İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin mətbuata birgə bəyanatı

07 sentyabr 2012, 15:25

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab baş katib!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Sizi bir daha ölkəmizdə salamlamaq istəyirəm. Çox şadam ki, Azərbaycana səfər edirsiniz. Biz sizin ölkəmizə səfərinizə böyük əhəmiyyət veririk. Bu, tərəfdaşlıq və dostluğumuzun rəmzidir. Mən, həmçinin bu ilin fevralında Brüsseldə keçirdiyimiz görüşümüzü xatırlayıram. Bizim qarşılıqlı maraq doğuran məsələlər ətrafında çox səmimi və açıq müzakirələrimiz oldu. NATO ilə Azərbaycan arasında bu fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir. Azərbaycan NATO-nun çox etibarlı tərəfdaşıdır. Mən, həmçinin Şimali Atlantika Şurasının üzv dövlətlərinin səfirləri ilə keçirdiyim görüşü və apardığımız müzakirələrdən sonra onların şərhlərini xatırlayıram. Bu şərhlərin hamısı ölkəmiz haqqında müsbət mövqe yaradırdı. Bu, göstərir ki, ikitərəfli səviyyədə üzv dövlətlərlə də bizim olduqca konstruktiv münasibətlərimiz vardır. Azərbaycan ilə NATO-ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir. Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir.

Biz bir çox məsələlər üzərində çalışırıq. O məsələlərdən biri Əfqanıstandakı vəziyyətdir. İlk günlərdən Azərbaycan sülhməramlı əməliyyatlarda iştirak edib və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfə verib. Əfqanıstandakı hərbçilərimizin sayını 2 dəfə artırmışıq. Biz yerləşdirmə, tranzit, logistika, o cümlədən hava məkanından istifadə dəstəyi ilə töhfəmizi də veririk. Bu gün Əfqanıstana göndərilən qeyri-hərbi yüklərin 30 faizindən çox hissəsi Azərbaycan ərazisi ilə daşınır. Biz fəaliyyətimizi davam etdirməyə hazırıq. Cənab baş katibin bu gün qeyd etdiyi kimi, 2014-cü ildən sonra da bu işlər davam etdiriləcəkdir. Biz 2014-cü ildən sonra da proseslərin inkişafında iştirak etməyə hazırıq. Biz, həmçinin təlim proqramlarında, qeyri-hərbi yardım proqramlarında iştirak edirik. Biz əfqan milli ordusunun qəyyumluq fonduna yardım etmişik və əlavə yardımların göstərilməsi ilə bağlı bəyanat vermişik. Başqa sözlə desək, bu əməkdaşlıq çox səmimi və açıqdır və ortaq dəyərlərə əsaslanır. Biz əlimizdən gələni edəcəyik ki, əfqan dostlarımız qarşılaşdıqları çətinlikləri aradan qaldıra bilsinlər.

Bu gün biz, həmçinin regiondakı vəziyyəti, regional təhlükəsizliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO-ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində əks olunub. Azərbaycan torpaqları demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalıyıq, bu regional təhlükəni aradan qaldırmalıyıq.

Müzakirə etdiyimiz mövzulardan biri enerji təhlükəsizliyi idi. Azərbaycan bu məsələ ilə bağlı NATO-nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Biz yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaqdır. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaqdır.

Cənab baş katib! Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlamaq istəyirəm. Bu, sizin ölkəmizə ilk səfərinizdir. Biz çox şadıq ki, siz bu səfəri həyata keçirirsiniz. Bu səfər bizə NATO ilə Azərbaycan arasında daha yaxşı münasibətlər və daha sıx əməkdaşlıq qurmağa imkan yaradacaqdır. Çox sağ olun.

Baş katib Anders Foq Rasmussenin bəyanatı

-Cənab Prezident!

Söylədiyiniz xoş sözlərə və səmimi qəbula görə sizə dərin minnətdarlığımı bildirirəm. Bakıya ilk səfərimdən olduqca məmnunam. Bu, onu göstərir ki, NATO Cənubi Qafqaz regionuna sadiqdir və belə də qalacaqdır. Azərbaycan NATO üçün mühüm tərəfdaşdır. Münasibətlərimiz sabit və müsbət olaraq inkişaf edir. Biz sizin hərbçilərinizin Əfqanıstana verdiyi qəti dəstəyi yüksək dəyərləndiririk. Onlar nümunəvi xidmət göstərirlər. Siz onlarla fəxr edə bilərsiniz.

Biz hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə NATO-ya verdiyiniz siyasi dəstəyi də yüksək qiymətləndiririk. Əfqanıstanın təhlükəsizlik qüvvələrinə keçirilən təlimlərə verdiyiniz mühüm maliyyə töhfəsinə görə minnətdarıq. Biz bir yerdə razılığa gəldik ki, 2014-cü ildə beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatları başa çatdıqdan sonra da əfqan tərəfinə dəstəyimizi davam etdirək. Mən böyük məmnunluq hissi ilə Prezident Əliyevdən eşitdim ki, Azərbaycan həmin prosesdə iştirak edəcəkdir. Bu, Əfqanıstanda və regiondakı sabitlik üçün həyati əhəmiyyət daşıyır.

NATO Azərbaycana müdafiə və təhlükəsizlik islahatları sahəsində dəstək göstərir. Biz istəyirik ki, siz həmin mühüm sahələrdəki dinamikanı qoruyub saxlayasınız. Biz, həmçinin çoxlu sayda partlamamış mərmilərin zərərsizləşdirilməsində və 100 hektarlarla torpağın bundan təmizlənməsində yardım edirik. Bu, dünyada bu cür layihələrdən ən böyüyüdür və insanların marağına xidmət edən layihədir. Beləliklə, dialoqumuzun və əməkdaşlığımızın güclü çərçivəsi vardır. Biz uğurlarımızı davam etdirməkdə, illər boyu Əfqanıstanda birgə işləyərək hərbi qüvvələrimizin əldə etdiyi əməli təcrübənin artırılmasında, XXI əsrdə qloballaşan dünyada hamının üzləşdiyi təhlükəsizlik çağırışlarını birgə işləyərək aradan qaldırmaqda israrlıyıq. Bir sözlə, Azərbaycan NATO üçün və NATO isə Azərbaycan üçün dəyərli tərəfdaşlardır. Biz güclü, uzunmüddətli tərəfdaşlığı qurmaq imkanına malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19