Rayon gənclərindən, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi növbədənkənar prezident seçkilərində parlaq qələbə çalmağınız münasibətilə Salyan gəncləri adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ölkəmizin daha da çiçəklənməsi naminə şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu gün Sizin rəhbərliyiniz altında Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür. Sizin dəfələrlə səsləndirdiyiniz kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən, Sizə olan yüksək sevgidən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında və 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlərində özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu.
Hörmətli cənab prezident!
Seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirilməsi hamı kimi biz salyanlı gəncləri də çox sevindirdi. Biz Salyan gəncləri Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, daim Sizinlə birlikdəyik. Ölkəmizdə parlaq sabaha hesablanan gənclər siyasətinin uğurla davam etdirilməsində Salyan gəncləri daim Sizinlə birgə addımlayacaqdır.
Hörmətlə,
Əliyev Əlişir,
Məmmədova Gülnaz,
Nağıyeva Gülşən,
Ələsgərova Ayşən,
Quliyev Heydər və başqaları (108 nəfər),
Azərbaycan Respublikası, Salyan rayonu