24 noyabr 2023, 14:10

Seymur Əhmədovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən şəhid Məftun Əhmədzadənin atasıyam. Oğlum 2022-ci il sentyabrın 13-də Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub, doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilib. Dövlətimiz və xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutur, şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunub.

Oğlum məftunun xatirəsi əbədiləşdirilib, Tərtər şəhərində küçələrdən birinə onun adı verilib. Həmin küçədə abadlıq işləri aparılıb, kommunikasiya xətləri bərpa edilib, yol asfaltlanıb, küçənin girişində oğlumun barelyefi quraşdırılıb. Sizin Sərəncamınızla oğlum ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Cənab Prezident, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya ailəmiz adından minnətdarlığımızı bildirirəm. Sizin komandanlığınız altında oğullarımızın canı-qanı bahasına torpaqlarımız öz azadlığına qovuşdu. Siz məğlubedilməz Sərkərdə və varlığı ilə qürur duyduğumuz Prezidentimizsiniz!

Hörmətlə,

Əhmədov Seymur Əvəz oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Tərtər rayonu, Evoğlu kəndi.