizin tam bərpası fövqəladə siyasi qələbə və böyük əhəmiyyətli tarixi hadisədir. Zati-alinizin ucaltdığı Azərbaycan Bayrağı, şanlı Zəfərimizin üçüncü ildönümünün Xankəndidə və Şuşada keçirilməsi öz torpaqlarına, milli-mənəvi dəyərlərinə, mədəni irsinə sahib çıxan müzəffər xalqın Uca Allahın xeyir-duası ilə, rəşadətli Ordusunun gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsi deməkdir. Bu möhtəşəm məqamı sonsuz qürur hissi ilə bizə yaşatdığınıza görə dindarlarımız Sizinlə fəxarət duyur, Rəbbimizə həmd-sənalar edirlər.
Zati-aliləri, Qarabağ bölgəsinin qısa zamanda yenidən qurulması, işğaldan azad olunmuş Şuşanın 2023-cü ildə türkdilli dövlətlərin mədəniyyət mərkəzi, 2024-cü ildə "İslam mədəniyyəti paytaxtı" elan edilməsi, suverenliyimizin tam bərpası - bunların hamısı Zati-alinizin yenilməz iradəsi və əzmi sayəsindədir. Dövlətimizin iqtisadi və siyasi qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, milli-mənəvi dəyərlərimizin təbliği naminə gördüyünüz fövqəladə xidmətlərə görə hər zaman dindarlarımızın xeyir-dualarındasınız. Zati-alinizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı, xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicini, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasını bir daha təsdiqləyir. Əsrlər boyu Azərbaycanda yaşayan xalqlar və etnoslar yaradılan münbit şərait sayəsində öz mənəvi mədəniyyətlərini, dini etiqad azadlıqlarını qoruyub saxlayır və inkişaf etdirirlər. Bu gün dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı Vətən müharibəsindəki "dəmir yumruq" kimi yenə də Sizin ətrafınızda birləşməyə hazırdır. Biz əminik ki, multikultural ənənələrimiz sayəsində azərbaycançılıq məfkurəsinə sadiq qalan, etnik və dini müxtəlifliyə mənsub Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamaları bilavasitə Sizin siyasi müdrikliyinizin təzahürüdür.
Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə Sizə Uca Yaradandan yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə uğurlar diləyirik. Qələbənin qazanılması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan oğullarına rəhmət diləyir, qazilərə şəfalar arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqqın qalibiyyəti daim Zati-alinizlə olacaqdır. Zəfərimiz mübarək olsun!
Uca Yaradan hər zaman Sizi, Azərbaycan dövlətini və xalqını qorusun! Amin.
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Azərbaycanda fəaliyyət
göstərən dini konfessiyaların Məşvərət Şurasının sədri,
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,
Arximandrit Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi,
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi,
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,
Robert Mobili
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri.