22 fevral 2024, 13:23

Adilə Abasovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il fevralın 7-də keçirilmiş zəfər seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və quruculuq missiyanızın davamı üçün xalqın dəstəyini almağınız münasibətilə Sizi bütün qəlbimlə təbrik edirəm!

Demokratik və şəffaf şəraitdə keçirilmiş azad və ədalətli seçkilərin qanunauyğun yekunu Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial inkişafı naminə göstərdiyiniz xidmətlərə verilən qiymətin və layiqincə davam etdirdiyiniz Heydər Əliyev siyasi xəttinə bəslənən etimadın ifadəsi oldu.

Son iyirmi ildən artıq dövrdə Sizin rəhbərliyinizlə həyata keçirilən inkişaf strategiyası dövlətimizə və xalqımıza möhtəşəm uğurlar gətirmişdir. Bu gün biz tarixin ən güclü Azərbaycan dövlətinin vətəndaşları olmağımızla fəxr edirik!

Hörmətli cənab Prezident, əminəm ki, Sizə xas olan siyasi məharət və səriştə, müdriklik və uzaqgörənlik, əzm və iradə dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan bütün vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaqdır.

Tanrı Sizi qorusun!

Dərin ehtiramla,

Adilə Abasova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.