Nazirlər Kabinetinin iclasında İlham Əliyevin yekun nitqi
10 oktyabr 2012, 18:50
- İlin sonuna qədər üç aydan az bir vaxt qalır. Əminəm ki, qalan müddət ərzində bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapacaqdır. Xüsusilə Dövlət İnvestisiya Proqramının icrası yekunlaşacaqdır. Çünki Dövlət İnvestisiya Proqramı ölkə iqtisadiyyatının inkişafı üçün deyə bilərəm ki, əsas rolunu oynayır, ildən-ilə bu proqram böyüyür. Həm həcmi böyüyür, həm yeni istiqamətlər üzə çıxır. Ona görə, hesab edirəm ki, ilin sonuna qədər uğurlu iqtisadi inkişafımız davam edəcəkdir. Biz gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün müəyyən etməliyik. Əslində bunu müəyyən edirik. Elə etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq qalsın.
Mən giriş sözümdə qeyd etdim ki, hətta dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu göstərici əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn il də inflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün bizim əlimizdə kifayət qədər geniş mexanizmlər, vasitələr, alətlər vardır. Bu sahədə əldə edilmiş nəticələr xüsusi məna daşıyır. Çünki ölkə iqtisadiyyatına verilən maliyyə ildən-ilə artır. Həm dövlət büdcəmiz artır, eyni zamanda, bu il inflyasiyaya təkan verə biləcək çox ciddi siyasi qərar qəbul edilmişdir. Sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsi başlamışdır və bildiyiniz kimi, hər bir yeni pul kütləsi bazara çıxdıqda istər-istəməz inflyasiya riskləri də artır. Ancaq baxmayaraq ki, böyük məbləğdə vəsait artıq vətəndaşlara verilir, inflyasiya aşağı səviyyədədir. Yəni, bu, bizim böyük rezervlərimizi, düşünülmüş makroiqtisadi siyasət aparılmasını göstərir və ümumiyyətlə iqtisadi sahədə bizim düzgün siyasətimizə dəlalət edir.
Ona görə biz bu məsələ ilə daim məşğuluq və müvafiq qurumlar, iqtisadi qurumlar, Mərkəzi Bank məsələni daim nəzarət altında saxlayır. Elə etməliyik ki, gələn il də inflyasiya riskləri minimum səviyyədə olsun.
Biz son aylar ərzində, eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə də ciddi məşğul olmuşuq. Əfsuslar olsun ki, son illərdə Azərbaycan təbii fəlakətlərlə üzləşir. İki il əvvəl böyük daşqın baş vermişdir. Bu il böyük zəlzələ baş vermişdir. Mən zəlzələ zonasında iki dəfə olmuşam. Zəlzələ baş verdikdə və keçən ay. Artıq işin gözəl nəticələrini gördüm. Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 milyon manatdan çox vəsait ayrılmışdır. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində biz bu məsələni də tam şəkildə həll edək. Ancaq bu, çox böyük iş həcmi deməkdir. Minlərlə ev dağıldı, yararsız vəziyyətə düşdü və Azərbaycan dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürmüşdür. Mən bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Daşqın, zəlzələ zamanı biz çalışmalıyıq ki, bu sahədə də mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək. Yəni, bunun vaxtı gəlib çatıb və onu da demək istəyirəm ki, heç bir dövlətdə, yəni inkişaf etmiş dövlətlərdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması, yəni o mənada ki, evlərin tikintisi heç zaman dövlət büdcəsi vəsaitinə həll edilmir.
