21 fevral 2024, 16:22

Zöhrəbanı Bayramovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi yenidən Azərbaycan xalqının dəstəyi və yüksək etimadı ilə qalib ölkəmizin Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin müdrik və qətiyyətli siyasətiniz sayəsində hazırda Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün güclü iqtisadi inkişafa, qüdrətli orduya, beynəlxalq münasibətlər sistemində böyük nüfuza malik Azərbaycan, sözün əsl mənasında, coğrafiyamızın lider ölkəsinə çevrilib. Bir müəllim kimi qeyd edə bilərəm ki, məhz Sizin rəhbərliyinizlə ölkəmizdə nümunəvi gənc nəsil formalaşıb. Qeyd etdiyiniz kimi, bu vətənpərvər, Vətənə, xalqa bağlı gənc nəsil döyüş meydanında düşməni məhv edərək tarixi torpaqlarımızı işğalçılardan təmizlədi.

Siz Qarabağı işğaldan azad etməklə, ötən il oktyabrın 15-də Xankəndidə və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaltmaqla ata vəsiyyətini yerinə yetirdiniz, şərəfli missiyanı uğurla başa vurdunuz. Fevralın 7-də tarixi şəhərimiz olan Xankəndidə səs verməklə özünüzün bildirdiyiniz kimi, erməni separatçılarının tabutuna son mismarı vurdunuz.

Artıq Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyur. Xalqımız seçkilərdə hamılıqla iştirak edərək inkişafa, tərəqqiyə, azad və firavan gələcəyə səs verdi. Cəbrayıldan olan keçmiş məcburi köçkün kimi, azad torpaqlarımıza getmək, orada aparılan quruculuq prosesinin şahidi olmaq mənə böyük qürur verir. Bu qüruru, sevinci, xoşbəxtliyi bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdaram.

Bir daha Sizi öz adımdan, ailəmiz adından səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, yeni-yeni qələbələr arzulayıram.

Dərin hörmət və ehtiramla,

Zöhrəbanı Bayramova

Əməkdar müəllim, Cəbrayıl rayonundan keçmiş məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu