23 noyabr 2023, 13:22

Elmar Cəfərov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

8 Noyabr - Zəfər Günündə qədim yurdumuz Xankəndi şəhərində hər bir azərbaycanlının qəlbini dağa döndərən hərbi paradı qəbul edərkən dosta sevinc, düşmənə dağ vuran, ürəyimizdən "tikan çıxaran” tarixi çıxış etdiniz.

O gün Sizin zəkanızın, istedadınızın, vətənpərvərliyinizin və fədakarlığınızın yüksək təntənəsi bütün dünyaya nümayiş olundu. Zati-alinizin timsalında Azərbaycan xalqının necə bir qüdrətli xalq olduğunu bir daha hər kəs gördü.

O gün Ulu Öndər Heydər Əliyevin ruhu şad idi. Çünki Azərbaycan dünyaya bir daha Günəş kimi doğdu. O gün müqəddəs torpaqlarımız, Qarabağımız naminə həyatdan köçən on minlərlə Vətən nisgilli narahat ruhların şad olduğu bir gün idi. O gün hər birimiz sözlə ifadə edilə bilməyəcək tərzdə bəxtəvər, qürurlu idik. Bu xoşbəxt anları bizə bəxş etdiyiniz, əsrlərdir ki, xalqımızın həsrətində qaldığı Vətən torpaqlarının bütövlüyü və tamlığını özünə qaytardığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Cənab Prezident!

Bir ay öncə 38 ailənin yaşadığı Şuşa şəhərciyi, Nərimanov küçəsinin ümumi uzunluğu 320 metr olan yolun asfaltlanması ilə bağlı Sizə kollektiv müraciət ünvanlamışdıq. Müraciəti yazarkən hər birimizin qəlbində bir rahatlıq, ümid var idi ki, özünü büsbütün xalqının firavan həyatına, qüdrətli Azərbaycanın tərəqqisinə həsr edən Prezidentimiz bizim də dərdimizə əlac edərək, rahat həyat şəraitinə qovuşmamıza öz töhfəsini verəcək.

Belə də oldu. Həmişə olduğu kimi, bu dəfə də özünüz də vurğuladığınız kimi, hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etdiniz. Müraciətimizdən 1 ay müddət keçməmiş həsrətlə gözlədiyimiz xoş xəbər gəldi. Sizin qayğınız nəticəsində qısa müddət ərzində keyfiyyətli asfaltlanma işi həyata keçirildi, uzun illər çəkdiyimiz əziyyətlərə son qoyuldu.

Əziz Prezidentimiz!

Allah Sizdən və bu xeyirxah işdə zəhməti keçən aidiyyəti qurumların hər bir əməkdaşından razı olsun. Bu gün özümüz və bütün ailə üzvlərimiz, övladlarımız bu gözəl, səliqəli yoldan zövq alaraq Sizə ürəkdən dua edirik. Qəlbimizdə böyük hörmət, ehtiram və təşəkkür hissi aşıb-daşır. Ən əsası isə Lideri olduğunuz qüdrətli Azərbaycanın vətəndaşları olmaqdan qürur hissi keçiririk. Bizə bəxş etdiyiniz sevinc dolu anlara görə dərin təşəkkürümüzü bildirir, uca Allahdan Sizə sağlamlıq, xoşbəxtlik nəsib etməsini diləyirik.

Bir daha Zati-Alinizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün biz də öz işimiz, fəaliyyətimiz, vətəndaş həmrəyliyimizlə daim Sizin siyasətinizə sadiq qalacaq, var gücümüzlə bu istiqamətdə çalışacağıq.

Dərin hörmətlə,

Cəfərov Elmar,

Behbudov Ayxankamal, Vətən müharibəsi veteranı,

Əliyev Rəşad, Birinci Qarabağ müharibəsi veteranı,

Məmmədov Xəlil, Çernobıl əlili,

Mustafayev İlya,

Rzayev Kərim, Birinci Qarabağ müharibəsi veteranı,

Cəfərov Gəray, Birinci Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.