Elmar Qasımovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti və tələbələri adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının həmrəylik göstərdiyi Zəfər seçkiləri əslində xalqımızın öz qalib Liderinə minnətdarlığıdır. Siz Müzəffər Ali Baş Komandan kimi milli qürurumuzu bərpa etdiniz. Müasir dövlətçilik və müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində Azərbaycan xalqı növbəti dəfə Ulu Öndər Heydər Əliyev irsinə sədaqətini bildirdi. Zəfər seçkisində xalqımız Sizin böyük tarixi uğurlarınızın davamına səs verdi.
Bu gün doğma Azərbaycanımız Sizin xalqın birmənalı dəstəyinə arxalanan liderliyinizlə böyük nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilib.
Əminik ki, seçkilərdə qazandığınız inamlı qələbə Azərbaycanda yeni dövrün başlanğıcı, daha böyük tərəqqi dövrü kimi tarixə düşəcək.
Möhtərəm cənab Prezident!
“Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinizin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbinin kollektivi adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayır və ali vəzifənizdə yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru, Əməkdar müəllim,
Azərbaycan Respublikası, Bakı şəhəri.