Zakir Qaralovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi xalqımızın yüksək etimadı və dəstəyi sayəsində parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təhrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram!
Vətəndaşlarımızın böyük fəallıqla iştirak etdiyi bu tarixi seçkilərdə seçicilərin 92 faizdən çoxunun səsini qazanmaqla əldə etdiyiniz böyük qələbənin təməlində Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son 20 ildə nail olduğu möhtəşəm Zəfər, dinamik inkişaf, davamlı uğurlar, sabitlik və əmin-amanlıq dayanır.
Prezident seçkilərindəki inamlı qələbəniz hər birimizin - Sizi sevən, uzaqgörən daxıli və xarici siyasətinizi daim və qətiyyətlə dəstəkləyən vətəndaşlarımızın böyük sevincinə səbəb oldu. Danılmaz reallıqdır ki, dövlət başçısı seçildiyiniz ilk gündən müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ölkəmizin hərtərəfli tərəqqisinə, xalqımızın rifahının yüksəlməsinə nail oldunuz.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra şanlı tariximizin ən möhtəşəm Zəfərinin yaratdığı reallıqlar fonunda baş tutan növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasının bütün suveren ərazisində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirildi. Vətənimizin hər bir bölgəsində olduğu kimi, burada da seçicilər - öz doğma ata-baba yurdlarına qayıtmış soydaşlarımız böyük ruh yüksəkliyi və fəallıqla seçkilərdə iştirak edərək öz Qalib Liderlərinə, Qarabağ Fatehinə olan sonsuz sevgi və etimadlarını göstərdilər.
Beynəlxalq təzyiqlərə baxmayaraq, Siz heç zaman öz haqlı mövqeyinizdən geri çəkilmədiniz, tarixi ədaləti bərpa etdiniz. Sizin - xalqımızın ətrafında “Dəmir yumruq” kimi birləşdiyi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları nəticəsində Qarabağımız işğaldan azad edildi. XXI əsrin ən güclü Liderlərindən biri olaraq Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, dünya səviyyəsində söz sahibi olan dövlətə çevirdiniz, Ata vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı tam azad etdiniz, xalqımızın 30 illik həsrətinə son qoydunuz. Sizin rəhbərliyiniz altında həmin ərazilərdə genişmiqyaslı yenidənqurma, quruculuq işləri aparılır, infrastruktur bərpa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz əzəli-əbədi Azərbaycan torpaqlarına qayıdırlar. Qarabağımız canlanır, yenidən gülüstana çevrilir.
Möhtərəm Prezident!
Xalqımız əmindir ki, Siz gələcəyə istiqamətlənmiş praqmatiq dövlətçilik fəaliyyətiniz dövründə də ölkəmizin ən yüksək templərlə sosial-iqtisadi inkişafına və xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə nail olacaq.
Dərin hörmət və ehtiramla,
Qaralov Zakir, Əməkdar hüquqşünas
Azərbaycan Respublikası, Bakı şəhəri