12:50
Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏ
22 noyabr 2023, 16:43Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 22 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Nəqliyyatı Əlaqələndirmə Şurası (bundan sonra − Şura) “Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 aprel tarixli 3854 nömrəli Sərəncamına uyğun olaraq ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində (bundan sonra – müvafiq sahədə) fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.
1.3. Şura öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, habelə digər hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Şuranın qərarlarının icrası Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir.
1.5. Şuranın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü vardır.
1.6. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
2. Şuranın fəaliyyət istiqamətləri
2.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını və təkmilləşdirilməsini təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, habelə digər hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
2.1.3. əhalinin mobilliyinin səmərəli təşkili məqsədilə tədbirlərin həyata keçirilməsini təmin etmək.
3. Şuranın vəzifələri
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Şuranın vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahənin inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə Şura üzvlərinin fəaliyyətini əlaqələndirmək;
3.1.2. nəqliyyat infrastrukturu obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və təkmilləşdirilməsi məqsədilə vəsait ayrılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək;
3.1.3. müvafiq sahədə Şura üzvü olan dövlət orqanları (qurumları) vasitəsilə monitorinqlərin keçirilməsi barədə qərar qəbul etmək;
3.1.4. yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;
3.1.5. dəmir yolu xətlərinin (stansiyalarının) və avtomobil yollarının tikintisi, genişləndirilməsi və təkmilləşdirilməsi barədə təkliflər vermək;
3.1.6. sərnişinlərin metro nəqliyyatı ilə daşınmasının keyfiyyətinin yüksəldilməsi məqsədilə metro nəqliyyatının inkişaf konsepsiyasının hazırlanmasını təşkil etmək və yeni metropoliten xətlərinin (stansiyalarının) tikintisi və təkmilləşdirilməsi barədə təkliflər vermək;
3.1.7. ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqların müəyyən edilməsi və ləğv olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
3.1.8. avtomobil yollarında sürət həddinin müəyyən olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
3.1.9. avtomobil yollarında yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi (quraşdırılması və ya çəkilməsi (o cümlədən quraşdırılma və ya çəkilmə yerinin müəyyənləşdirilməsi) barədə əsaslandırılmış qərar qəbul etmək;
3.1.10. nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;
3.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq, yol hərəkəti sahəsində görüləcək tədbirləri əlaqələndirmək;
3.1.12. piyada infrastrukturunun inkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər (parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurma məntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaq məntəqələrinin sayının artırılması və sair) görülməsini təşkil etmək və görüləcək işləri əlaqələndirmək;
3.1.13. ağır nəticəli yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri ilə bağlı Şura üzvü olan dövlət orqanlarından (qurumlarından) ümumi vəziyyəti əks etdirən məlumatlar almaq və yol-nəqliyyat hadisələrinin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə görüləcək zəruri tədbirləri əlaqələndirmək;
3.1.14. dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkilinə dair təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.1.15. maliyyələşmə üçün təqdim edilən nəqliyyat infrastrukturu obyektlərinin layihələrinə müvafiq sahəyə təsiri baxımından rəy vermək;
3.1.16. Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən nəqliyyat infrastrukturu obyektlərinin tikinti layihələrinə qanunla müəyyən edilmiş qaydada rəy verilməsi prosesinə nəzarət etmək;
3.1.17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və nəqliyyat sahəsinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək;
3.1.18. müvafiq sahədə həyata keçirilən işlər, onların zəruriliyi, məqsədi və mümkün nəticələri barədə mediada məlumat vermək;
3.1.19. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Bu Əsasnamənin 3.1.4-cü, 3.1.7 − 3.1.9-cu yarımbəndlərində göstərilən məsələlər Şuranın müzakirəsinə yalnız əhalinin mobilliyinə əhəmiyyətli təsir edən hallarda çıxarıla bilər.
