19 yanvar 2024, 14:00

Akif Alaferdovdan, Bişkek, Qırğızıstan

Hörmətli cənab Prezident.

Qırğızıstanda yaşayan azərbaycanlılar, o cümlədən ötən əsrin 30-cu illərində repressiyaya məruz qalaraq Qırğızıstana köçürülən azərbaycanlıların övladları 30 ilin həsrətinə son qoyan tarixi Qələbəyə görə Sizə minnətdarlıqlarını bildirirlər.

Qarabağda ucaldılan Zəfər bayrağı hər birimizin qürur mənbəyinə çevrildi, tarixi Vətənimizə görə fəxrlə, başı uca gəzməyin xoşbəxtliyini yaşadıq. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 23 saat davam edən antiterror tədbirləri Sizin necə müdrik siyasətçi, diplomat və görkəmli sərkərdə olduğunuzu bir daha bütün dünyaya nümayiş etdirdi.

Sizin cəsarətiniz, uzaqgörənliyiniz, vətənpərvərlik və liderlik keyfiyyətləriniz Qələbəmizin əsasıdır. Müharibə illərində xarici informasiya kanallarına verdiyiniz 30-dan çox müsahibə, ətraflı və əsaslandırılmış cavablar, dünyada milyonlarla insanın Azərbaycan və münaqişə haqqında anlayışının dəyişilməsinə xidmət etdi. Siz atanızın - Ümummilli Lider Heydər Əliyevin layiqli övladı olduğunuzu bir daha sübut etdiniz.

Bu gün Sizin səylərinizlə cənnət Qarabağın gözəlliyi xarabalıqlardan təmizlənir, yenidən doğulur və tezliklə çiçəklənən diyara çevriləcəkdir.

Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, ölkəyə rəhbərliyiniz dövründə Azərbaycan böyük inkişaf yolu keçib, bütün dünyada nüfuz qazanıb. Bu gün Azərbaycan öz inkişaf tempinə görə Avropa ölkələri ilə müqayisə oluna bilər.

Qırğızıstanda yaşayan azərbaycanlılar bu ölkə ilə əməkdaşlığı gücləndirdiyinizə görə Sizə minnətdardırlar, bu gün ikitərəfli qarşılıqlı fəaliyyət strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Qırğız Respublikasında yaşayan azərbaycanlılar Sizin siyasətinizi tam dəstəkləyir, fəaliyyətinizin davamı hər birimizin ümumi istəyi və mövqeyidir.

İlk dəfə olaraq Azərbaycanda Prezident seçkiləri respublikanın bütün suveren ərazisində keçiriləcək. Biz bütün Azərbaycan vətəndaşlarını 2024-cü il fevralın 7-də keçiriləcək səsvermədə fəal iştirak etməyə və bu tarixi prosesin bir hissəsi olmağa çağırırıq.

Hörmətlə,

Alaferdov Akif,

“Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi.

Qırğız Respublikası, Bişkek şəhəri.