“Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27 dekabr 2023, 16:26

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. tikintiyə icazə və istismara icazə icraatı da daxil olmaqla şəhərsalma və tikinti inzibatçılığının, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi və rəqəmsal texnologiyaların yaratdığı imkanlar nəzərə alınmaqla, təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:

4.1. “Şəhərsalma Nəzarəti” altsisteminin formalaşdırılmasını 2026-cı il yanvarın 1-dək təmin etsin;

4.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin altsistemə çıxışını təmin etsin;

4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həmin altsistemin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görsün;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

5.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;

5.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin və “Şəhərsalma Nəzarəti” altsisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

6. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin “Elektron Tikinti Portalı” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları 2024-cü il yanvarın 1-dən, “Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50