4. Şuranın hüquqları
4.1. Öz vəzifələrini həyata keçirmək üçün Şuranın aşağıdakı hüquqları vardır:
4.1.1. bu Əsasnamə ilə həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar işçi qruplar və komissiyalar yaratmaq, onların işinə aidiyyəti dövlət orqanlarını (qurumlarını), müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrini və qeyri-hökumət təşkilatlarını cəlb etmək;
4.1.2. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular vermək, onlardan belə sənədləri (məlumatları) almaq;
4.1.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı aidiyyəti üzrə təkliflər vermək;
4.1.4. Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqinin aparılmasını təmin etmək;
4.1.5. Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilmiş tədbirlər barədə, eləcə də yol-nəqliyyat hadisələrinin monitorinqinin nəticələrinə dair məlumatlar almaq;
4.1.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müzakirəyə təqdim olunan hüquqi aktların layihələrinə rəy bildirmək;
4.1.7. müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və Azərbaycan Respublikasında tətbiqi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək;
4.1.8. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
4.1.9. Şuranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
4.1.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Şuranın fəaliyyətinin təşkili
5.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
5.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:
5.2.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;
5.2.2. Şuranın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;
5.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
5.2.4. Şuranın qərarlarını, onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
5.2.5. Şuraya daxil olan müraciətlərə baxılmasını təmin edir;
5.2.6. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarım ildən sonrakı ayın 30-dək hesabat verilməsini təmin edir;
5.2.7. Şuranın iclaslarında qəbul olunmuş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər təşkil edir;
5.2.8. Şuranın Katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir, Şuranın Katibliyinə bu Əsasnamənin 3-cü və 4-cü hissələrində nəzərdə tutulan qərarların qəbulu və tədbirlərin görülməsi üçün təhlillərin və monitorinqlərin aparılması və müvafiq hesabatların təqdim edilməsi barədə tapşırıqlar verir;
5.2.9. Şuranı təmsil edir;
5.2.10. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işlər görür.
5.3. Şura sədrinin hüquqları aşağıdakılardır:
5.3.1. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün xahişi əsasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini və digər şəxsləri Şuranın iclaslarında iştirak etməyə dəvət etmək;
5.3.2. Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
5.4. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini Şura sədrinin müəyyənləşdirdiyi Şura üzvlərindən biri həyata keçirir.
5.5. Şura üzvlərinin vəzifələri aşağıdakılardır:
5.5.1. Şuranın fəaliyyəti ilə bağlı məlumatları Şuranın sorğularına əsasən tam və vaxtında təqdim etmək;
5.5.2. Şuranın qərarlarının və digər sənədlərin icrası ilə bağlı tədbirlər görmək;
5.5.3. Şuranın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.
5.6. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:
5.6.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;
5.6.2. Şuranın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;
5.6.3. Şuranın iclaslarının gündəliyi, eləcə də Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təklif vermək;
5.6.4. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;
5.6.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək.
5.7. Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Şuranın Katibliyi həyata keçirir. Şuranın Katibliyinin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
5.8. Şuranın Katibliyinin tərkibini Şuranın sədri müəyyən edir.
5.9. Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:
5.9.1. Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
5.9.2. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;
5.9.3. Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;
5.9.4. Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, müstəqil ekspertləri və mütəxəssisləri, habelə elm və təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Şuranın iclaslarına dəvət edir;
5.9.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;
5.9.6. imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatlar və digər zəruri məlumatlar əldə edir, onları təhlil edərək ümumiləşdirir;
5.9.7. Şuranın iclas protokollarının və qərarlarının surətlərini Şura üzvlərinə, habelə qərarlardan çıxarışları aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;
5.9.8. Şuranın iclaslarında qəbul olunmuş qərarların, o cümlədən imzalanmış digər sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;
5.9.9. Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə zəruri sənədlər və məlumatlar barədə sorğular verir, onlardan belə sənədləri (məlumatları) alır;
5.9.10. Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;
5.9.11. Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.
5.10. Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada keçirilə bilər. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
5.11. Şuranın iclasları Şuranın sədri tərəfindən çağırılır və ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.
5.12. Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
5.13. Şuranın iclaslarının nəticəsi Şuranın sədri və iclasda iştirak edən üzvlər tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
5.14. Şuranın qərarlarının icra vəziyyəti barədə məlumat bu Əsasnamənin 5.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan hesabata daxil edilir.
5.15. Şuranın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumat Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən Şuranın rəsmi internet saytında yerləşdirilir.
5.16. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
12:50
12:15
12:00
11:50
16:19
Zati-həzrətləri,
Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin...
16 noyabr 2024, 16:1914:09
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda...
15 noyabr 2024, 14:0913:50
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...
15 noyabr 2024, 13:5011:00
Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman...
15 noyabr 2024, 11:0015:33
14:35
14:12
14:10