Bütün evlər sığortalıdır. Hər bir vətəndaş öz evini sığortalayır. Ondan sonra xoşagəlməz hal baş verdikdə sığorta şirkəti onun bütün kompensasiyalarını ödəyir. Əlbəttə, heç kim təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç bir ölkə onun qarşısını ala bilməz. Ona görə, hesab edirəm ki, biz indidən bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Yeni sistem tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı konkret təkliflər verməlidir. Əlbəttə, cəmiyyətdə maarifləndirmə işləri də aparılacaqdır, digər tədbirlər də görüləcəkdir. Biz bu məsələni birdəfəlik həll etməliyik, çünki hər dəfə dövlət bu məqsədlər üçün yüzlərlə milyon manat məbləğində vəsait ayırır. Bu, əlbəttə ki, həm dövlət büdcəsinə əlavə yükdür, eyni zamanda, əslində o qədər də ciddi, sistemli yanaşma deyildir. Sadəcə olaraq, biz yenə də öz sosial siyasətimizi aparmaqla, insanların ağır vəziyyətə düşməsini nəzərə almaq şərti ilə bu addımları atırıq. Əslində artıq hər şey sistemə oturmalıdır və əminəm ki, biz bu sahədə də lazımi sistemi yarada biləcəyik.
Məcburi köçkünlərin yerləşdirilməsi prosesi gedir. Bu il bu məqsədlər üçün Neft Fondundan rekord məbləğ – 300 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsaitlə yeni qəsəbələr salınır. Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, doğrudan da biz insanlara sevinc bəxş edirik, onları ağır vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik. Hesab edirəm ki, biz gələn il də ən azı bu səviyyədə vəsait ayırmalıyıq. 300 milyon manat böyük məbləğdir və gələn il də köçkünlərin yerləşdirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük tədbirlər görüləcəkdir. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər vardır. Əlbəttə, “çadır şəhərciyi” anlayışı artıq 5 ildir ki, silinibdir. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik, eyni zamanda, uşaq bağçaları ilə də bağlı bizim böyük planlarımız vardır.
İndi Bakı şəhərində bütün uşaq bağçaları təmir edilir və göstəriş verilmişdir ki, yeni bağçalar tikilsin. Çünki mövcud imkanlar tələbatın yalnız 20 faizini ödəyir. Uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O vaxt əhalinin sayı o qədər çox deyildi. Əhali artır, tələbat artır və valideynlər görəndə ki, artıq uşaq bağçalarında vəziyyət çox yaxşıdır, əlbəttə, istəyirlər ki, uşaqlarını oraya versinlər, amma fiziki imkanlar yoxdur. Əvvəllər uşaq bağçalarının vəziyyəti elə ağır idi ki, heç bir valideyn uşağı oraya vermək istəmirdi. İndi vəziyyət dəyişib. Buna görə, gələn ilin İnvestisiya Proqramında uşaq bağçalarının tikilməsi və bəlkə də mövcud bağçaların yanında yeni korpusların inşası məsələlərinə baxmalıyıq. Çünki bu, çox əlamətdar haldır ki, - mən daim bunu qeyd edirəm və görürəm, - həm məktəblər, həm uşaq bağçaları tikilərkən onların ərazisi çox böyük götürülmüşdür. Bu, sovet dövrünün çox müsbət siyasəti idi. İndi o ərazilərdə yeni korpuslar tikilməlidir və tikilir əslində. Eyni zamanda, yeni yerlər də müəyyən edilməlidir. Ona görə, biz bu məsələlərlə ciddi şəkildə məşğul olacağıq və əminəm ki, növbəti illərdə daha da böyük uğurlar əldə ediləcəkdir.
Regionlarda infrastruktur layihələrinin icrası sürətlə gedir. Artıq biz hər istiqamət üzrə konkret proqramlar çərçivəsində işləyirik. Həm qazlaşdırma prosesi gedir, mən bölgələrdə olarkən daim maraqlanıram – qazlaşdırma necə gedir, içməli su layihələri necə icra edilir?!
Demək olar ki, hər şey cədvəl üzrə gedir. Bu yaxınlarda biz Zərdab rayonunda artıq birinci içməli su layihəsinin reallaşdırılmasını qeyd etmişik. Artıq bir neçə gündən sonra Zərdab şəhərinin sakinləri təmiz mənbədən götürülən saf içməli suya malik olacaqlar.
