21 fevral 2024, 16:15

Bəxtiyar Hüseynovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Adınız bütün xalqımıza, dövlətimizə, Vətənimizə böyük şərəf gətirir. Sizin rəhbərliyinizlə əldə etdiyimiz uğurları saymaqla qurtarmaz. Mənə elə gəlir ki, ən böyük tarixi uğurumuz Qarabağ zəfərimizdir. Bu uğur, bu qələbə keçmiş əsrləri yuxudan oyatdı. Xalqımız da ürəkdən sevinir, qəlbən öyünür. Qədirbilən xalqımızın fərəhi, cəsur Ordumuzun zəfəri Sizin müdrik siyasətiniz sayəsində mümkün olmuşdur.

Fevralın 7-də xalqımız daha bir qələbəyə imza atdı, Sizi yenidən Prezident seçdi. Mənfur düşmənə qalib gələn bir Komandanın bu adı daşımağa tam haqqı var. Bu qələbə ölkəmizdə ədalətin, suverenliyimizin və demokratiyanın zəfəridir.

Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, xoşbəxt gələcəyimiz, daha böyük qələbələrimiz naminə Sizə uğurlar, can sağlığı və uzun ömür arzulayıram.

Azərbaycanın xoş gələcəyinə səs verdiyim zaman keçirdiyim hissləri qələmə alaraq təbrikə əlavə edirəm.

 

İşıqlı sabaha ümid bağlayan,

Sevinci ümman tək coşub-çağlayan,

Xalqa qanad verən, yadı dağlayan

Yaradan əllərə səs verək bu gün!

 

Dəyişib donunu hər kənd, hər şəhər,

Hər kəs əməyilə qazanır zəfər.

Doğub talelərə qızıl bir səhər,

O nurlu səhərə səs verək bu gün!

 

Uğurdur rəhbərin hər bir əməli,

Çünki Öndər qoymuş möhkəm təməli.

Fərəhlə, sevinclə sıxsın əl-əli,

Uğurlu illərə səs verək bu gün!

 

İndidən görürük öz yolumuzu,

Doğru yolumuzu, düz yolumuzu.

Çırmayaq bir daha öz qolumuzu,

Qayğıkeş rəhbərə səs verək bu gün!

 

Açır könüllərdə min arzu-dilək,

Xalqını sevənə xalq olmuş dəstək.

Durur qarşımızda xoşbəxt gələcək,

Firavan illərə səs verək bu gün!

Aprel döyüşündə çalınan zəfər

Böyük qələbədən verdi xoş xəbər.

Xalqım son döyüşə oldu səfərbər,

Tarixi zəfərə səs verək bu gün!

 

İlk gündən güvənib haqq-ədalətə,

Rəhbər tək borcunu verir millətə.

Döndərib ölkəni lider dövlətə,

Bax, belə Liderə səsə verək bu gün!

 

Dəmir yumruğunu qaldıran zaman

Qarabağ Fatehi oldu Komandan

Vətənə bağlıyıq ürəkdən, candan

Sülh adlı dəyərə səs verək bu gün!

 

Şəhid qanı ilə yoğrulub torpaq,

Azad nəfəs alır indi Qarabağ.

Ali Baş Komandan arxamızda dağ

Qalib Sərkərdəyə səs verək bu gün!

 

Yeni nəfəs verdi, o, el-obama,

Çatdı sayəsində xalq arzu-kama.

Cənab Prezidentə, Cənab İlhama,

O müdrik rəhbərə səs verək bu gün!

 

Hörmətlə,

Hüseynov Bəxtiyar, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan Respublikası, Lənkəran rayonu, Sinovli kəndi