Əli Hüseynzadədən, Bakı, Azərbaycan
Hörmətli Müzəffər Ali Baş Komandan!
Bu müraciəti hələ 2020-ci il sentyabr ayının 27-si yazmağı düşünürdüm. Lakin, sevincdən sözləri tapıb bir yerə toplaya bilmirdim, çünki baş verənlər uşaqlıqdan xəyal edərək arzuladığım və yuxularımda gördüklərimdən də gözəl və sevindirici idi. Sizin hər çıxışınızı səbirsizliklə gözləyirdim. Harada oluramsa-olum televizorun qarşısına keçib diqqətlə sözlərinizə qulaq asırdım və Sizin kimi dövlət başçımızın olması ilə fəxr edirdim. Sizin 8 noyabr çıxışınız mənim həyatımda arzu edə biləcəyim ən sevincli bir xəbər idi. O günü mən heç bir zaman unuda bilməyəcəm. Bizim bütün Azərbaycan xalqının bu yüzillikdə, bəlkə də bu minillikdə eşidə biləcəyi ən sevincli xəbər olduğunu düşünürdüm.
Müharibə dayananda Xankəndi şəhəri, Xocalı, Xocavənd, Əsgəran və digər ərazilərimiz adlarını belə çəkmək istəmədiyimiz millətdə qalanda qəlbimdə bunun üçün də Sizin bir çarə düşündüyünüzü yəqin etmişdim. Ancaq bu əraziləri belə yaxın zamanda və bir göz qırpımında – 23 saat 43 dəqiqə ərzində mənfur düşmənlərdən geri alacağımızı zənn etməmişdim. Amma bunu da Siz bacardınız. Bununla Siz çox keçmədən biz Azərbaycan xalqını növbəti dəfə sevindirdiniz. Sizin sayənizdə ərazi bütövlüyümüz bərpa olundu. Ancaq Sizin Qərbi Azərbaycan İcmasına son zamanlar xüsusi diqqət yetirməniz, Azərbaycan xalqında haqlı olaraq daha böyük arzulara inam yaradır. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin! O, bu günlərin gələcəyinə hamıdan çox inanırdı və bu günlər üçün çox əziyyət çəkmişdi. Siz və Sizin atanız müasir Azərbaycanın qurucularısınız və bunu heç kim, düşmənlərimiz də dana bilməz.
Mən və mənim kimi milyonlarla azərbaycanlı Sizə nə qədər minnətdarlıq etsə az olar. Yazdıqlarım düşündüklərimin yüzdə-biri belə deyil. Çünki Sizin Azərbaycan dövləti və Azərbaycan milləti üçün etdiklərinizi bir səhifəyə yerləşə biləcək sözlərlə ifadə etmək qeyri-mümkündür.
Sizə uzun və sağlam ömür arzu edirəm.
Hörmətlə,
Sizin əsgəriniz, başı uca Azərbaycanın vətəndaşı,
Əli Hüseynzadə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.