Bu, doğrudan da böyük və tarixi hadisədir. Növbəti müddətdə bütün rayon mərkəzləri, bütün şəhərlər içməli su ilə təmin ediləcəkdir. Bunu etmək üçün konkret tapşırıqlar verilib və bu məqsədlərə çatmaq üçün gələn ilin İnvestisiya Proqramında kifayət qədər böyük məbləğ nəzərdə tutulmuşdur.
Bununla bərabər, regional infrastruktur layihələri ilə bağlı digər istiqamətlər üzrə işlər sürətlə gedir. Həm magistral yollar, həm də şəhərlərarası yollar və kənd yolları tikilir. Deyə bilərəm ki, bu il kənd yollarına müasir Azərbaycan tarixində ən böyük vəsait qoyulmuşdur. Hər bir bölgədə kənd yolları tikilir və onlarla kənd, şəhərlər, rayon mərkəzləri bir-biri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir. Çünki bir neçə bölgədə mənə müraciət olunarkən qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə, o zaman bu bölgənin turizm imkanları açılacaqdır. Çünki turizmin inkişafı üçün kənd yolları əsas şərtdir. Nəzərə almalıyıq ki, bizdə turizm yerləri dağlıq ərazilərdədir, bəzi hallarda o gözəl, mənzərəli yerlərə çatmaq üçün insanların imkanı olmur. Ona görə, biz bu məsələlərə fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və kənd yollarının bəziləri dövlət büdcəsi, bəziləri isə Prezidentin ehtiyat fondu hesabına tikilir.
Biz gələn il də eyni yanaşmanı tətbiq etməliyik.
İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, əlbəttə, kanalizasiya məsələləri prioritet təşkil edir. Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük, böyük güclər yaradılıbdır, elektrik stansiyaları tikilibdir. Ancaq paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyildir. Ona görə, hesab edirəm ki, artıq əsas yükü paylayıcı xətlərə yönəltməliyik, xüsusilə bölgələrdə. Çünki Bakı şəhərində görülən tədbirlər nəticəsində bu məsələ demək olar ki, əsaslı şəkildə öz həllini tapmışdır. Yeni infrastruktur layihələrinin icrası nəticəsində artıq çox mükəmməl sistem yaranmaqdadır. Bölgələrdə isə paylayıcı xətlər lazımi səviyyədə deyildir. Mən də bunu görürəm – bəzi hallarda taxta dirəklər üzərində. Külək əsən kimi həmin dirək aşır, xətt qırılır və insanlar əziyyət çəkirlər. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər görməliyik. Hökumətə tapşırıram ki, konkret proqram təşkil edilsin. İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz əksini tapmalıdır.
Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də Azərbaycanda uğurla həll edilir. Bu məsələyə də biz kompleks şəkildə yanaşırıq, lazımi təhlil aparılır. Bizim daxili imkanlar, daxili bazarın potensialı araşdırılır və qarşıya məqsəd qoyulmuşdur ki, biz özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək.
Bu məsələ ilə bağlı da biz daim fikir mübadiləsi aparırıq. Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq, pərakəndə şəkildə yox. Sistemli təhlil aparılmışdır və biz bu istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu məbləği artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların fəaliyyətini genişləndiririk, eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq.
Yəni, bu çox işlək və səmərəli mexanizmdir. Ona görə, hesab edirəm ki, biz məbləği artırmalıyıq. Xüsusilə nəzərə alsaq ki, indi bu fondda yığılan vəsaitin əksəriyyəti əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması hesabına formalaşır. Beləliklə, daha dövlət büdcəsinin vəsaitinə ehtiyac olmayacaqdır. Bir neçə ildən sonra təqribən üç yüz, bəlkə beş yüz milyon dollar sərbəst vəsait əldə edəcəyik. Bu vəsait ildən-ilə dövr edərkən biznesi stimullaşdıracaqdır. Yəni, biz hələ iki-üç il ərzində bu istiqamətə büdcə dəstəyi verməliyik. Ondan sonra artıq bu, müstəqil şəkildə öz fəaliyyətini göstərəcəkdir.
