Təranə Əhmədovadan, Bakı, Azərbaycan
Möhtərəm və sevimli Prezident!
Bu məktubu yazmaqla az da olsa xoş sözlərimi Sizə çatdırmaq istədim. Torpaqlarımız işğal edildikdən və əzizlərimizi itirdikdən sonra daxilimdən sevinc hissi yox olmuşdu. Üstəlik Ramil Səfərovun həbsi dərdimi daha da böyütmüşdü. Sanki həbs edilən o deyil, bizlər idik. Bacardığım göz yaşları içində dua etmək olmuşdu. Lakin, Sizə ümidim böyük idi. Bu inam hələ unudulmaz liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyəti dövründən yaranmışdı.
Nəhayət, bu il avqustun 31-də eşitdiyim şad xəbər, and olsun ki, məni yenidən həyata qaytardı. Sayənizdə gözlərimə işıq, qəlbimə sevinc doldu. Allah Həzrət Əlinin gücünü qolunuza, qılıncının kəsərini sözünüzə verib daim Sizi qalib etsin. Bu millətə sahib çıxdığınız, onun qayğısını çəkdiyiniz üçün Allah Sizi ailənizlə birlikdə sevib-sevindirsin və sevdirsin. Bu uğurunuz milyonlarla insana sevinc bəxş etmişdir. Böyük diqqət göstərib Ramil Səfərovu azad etdiyiniz üçün bütün xalqın adından arzu edirəm ki, Uca Rəbbim Sizə uzun ömür, cansağlığı, davamlı uğurlar və əsl xoşbəxtlik əta etsin. Həmişə qalib olasınız! Milyonları sevindirdiyiniz üçün Allah Sizi sevindirsin! Amin!
Mən inanıram ki, bir gün Heydər Əliyev siyasətinin, onun zəkasının, gücünün təntənəsi olaraq Qarabağımızı da azad edəcək, bu xoş xəbərlə millətimizi növbəti dəfə sevindirəcəksiniz.
Bu millət Sizin üçün dua edir! Allah Sizi qorusun!
Hörmətlə,
Əhmədova Təranə Müzəffər qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi.