21 fevral 2024, 17:04

Nizami Qafarovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Prezident seçkilərində Azərbaycan xalqının böyük etimadının göstəricisi olan inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu etimad və inamın mənbəyi 2003-cü ildə xalqa verdiyiniz vədlərin, xüsusilə də ölkəmizin ərazi bütövlüyünün tam bərpasının gerçəkləşməsidir. Siz Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri olan azərbaycançılıq məfkurəsi və ümummilli dəyərlər altında Azərbaycan xalqını birləşdirərək, şanlı Ordumuzun müzəffər Ali Baş Komandanı kimi “Dəmir yumruq” iradəsini ortaya qoydunuz. Bu gün siyasi və iqtisadi asılılığı olmayan güclü Azərbaycan dövlətinin varlığı danılmazdır və bu bizi çox sevindirir. İndi isə yeni dövr başlayır və biz Azərbaycanın çiçəklənməsi yolunda Sizinləyik və Sizə inanırıq.

Çox hörmətli Prezident, qeyd etdiyiniz kimi növbəti önəmli vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın birinci hissəsinin 2026-cı ilədək başa çatdırılmasıdır. Sizin dövlətçilik maraqlarına, xalqımızın tarixi ənənələrinə və milli-mənəvi dəyərlərinə əsaslanan müdrik siyasətiniz, prinsipial mövqeyiniz və xalqımızın möhkəm iradəli birliyi nəticəsində buna da nail olunacaq. Bu Dövlət Proqramının mərhələlərindən olan infrastruktur layihələrinin tikinti prosesində iştirak edən və bununla qürur duyan “CREDIBLE” şirkətinin kollektivi adından Sizi təbrik edir və Sizinlə fəxr edirik.

Allah Sizi qorusun!

 

Dərin hörmət və ehtiramla,

Nizami Rafiq oğlu Qafarov

“CREDIBLE-ECPMO” MMC-nin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.