İri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlər yerinə yetirilir. Artıq iki böyük layihə icra edilməkdədir - biri Ağcabədi rayonunda, digəri Beyləqan rayonunda. İki sahənin ümumi ölçüləri beş min hektara yaxındır. Bu, yeni bir yanaşmadır və bu barədə biz dəfələrlə danışmışıq. Şadam ki, artıq bu məsələ reallaşır. Bu fermer təsərrüfatlarında məhsuldarlıq çox yüksək olmalıdır. Ən azı 40, bəlkə 50 sentner taxıl istehsal edilməlidir ki, biz növbəti üç-dörd ilə bu sahədə - buğda sahəsində də öz tələbatımızı tamamilə daxili resurslar hesabına ödəyə bilək. Belə fermer təsərrüfatlarının yaradılması prosesi sürətlə getməlidir.
İstədiyimiz məqsədə çatmaq üçün təxminən qırx-əlli böyük fermer təsərrüfatı yaratmalıyıq ki, bu da bizim bu sahədə müstəqilliyimizi tam təmin edəcəkdir. Bunun bir neçə səbəbi vardır.
Birincisi, biz öz torpaqlarımızdan səmərəli şəkildə istifadə etməliyik. İkincisi, biz böyük suvarma-meliorasiya layihələrini icra edirik. Əlbəttə, on minlərlə hektar yeni torpaqlar dövriyyəyə buraxılacaq və kəndlilər bundan səmərəli şəkildə istifadə edəcəklər.
Digər tərəfdən, bu, yeni iş yerləri, yerli istehsal, iqtisadiyyatın canlanması deməkdir. Eyni zamanda, belə olan halda biz dünyada baş verən proseslərdən də özümüzü sığortalayacağıq. Çünki hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl yığımı aşağı düşür.
İstər-istəməz bu, istehlak qiymətlərinə təsir edir və bizim vətəndaşlar da ondan sonra bunun əziyyətini çəkirlər. İndi dünyada buğdanın qiyməti böyük dərəcədə artıb. Çünki ənənəvi ixracatçı ölkələrdə istehsal kəskin şəkildə aşağı düşmüşdür, qıtlıq vardır, quraqlıq olmuşdur. Bu, istər-istəməz qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var idi ki, biz taxılı, buğdanı o kontraktlar əsasında gətirməli idik, artıq icra edilməmişdir, çünki bəzi ölkələr ixracata qadağa qoymuşlar. Biz bu asılılığı da üzərimizdən atmalıyıq, necə ki, bütün başqa sahələrdə asılılığı azaldırıq, bu sahədə də bunu etməliyik. Ona görə İnvestisiya Proqramında bu, daha da geniş şəkildə nəzərə alınmalıdır ki, yenə də deyirəm, mən maksimum götürürəm, maksimum hədəf dörd il, beş il, amma hesab edirəm ki, ondan da tez müddətdə biz bu sahədə də yerli istehsalla özümüzü 100 faiz təmin etməliyik.
Gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaqdır. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaqdır.
İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin. Başqa yerlərdən fərqli olaraq biz Dövlət İnvestisiya Proqramını yəqin ki, bu ilin sonunda qəbul etməliyik.
Çünki adətən hər ilin əvvəlində Dövlət İnvestisiya Proqramını qəbul edirik, təxminən yanvar ayında, ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Yəni, vaxt itirməmək üçün biz Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik.
Bir neçə kəlmə enerji təhlükəsizliyi ilə bağlı demək istəyirəm. Bu sahədə Azərbaycan öz təhlükəsizliyini tam şəkildə təmin edə bilmişdir. Son ayların çox gözəl hadisələrindən biri ondan ibarətdir ki, “Ümid” yatağından ilkin qaz artıq gətirilmişdir. Bu da çox gözəl göstəricidir. Qaz quyularının debitləri çox yüksəkdir. Birinci quyunun göstəriciləri çox ümidvericidir. Yəni, “Ümid” öz adını doğruldur. “Ümid” yatağının Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəşf edilməsi tarixi hadisədir. Çünki son illər ərzində ilk dəfədir ki, Azərbaycan Dövlət Neft Şirkəti təkbaşına böyük qaz yatağının işlənilməsinə nail ola bilmişdir.
Hazırda qazın hasilatı gedir, sahilə ötürülür, kondensat hasil edilir. Bu yaxınlarda Neft Şirkəti tərəfindən mənə verilən məlumata görə, “Ümid” yatağından çox keyfiyyətli kondensat hasil edilir.
Bu yatağın çox böyük əhəmiyyəti vardır. Bu, bizim enerji təhlükəsizliyimizi daha da möhkəmləndirəcəkdir. Eyni zamanda, bizim ixrac potensialımızı da genişləndirəcəkdir.
Adətən Azərbaycanın qaz resursları haqqında söhbət aparanda bəzi mütəxəssislər ancaq “Şahdəniz” yatağı haqqında danışırlar. Əlbəttə, “Şahdəniz” yatağı bizim ən böyük yatağımızdır. Ən azı bir trilyon 200 milyard qaz ehtiyatları vardır. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir. Ancaq bizim qaz resurslarımız təkcə “Şahdəniz” ilə məhdudlaşmır. Biz gələcək ixrac imkanlarımızı ancaq “Şahdəniz”də olan hasilatla məhdudlaşdırmamalıyıq.
“Ümid” yatağımız Dövlət Neft Şirkəti tərəfindən aşkarlanıb. Orada ən azı 300 milyard kubmetr qaz vardır. “Total” və “Gaz de France” şirkətləri tərəfindən “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkarlanıb. Orada da ən azı 300 milyard kubmetr qaz vardır. Yəni, biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan “TANAP” layihəsinin təşəbbüskarı olmuşdur. Çünki bizə elə qaz infrastrukturu lazımdır ki, istənilən həcmi istənilən istiqamət üzrə dünya bazarlarına çıxara bilək. Bizə kiçik ölçülü qaz kəməri lazım deyildir ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin. Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. “TANAP” layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdir.
Digər səbəb, onu da siz yaxşı bilirsiniz ki, uzun illər, bəlkə on il ərzində müxtəlif layihələr ətrafında diskussiyalar gedir. Biz görürük ki, bu diskussiyalar elə belə gedir, bunun sonu yoxdur. Yığışırlar, danışırlar, konfranslar, tədbirlər keçirilir, sənədlər imzalanıb, ortalıqda bir şey yoxdur. Biz belə işləməyə öyrəşməmişik. Biz konkret işləməyə öyrəşmişik. Ona görə, görəndə ki, bu diskussiyalar artıq sonsuz xarakter daşıyır, biz konkret qərar verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün məsələlər həll olundu. İndi dünyada “TANAP” layihəsinə böyük maraq vardır. “TANAP” layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır.
Ona görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzimizdədir. Bununla bərabər, Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülməlidir.
Bir neçə ay bundan əvvəl mən Sumqayıtda günəş panelləri istehsal edən zavodun açılışında iştirak etmişəm. Hesab edirəm ki, çox gözəl təşəbbüsdür. Bu zavodun fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda, dövlət qurumları artıq müvafiq qaydada bu zavodun imkanlarından istifadə etməli, o məhsulları almalı və günəş panelləri əsasında yeni stansiyaların tikintisinə nail olmalıdırlar. Biz gələn il artıq bu istiqamətdə daha da konkret və ciddi addımlar atmalıyıq.
Nəqliyyat sektorunda aparılan işlər barədə nazir bu gün məlumat verdi. Hər bir istiqamət - avtomobil yollarının, dəmir yollarının bərpası üzrə iş gedir. Bu da çox vacibdir. Çünki biz sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir.
Dəniz limanının, yeni aeroportların tikintisi, təyyarələrin, bərələrin alınması - bütün bunlar həll olunur. Artıq mən qeyd etdim, kənd yollarının tikintisi, geniş vüsət almışdır.
Nəqliyyat sektoru gələcəkdə də prioritet məsələlərdən biri olacaqdır. Bakı şəhərinin nəqliyyat şəbəkəsi təkmilləşdirilir və bölgələrdə çox böyük quruculuq işləri aparılır. Mən çox şadam ki, biz bu məsələnin tam həllinə çox yaxınıq. Mən giriş sözümdə qeyd etdim ki, qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bu da ölkədə gedən sənayeləşmə prosesinin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha da sürətlə getsin. Biz burada yenə də fəaliyyətimizi iki istiqamət üzrə qururuq.
Əlbəttə, bizə irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox lazımdır. Çünki bu, bizim qeyri-neft istehsalımızı artıracaq, böyük iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaranır. Ənənəvi olaraq bu mərkəzlərdə ixtisaslaşma getməlidir - Sumqayıt, Gəncə, Bakının Qaradağ rayonu. Üç əsas sənaye mərkəzi yaranmaqdadır. Əlbəttə, digər sahələrdə sənaye məsələləri ilə bağlı inkişaf proqramları vardır, amma əsas sənaye mərkəzləri bu yerlərdə olmalıdır. Yeni texnoparkların yaradılması prosesi gedir.
Artıq ilkin gözəl nəticələr vardır, digər fikirlər vardır. Yeni texnoparklar yaradılacaqdır ki, orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçik və orta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər.
Kiçik, orta sahibkarlığın stimullaşdırılması prosesi gedir, həm Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə, həm digər xətlərlə. Eyni zamanda, iri müəssisələrin yaradılması, onlara dövlət tərəfindən dəstəyin verilməsi məsələləri də çox vacibdir.
Bizim əlimizdə çox güclü alət - enerji müstəqilliyimiz, zəngin enerji resurslarımız vardır. Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimlənir. Belə olan halda, daxili istehsalı stimullaşdırmaq üçün, əlbəttə, strateji əhəmiyyətli yerli müəssisələrə güzəştli şərtlərlə enerji daşıyıcıları da verilə bilər və verilir. Biz bu məsələ ilə bağlı çox çevik siyasət aparmalıyıq. Hesab edirəm ki, daxili istehsalı gücləndirmək prioritet məsələ olmalıdır. Buna tam şəkildə nail olandan və sənaye sahəsində istədiyimizə çatandan sonra, əlbəttə ki, Dünya Ticarət Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir.
Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Çox ciddi, konkret proqramdır. Vaxt baxımından çox qısamüddətli proqramdır. Yəni, iki ilə biz Bakı qəsəbələrinin bütün problemlərini, sosial-iqtisadi infrastruktur problemlərini həll etməli idik. Biz buna yaxınıq. Hələ bir il vaxt vardır. Əminəm ki, növbəti ilin sonuna qədər bu proqram tam şəkildə yekunlaşacaq və Bakı qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həllinə nail olacağıq. Artıq verilən tapşırıqlar bunu göstərir. Bütün qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə, su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaqdır. Paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, iş yerlərinin yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş layihələr icra edilir. Yəni, biz qəsdən belə dar zaman kəsiyini götürdük ki, bu məsələni tezliklə həll edək. Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə yekunlaşmalıdır.
Şəhərimizin inkişafı ilə bağlı, - bunu Bakı sakinləri də görürlər, - böyük quruculuq, abadlıq işləri aparılır. Yeni parklar, istirahət zonaları salınır. İnsanların rahatlığı üçün çox böyük işlər görülür. Böyük parkinqlər tikilir və bu məsələ çox vacibdir. Çünki Bakı küçələrində kifayət qədər çox maşın dayanır. Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Ona görə biz bu sahədə hesab edirəm ki, ədalətli mövqe nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür. Amma parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir dənə də olsun maşın qanunsuz olaraq parkinq etməməlidir. Bütün maşınlar parkinqlərdə saxlanılmalıdır. Biz böyük parkinqlər tikirik. Heydər Əliyev Sarayının arxasında bir kilometr uzunluğunda, yüz əlli metr enində ikimərtəbəli parkinq tikilir ki, orada dörd min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. Orada ən azı iki min maşın saxlamaq mümkün olacaqdır. Mən Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə digər yerlər müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq, üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Ona görə biz bu məsələlərlə bağlı da çox ciddi məşğuluq.
Bütövlükdə ölkəmizdə bütün proseslər müsbət istiqamətdə gedir. Azərbaycan doğrudan da, böyük uğurlara nail olur. Bu yaxınlarda İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi və uğurlu keçirilməsi çox müsbət haldır. Artıq cəmi bir il ərzində, birinci Forumdan keçən dövr ərzində və ikinci Forumun yekunları bunu təsdiqlədi. Biz dünya miqyasında çox vacib bir diskussiya meydanını yarada bilmişik. O diskussiya meydanı ki, dünyanın elitası artıq ikinci dəfə Bakıda toplaşır. Bu Forum ənənəvi olaraq keçiriləcəkdir. Bu dəfə bu Forumda təmsil olunan xadimlərin çıxışları, onların fikirləri həm çox dəyərli idi və həm də onların bu Forumda iştirakı da tədbirin əhəmiyyətini böyük dərəcədə artırmışdır. On sabiq Prezident, 11 Nobel mükafatçısı, məşhur professorlar, dünya elm, mədəniyyət elitasının nümayəndələri Bakıda idilər. Altı yüz nəfərdən çox qonaq gəlmişdi. Onlar 62 ölkəni təmsil edirdilər. Yəni, bu, həm məzmun, həm mahiyyət baxımından vacibdir, eyni zamanda, ölkəmizlə tanış olmaq üçün onlara imkan yaradılmışdır. Forum öz işini yekunlaşdırandan sonra bölgələrə səfərlər təşkil edilmişdir. Dörd şəhərə səfərlər təşkil edilmişdir. Qonaqlar Naxçıvan, Lənkəran, Qəbələ və Gəncə şəhərlərinə təyyarələrlə uçdular. Yəni, bu da çox əlamətdar bir haldır. Hər bir şəhərə təyyarə ilə uçdular. Orada bütün infrastruktur, mehmanxanalar vardır, tarixi yerlərlə tanış oldular və Azərbaycan haqqında daha da dolğun təəssürat əldə etdilər. Ona görə bu, çox gözəl formatdır və şadam ki, Forumun yekunları çox müsbət oldu.
Bununla bərabər, bu il ərzində və keçən il çox ciddi hadisələr baş vermiş, Azərbaycanın dünyadakı rolunu, yerini böyük dərəcədə artırmışdır. “Eurovision” mahnı müsabiqəsi. Biz “Eurovision”un Bakıda keçirilməsinə təşəbbüs göstərməmişdik. Sadəcə olaraq, müsabiqənin şərtləri belə idi ki, o, qalib olan nümayəndələrin ölkəsində keçirilir. Yüksək səviyyədə keçirmişik. Bəlkə də ən yüksək səviyyədə keçirmişik. Öz mədəniyyətimizi və reallıqlarımızı bütün Avropaya təqdim edə bilmişik.
BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. Yüz əlli beş ölkə bizi dəstəklədi. Qoşulmama Hərəkatına üzv olduq. Bu da siyasi cəhətdən çox düzgün bir addım idi. Bu, yenə də bizim xarici siyasətimizin böyük qələbəsi idi. O təşkilata üzv olmaq və üzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, ərazi bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə nail olmaq çox böyük tarixi nailiyyətdir. Biz cəmi bir il idi ki, o təşkilatda fəaliyyət göstərirdik. Amma bu fəaliyyət o qədər fəal və Azərbaycana olan münasibət o qədər müsbət idi ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəkləmişdir. Bundan başqa, Olimpiya Oyunlarında uğurlarımız. Biz dünya miqyasında aparıcı idman dövlətləri arasındayıq. Bu da reallıqdır. Yəni, bütün bu uğurlar bizi sevindirir, düşmənlərimizi isə məyus edir.
Əminəm ki, gələcək illərdə bu meyillər daha da güclənəcəkdir. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır. Sağ olun.